Qoy, Zəfər güllərimiz heç zaman solmasın!

post-img

Azərbaycan xalqının taleyində tarixi önəm daşıyan elə günlər var ki, onun gələcək həyatını müəyyən edən mühüm başlanğıclar sayılır. Məhz 8 Noyabr 4 il əvvəl belə günlərin sırasına yazıldı. 2020-ci ilin qızıl payızı Vətən müharibəsində qazanılan misilsiz Zəfəri çağdaş tariximizə qızıl hərflərlə yazdı.

Artıq 4-cü ildir ki, xalqımız noyabrın 8-ni milli qürur, qələbə və zəfər günü kimi qarşılayır.

8 Noyabr 30 illik həsrəti vüsala qovuşduran təntənə günüdür.

2020-ci il sentyabr ayının 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın yağı tapdağından təmizlənməsi ilə nəticələnən Vətən müharibəsində müasir tariximizin şərəfli səhifələri yazıldı. Ali Baş Komandan, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində apardığı uzaqgörən, uğurlu xarici siyasət bu müqəddəs savaşda zəfər zirvəsinə yetişdi. Uzun illər haqsızlıqla üzləşən, dədə-baba torpaqlarından didərgin düşən Azərbaycan xalqı öz gücü ilə ədaləti bərpa etdi.

Beləliklə, xalqımız dövlət, ordu birliyi ilə tapdalanan haqqını, alçaldılmış qürurunu dəmir yumruğun gücü ilə geri qaytardı. Bu birlik, bu güc dünyaya ədalətin bərpası dərsi keçdi. Öz müdrik və qətiyyətli liderinin ətrafında sıx birləşmiş Azərbaycan xalqı düşmənlər qarşısında yenilməz olduğunu bu savaşla bütün dünyaya göstərdi.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan xalqı müzəffər komandanının rəhbərliyi altında Zəfər yürüşünə çıxdı. Elə ilk gündən sevinc dolu xəbərlər almağa başladıq. İlk həmlədə Murov yüksəkliyinin azad olunması xəbəri qələbəyə inamı yüksəltdi.

Xalqımız o günlərdə ordumuza həm maddi, həm mənəvi dəstəyini əsirgəmirdi. Çünkü illərdən bəri arzuladığımız qələbəyə addım-addım yaxınlaşırdıq. Xalqın intiqam coşğusu ordumuzun qələbə ruhunu daha da alovlandırırdı. Vətən savaşçıları ilə xalqın istəyinin bir yönü var idi: yalnız irəli!

Həmin günlərdə Ali Baş Komandanın xalqa müraciətlərini sevinc və qürurla qarşılayırdıq. Prezident İlham Əliyev həm də informasiya savaşında Azərbaycanın ədalətli Vətən müharibəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdırır, hər bir təxribatçı sualı məharətlə cavablandırırdı. Artıq dünya Azərbaycanın haqq səsini eşitməyə başlamışdı. “Qarabağ Azərbaycandır!” gerçəyinin nidasını qoymağın vaxtı çatmışdı.

Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Biz haqlıyıq, çünkü biz öz torpaqlarımızda vuruşuruq, öz torpaqlarımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır, bizim işimiz haqq işidir”. Xalq öz rəhbərinin çıxışlarından ruhlanır, qələbəyə əminlik artırdı. Ordumuzun ən yüksək döyüş avadanlıqları ilə, müasir silahlarla, güclü texnika ilə, pilotsuz uçuş aparatları ilə təhciz edilməsi qələbəni günbəgün yaxınlaşdırırdı.

Oktyabr ayının 3-də Suqovuşanın düşmən tapdağından azad olunması Böyük Qələbənin qaranquşu idi. Oktyabırı 4-də Cəbrayıl şəhərinin azad olunması ilə düşmən xeyli geri oturduldu. Ordumuzun gücü qarşısında tab gətirməyən düşmən silah-sursatını, döyüş texnikasını qoyub qaçırdı. Bu məğlubiyyətlərinin əvəzini işğalçı quldurlar dinc əhalidən, günahsız körpələrdən çıxırdı. Terrorçuluğu dövlət siyasətinə çevirmiş Ermənistan öz xislətini misilsiz rəzalətlə göstərirdi.

Oktyabr ayının 4-də Gəncə şəhəri raket hücumuna məruz qaldı. Bu zaman 1 mülki şəxs şəhid oldu, 30-dan çox insan yaralandı.

5 oktyabrda növbəti hücum zamanı daha 3 nəfər yaralandı. 8 oktyabrda düşmən Gəncədəki yaşayış məskənlərini, obyektləri hədəf aldı. 4-cu dəfə Gəncə daha böyük, daha dağıdıcı raket hücumuna məruz qaldı. Bu zaman 10 mülki şəxs terror qurbanı oldu, 40-dan çox insan isə yaralandı. Oktyabrın 17-də düşmən cəbhədəki məğlubiyyətinin əvəzini yenə də günahsız körpələrdən çıxdı. Bu terror aktı zamanı 16 Gəncə sakini şəhid oldu, 55 nəfər isə yaralandı.

Bu vəhşiliklər beynəlxaq qurumlar tərəfindən qınanılsa da, düşmən öz xislətindən əl çəkmirdi. Azğın düşmən oktyabr ayının 27-də Bərdə rayonuna raket hücumları ilə zərbələr endirdi. Terror aktı zamanı 27 nəfər həlak oldu,70-dən çox insan yaralandı. Döyüş əməliyyatları getməyən bölgələrimizə belə xain hücumlar Ermənistanın terrorçuluq siyasətinin açıq nümunəsi idi.

Bütün bu ağır sınaqlardan üzüağ çıxan Azərbaycan xalqının isə mübarizə ruhu daha da alovlanırdı. Ordumuz bu terror aktlarının cavabını döyüş meydanında daha kəskin, daha amansızlıqla verirdi. Düşmən ordusunun yüzlərlə döyüş texnikasını, minlərlə canlı qüvvəsini məhv edən müzəffər ordumuz günahsız körpələrin qısasını alırdı. “Dəmir yumruq ”əməliyyatı uğurla davam edirdi.

Oktyabın 9-da Hadrutun, 17-də Füzulinin, 20-də Zəngilanın, 25-də Qubadlının azad olunması ilə düşmənə layiqli cavablar verildi. Müharibənin kulminasiya nöqtəsi Şuşa şəhərinin əlbəyaxa döyüşlərlə azad edilməsi oldu. Hərb tariximizə qızıl hərflərlə yazılmış Şuşa döyüşləri ordumuzun mübarizə əzminin, Vətən sevgisinin, qisas hissinin ən yüksək zirvəsi idi. Şuşaya sıldırım qayalardan ildırım sürəti ilə qalxan igidlərimizin şücaəti dünyanı heyrətə saldı. Bəli, bu şücaəti yalnız haqq uğrunda savaşa çıxanlar göstərə bilərdi.

Şuşanı fəth edən fatehlərimiz müasir hərb tariximizdə yeni qəhrəmanlıq salnaməsi yazdılar. 8 noyabr 2020-ci ildə qədim mədəniyyət beşiyimiz, Pənahəli xanın yurdu, Vaqifin ilham qaynağı, Natavanın xeyirxahlıq meydanı, Bülbülün sənət ocağı qəhrəman Şuşamızın əsarət zənciri 28 il 6 aydan sonra bir zərbə ilə parçalanıb töküldü, qeyrət qalamız azadlığına qovuşdu. Bu məğlubiyyət düşməni kapitulyasiyaya məcbur etdi. Beləliklə, 10 noyabr 2020-ci il tarixində düşmən ağ bayraq qaldırdı. Bu, xalqın, dövlətin və ordunun birgə gücü ilə qazanılmış misilsiz bir qələbə idi.

2023-cü il 19 sentyabr tarixində isə Azərbaycan Silahlı Qüvvələri daha bir zəfərə doğru addımladı. Antiterror əməliyyatları nəticəsində qeyri-qanuni erməni silahlı dəstələri 23 saat içində darmadağın edildi. Düşmən torpaqlarımızdan tamamilə və birdəfəlik qovuldu. Prezdent İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq Ermənistan Azərbaycanın diktə etdiyi şərtlər və tələblərlə razılaşmağa məcbur oldu. Beləliklə, qalib ordunun müzəffər komandanı “Qarabağ!” nidasını həm hərb meydanında, həm də siyasi müstəvidə qoymuş oldu.

Artıq regiona yeni gerçəkliklər hakimdir. Bu qələbə regionda qalıcı, davamlı sülhün bərpa olunması üçün lazım idi. Artıq biz azərbaycanlılar boynubükük deyil, qalib dövlətin alnıaçıq, başıdik vətəndaşlarıyıq. Ordumuz 4 il əvvəlin zəfər yürüşlü 44 günündə elə bir tarix yazdı ki, bu hünər yaddaşlarda əbədi dastanı kimi yaşayacaq. Unutmamalıyıq ki, bu dastan igid oğullarımızın qanı ilə, sağlamlığını itirməsi ilə və dəmir yumruğun diktəsi ilə yazılıb.

Qanla yoğrulan Vətən torpaqlarında açan güllər azadlıq saçır, iftixar qoxuyur. Biz çalışmalıyıq ki, şəhidlərimizin qanı ilə sulanmış bu güllər bir daha solmasın. Müstəqilliyimiz və qələbəmiz əbədi olsun!

Nərmin NƏSİRLİ,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tarix müəllimi

Sosial həyat