Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə reallaşan 44 günlük Zəfər Yürüşü Azərbaycanı dünyaya qalib xalq olaraq tanıtdığı kimi, döyüşən poeziyamızın da, necə deyərlər, belini dikəltdi, şairlərin “Qələbə” hayqırtıları dağda-daşda əks-səda verdi. On illərin ah-ufuna son qoyduq, igidlərimizin ulduz-ulduz alışıb yanan arzuları Gün kimi, Ay kimi zirvələrin başından gülümsündü.
Zəfəri qazanan şəhidlərin arasında şairlər də vardı. Onlardan biri – Qubanın Qonaqkənd qəsəbəsindən olan Orxan Ömərov bəlkə də son nəfəsində deyib bu misraları:
“Çox ağırdı bizim döyüş yolumuz,
Düşməndi sağ-solumuz.
Yenə də qorxmayırıq,
Mübariz kimi oğullardı
dəyişməz simvolumuz...”
Bu gün Böyük Zəfərimizin 4-cü ildönümüdür. Sabah artıq 15-ci dəfə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd edəcəyik. Daha üç gün sonra ölkəmizdə Konstitusiya Günü olacaq. Bəlkə də İlahidən gələn bir ardıcıllıqdır: Zəfər qazanıb, zirvələrə Bayraq taxıb, Konstitusiyada təsbit olunan suverenliyimizi tam təmin eləmişik. Bir-birindən gözəl bayramlarımızın yoluna işıq tutan, urvatını daha da artıran Zəfər Günü təntənələri bədii sözün qüdrəti ilə daha da rövnəqlənir, pardaqlanır.
Əziz oxucular! Biz də qəzetimizin bayram nömrəsinin bu səhifəsində həmin bədii nümunələrin bir qismini ipə-sapa düzərək, sizlərə təqdim edirik.
XQ
Bəxtiyar Vahabzadə
BAYRAQ
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Adilə Nəzər
EY VƏTƏN
Qış günündə üzdə çiçək açdıran,
Gecəmizə gün işığı saçdıran,
Yağıları el-obadan qaçdıran
Bu zəfərin mübarəkdir, ey vətən!
Səman geniş, hey uçduqca uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir, ey vətən!
Olmaz imiş, sözdür, dostu düşənin,
Dostu aldı qəlbin “qəlbişüşənin”,
Söylənəcək yüz il fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir, ey vətən!
Haqq deyənlər, haqq yolundan azdılar,
Tarix boyu sənə quyu qazdılar...
Oğulların şanlı tarix yazdılar,
Bu zəfərin mübarəkdir, ey vətən!
Qürurluydu bu Qarabağ səfəri…
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir, ey vətən!
Şuşamızda dağlar başı dumanlı,
Daha bir də kimsə olmaz gümanlı,
Qazin rəşadətli, Şəhidin sanlı,
Bu zəfərin mübarəkdir, ey vətən!
Xarı bülbül gələr bu yaz, səcdənə,
Dursam min il, yenə də az, səcdənə,
Dayanıbdı bütün Qafqaz səcdənə,
Bu zəfərin mübarəkdir, ey Vətən!
SALAMLAYIRAM
Döşünə qəlpəni qızılgül kimi,
Taxan Qaziləri salamlayıram.
Düşmən üzərinə coşqun sel kimi,
Axan Qaziləri salamlayıram.
Üz-üzə dayanıb mənfur yağıyla,
Keçib imtahandan can sınağıyla,
Girdiyi meydandan tək ayağıyla
Çıxan Qaziləri salamlayıram.
Gedib babaların şanlı iziylə,
Savaşa atılıb bıçaq-nizəylə…
Gözünü itirib, könül gözüylə,
Baxan Qaziləri salamlayıram.
Payız gətirsə də ömürünün yazı,
“Cəngi”də dil açdı qəlbinin sazı,
Qoymadı zəfərə bizi tamarzı,
O xan Qaziləri salamlayıram.
Valeh Sefiyev
“ZƏFƏR DASTANI” poemasından
...Bəşər ayıqlığını
Hələ itirməmişdi.
Bütün dünya görürdü:
Ərzin suallarına,
Əsrin suallarına
Mükəmməl, aydın, dürüst
Ali Baş Komandanım
Özü cavab verirdi.
Rəhbərimin dilindən
Hamı bunu eşitdi
Yer də, Göy də şahiddi:
- Qələbəni qazanan
Vətən oğullarının
İgidliyi, mərdliyi
Qüdrəti, hünəriydi!-
Bu söz başdan, binadan
Ali Baş Komandanın
Dilinin əzbəriydi.
Rəhbərimiz dünyanın
Harasına gedirdi,
Böyük iftixar ilə
Haqqı bəyan edirdi.
Xalqımın qüdrətindən
Bütün dünya xalqları
Xəbərdar olurdular.
Bizi istəməyənlər,
Bu gün də lovğalanıb
Qan-qan deyən düşmənlər
İçəridən burxulub,
Əzilib, ovxalanıb
Tarımar olurdular.
Dərin bir köks ötürüb
"Bu nədir?!" deyirdilər.
Qara dəsmal götürüb
Qara da geyirdilər.
Bu döyüşün, zəfərin
Birinci qəhrəmanı
Azərbaycan zabiti,
Cəsur əsgəri idi.
Bütün qələbələrin
Bünövrəsi, əsası
Onların cəsarəti,
Əzmi, hünəri idi.
Ən keçilməz sədləri,
Bəndləri qırırdılar.
Qranit qayaları
Öz yumruqları ilə
Onlar dağıdırdılar.
Ayrı adamlar kimdir?
Zaman Ali hakimdir;
Ağ da bəlli, qara da.
Yüz il bundan sonra da
Bu torpağı ələyin,
Ələk-vələk eləyin
Misqal-misqal yoxlayın –
Hesabı itirməyin,
Yadınızda saxlayın:
Aslan ruhu, cürəti,
Coşqunluğu, şiddəti -
Bizim qanımızdır O.
Bizim atəşimizdir,
Həyacanımızdır O.
Bizim torpağımıza,
Öz Qarabağımıza
Öz qanımız tökülüb.
Döğma Vətənimizdə
Öz qanımız bu qədər
Ətirli, təravətli,
Şöhrətli, şərafətli
Çiçək açıb, gül olub...
Gəray Göyyurd
ŞANLI ŞUŞA ZƏFƏRİ
Xalqımın bu dünyaya,
“Mən haqlıyam” sözüdü!
Düşmənin sınan beli,
Çiliklənən dizidi
Şanlı Şuşa zəfəri!
Dırnağıyla qayanı,
Daşı yarmaqdı elə!
Mələklərlə əl-ələ
Haqqa varmaqdı elə
Şanlı Şuşa zəfəri!
Zəfərlərin halalı,
Qələbənin xasıdı!
Qanlı şəhidlərimin
Alınan qisasıdı
Şanlı Şuşa zəfəri!
Düşmənlərin gözünü
Tərlan kimi ovmaqdı!
Dünyanı heyran etmək,
Cahanı mat qoymaqdı
Şanlı Şuşa zəfəri!
Allahımın xalqıma
Ədalət baratıdı!
Ordumun dövlətimə
Mərdlik hesabatıdı
Şanlı Şuşa zəfəri!
Ağdamın qayıtması,
Xocalının öcüdü!
Dəmir yumruğumuzun
Gerçək, bariz gücüdü
Şanlı Şuşa zəfəri!