Özbəkistanda Zəfər Günü münasibəti ilə tədbir keçirilib

post-img

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Zəfər Günü ilə bağlı böyük tədbir keçirilib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Azərbaycan diasporunun üzvləri, tələbələr, jurnalistlər iştirak edib.

Əvvəl iştirakçılar Mərkəzin foyesində Azərbaycan xalqının zəfərinə həsr edilmiş foto və kitablardan ibarət sərgiyə baxıblar. 

Qonaqları salamlayan AMM-nin direktor müavini Nadir Əlimirzəyev 44 günlük Vətən müharibəsi, torpaqlarımızın Ermənistanın işğalından azad olunması, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı və şücaəti haqqında söhbət açıb.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin şücaəti, şəhidlərin qanı bahasına cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan 28 ildən sonra öz torpaqlarını azad edib, tarixi Zəfəri qazanıb. N.Əlimirzəyev 8 noyabr tarixində Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunduğu günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 noyabr “Zəfər Günü” kimi qeyd olunduğunu da söyləyib. 

Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Seyidqəniyeva müharibə dövründə Ermənistanın Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhər və kəndlərini, mülki əhalini böyük dağıdıcı gücə malik raketlərlə atəşə tutmaqla beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyasının öhdəliklərinə zidd olan müharibə cinayətləri törətdiyini vurğulayıb. 

Rəsmi hissədən sonra keçirilən konsertdə Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Başqırdıstan və Tatarıstanın xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın "Özbəyim yoşları" musiqi qrupunun  üzvləri Azərbaycan və özbək dilində mahnılar, həmçinin AMM-nin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 







Mədəniyyət