“Yüksəliş” 25 nəfəri də yüksəltdi

post-img

Məlum olduğu kimi, 5 il əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Yüksəliş” müsabiqəsi təsis edilib və bundan məqsəd istedadlı gəncləri seçmək, kadr ehtiyatının inkişafı proqramına kömək etməkdən ibarətdir. Mötəbər təşkilat komitəsi hər il Azərbaycanın gələcəyini quracaq qabiliyyətli gənclərin uğurlarını dəyərləndirir. Başa çatmaqda olan 2024-cü ildə də bu ənənə davam etdirilib.

Müsabiqənin 2024-cü il üzrə qalibləri iyul ayında final mərhələsində iştirak ediblər və 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər fərqləndirilib. Əslində, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün, onların hər birinin səriştə və bacarıqları ədalətli qiymətləndirilsin deyə, qalib sayı artırılıb. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 38 yaşı var. Onların yarıya qədəri dövlət, təxminən bir o qədəri özəl, az bir qismi isə QHT-lərdə çalışır və aldıqları 20 min manat pul mükafatı hər biri üçün maddi və mənəvi stimul olub.

Son həftələr ərzində “Yüksəliş”in seçkinləri ilə çalışdıqları sahələrdə, o cümlədən də ADA Universitetində görüşlər olub. ADA-nın rektoru, professor Hafiz Paşayev çıxışı zamanı gəncləri təbrik edib və bildirib ki, bu müsabiqə ölkənin gələcək liderlərini müəyyənləşdirmək və onların şəxsi inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyətə malikdir.

İlayrıcında qaliblərdən bəzilərinin uğur yoluna nəzər saldıq. Onlardan biri – Orxan İsgəndərov Mədəniyyət nazirliyinin tabeliyindəki Kino Agentliyinin şöbə müdiridir.

–Fəxr edirəm ki, 4-cü “Yüksəliş” müsabiqəsinin qaliblərindənəm, – deyə o bildirdi. –Bu yaxınlarda AzTV-nin “2x2” verilişindəgənclərlə görüşümdə də qeyd etdim ki, addım atarkən cəsarətli olmaq, özünə güvənmək lazımdır. Şadam ki, mən fərqlənməyi bacara bilmişəm.

Müsabiqədə qalib gələnlərdən biri də Fərid İsayevdir. O dedi:

–Mən 2-ci müsabiqədə qələbə qazananlardanam. Bakalavr təhsilimi Sumqayıt Dövlət Universitetində, magistratura təhsilimi isə İqtisadiyyat Universitetində almışam. Xaricdə müasir idarəetmə proqramlarını öyrənmişəm. Hazırda çalışdığım sahədə yüksəliş səylərimi davam etdirirəm. Ölkəmizdə çəkilən zəhmətin gələcəkdə bir neçə mislində qarşılığının olduğunu öz təcrübəmdə görmüşəm.Arzu edirəm ki, qarşıdan gələn 2025-ci il də hər kəs üçün uğurlu olsun!

Salman Babazadə:

–Azərbaycan Dövlət Neft və SənayeUniversiteti neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə bakalavriat, ADA Universitetində biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili almışam. Azərkosmosda aparıcı satış meneceri vəzifəsində çalışıram. Həmçinin, Xəzər Universitetində sahibkarlıq, innovasiyaların, satışın və strategiyanın idarəolunması fənləri üzrə müəllim kimi fəaliyyət göstərirəm.

Daha bir qalib – Ayaz Məmmədov dedi:

–Ötən həftə İctimai Radioda yayımlanan “İdarəetmənin Əsasları” verilişində qonaq olarkən də bildirdim ki, bu müsabiqəyə qoşulmağın əsas üstünlüklərindən biri təcrübə mübadiləsi, müxtəlif komandalarda işləmək, peşəkar və həmfikir insanlarla əlaqə yaratmaq imkanıdır. Yarışma həm də idarəetmə bacarıqlarını gücləndirmək, məqsədə çatmaq üçün ədalətli mübarizədə özünü sınamaq fürsətidir. Qoy, gənclər belə sınaqlara qoşulsunlar, fərqlənsinlər. Çünki bu, sabahımızın daha etibarlı əllərdə olmasını təmin edəcək.

Bu isə Almaniyanın Berlin Texniki Universitetində təhsil aldıqdan sonra karyerasına SOCAR-da başlayan Orxan Quliyevin fikirləridir:

–Sənaye mühəndisliyi və idarəetmə(İstehsalatın və proseslərin avtomatlaşdırılması) ixtisası üzrə bakalavriat və Sənayə mühəndisliyi və idarəetmə ixtisası üzrə magistratura təhsili almışam. Yüksəlişim asan olmayıb. “Caspian Innovation Center”-də baş əməliyyat direktoru vəzifəsində çalışıram. Eyni zamanda, Bakı Ali Neft Məktəbində dərs deyirəm. Hər bir insan çalışqan olmalıdır. Mənə görə, uğurlu karyeranın təməlində güclü təhsil dayanır. Biz qarşımıza hədəflər qoyduqca yaranan imkanları, qarşıya çıxan sualların cavablarını görürük.Gənc kadrların uğur hekayələri sevin-diricidir. Sonda onu da deyək ki, Prezident İlham Əliyev 18 dekabrda 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Deməli, istedadlı gənclərimizin yüksəlişi davam edəcək.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət