Bir-birindən gözəl, yaddaqalan musiqi bəstələmək hər sənətkara nəsib olmur. Musiqi incəsənətin ən kövrək və qəlbə yaxın bir sahəsidir və buna görə onu özünün həyat kredosu seçənlər də qəlb adamı olmalıdırlar. Bu mənada, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor, bəstəkar, “Şöhrət” və “Şərəf” ordenli Siyavuş Kərimini böyük ürək sahibi adlandırmaq olar.
Varlığına gənclik ruhu hakim kəsilmiş Siyavuş müəllimin artıq ömür təqviminin 7-ci onilliyinə qədəm qoyduğuna adamın heç inanmağı gəlmir. Çünki o, qəlbi işıqlı, qəlbi nəğməli, ruhu hər zaman gənc olan insandır. Görkəmli ziyalının anadan olmasının 70 illik yubileyi ərəfəsində onun həyat yoluna nəzər salmaq, yaradıcı, eləcə də ictimai-siyasi fəaliyyətini vərəqləmək istədim.
Xalqına, millətinə layiqli övlad olmağa çalışan Siyavuş müəllim Tanrı tərəfindən ona həvalə olunmuş bu missiyanı layiqincə icra edir və bundan xüsusi zövq alır. Sadəliyi, zəhmətkeşliyi və xeyirxahlığı ilə xalqının sevgisini qazanıb. Geniş diapazonda fəaliyyəti ilə diqqəti cəlb edən Siyavuş Kərimi parlaq istedad sahiblərindəndir. Həyata, musiqiyə, gözəlliyə aşiq olan sənətkarın yaratdığı irs heyranlıq doğurur. O, rəngarəng yaradıcılıq palitrasına malik olan, müasir musiqinin nailiyyətlərindən uğurla istifadə edərək, musiqimizi milli-mədəni ənənələr əsasında zənginləşdirən şəxsiyyətdir. Onun bütün əsərləri səmimiyyəti, dərinliyi və fərdiliyi ilə seçilir. Bu əsərlər yalnız musiqi dünyasında deyil, həm də böyük mədəniyyət arenasında əhəmiyyətli izlər buraxıb.
Ötən əsrin 70-ci illərindən müstəqil yaradıcılıq yoluna qədəm qoyan Siyavuş Kəriminin professional bəstəkarlıq fəaliyyəti 3 istiqamətdə inkişaf etmişdir: mahni janrında bəstələr və aranjiman, teatr musiqisi və kino musiqisi. Gözəl mahnılar müəllifi olan bəstəkar, ölkənin film sahəsində müstəsna işlər görərək, öz musiqisi ilə görüntülərə əlavə emosional dərinlik qatmışdır. Bu melodiyaların hər biri özünəməxsus üslubu ilə filmləri daha da unudulmaz edir. Siyavuş Kərimi “Sarı gəlin”, “Sonuncu döyüş”, “Əlvida, cənub şəhərim”, “Girov” və s. bədii filmlərə, 9 seriyadan ibarət “Heydər Əliyev” televiziya filminə, 2 animasiya filminə və 10-dan artıq teatr tamaşasına musiqi bəstələmişdir. Akademik Milli Dram Teatrının səhnəsində U.Şekspirin eyniadlı faciəsi əsasında hazırlanmış “Hamlet” tamaşasının musiqisinə görə 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.
Sənətkarın əməyi dövlət səviyyəsində hər zaman yüksək qiymətləndirilib. O, 2005-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adını alıb, 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə, 2020-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilib. Dövlət mükafatları onun sənətinə verilən qiymətin göstəricisidir.
Siyavuş Kərimi yalnız musiqi sahəsində tanınmış bir bəstəkar deyil, o, həm də bir pedaqoq kimi məhsuldar fəaliyyət göstərir. Gənc musiqiçilərin yetişməsinə, onların yaradıcılıq potensialının inkişafına və musiqi mədəniyyətinin zənginləşməsinə böyük töhfə verir. Müxtəlif metodik vəsaitlərin müəllifi olan Siyavuş Kərimi 2 cilddən ibarət “Azərbaycan xalq mahnıları” məcmuəsinin, eyni zamanda, “Saz məktəbi” dərsliyinin həmmüəllifi, tərtibçisidir. Bu dərslik saz üzrə musiqi təhsilini daha da inkişaf etdirmək və gənc istedadların yetişməsinə kömək etmək məqsədi daşıyır.
Siyavuş müəllim sənətində və üslubunda mövqeyini səmimiyyətlə və sərbəst ifadə edən bir insandır. Böyük şövqlə yazdığı əsərlər yalnız musiqi deyil, eyni zamanda bir həyat fəlsəfəsidir. Onun sənəti duyğuların, xəyalların və real həyatın harmoniyasını əks etdirir. Bu cür səmimi və sərbəst ifadə tərzi onu müasir sənət aləmində fərqləndirən amillərdəndir. Bəstəkar, sanki, musiqinin hər bir notunda özünü tapır, bu da onun yaradıcılığını daha da dəyərli və özəl edir.
Bəllidir ki, ölkələrarası ortaq layihələrin həyata keçirilməsi Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişafına böyük təsir göstərir. Siyavuş Kərimi çağdaş musiqi tariximizdə beynəlxalq miqyaslı bir çox layihələrin müəllifi kimi də tanınır. Bunlardan bir neçəsi haqqında danışmaq istərdim.
2002-ci ildə əsası qoyulan“Trans Atlantik Non Stop”, 2011-ci ildə hazırlanan “Salam-Hola” layihələri Latın Amerikası və Azərbaycan musiqiçilərinin birgə əməkdaşlığına şərait yaratmışdır. Daha sonra Norveçin “Skruk” xoru və azərbaycanlı musiqiçilərin birgə təşkilatçılığı ilə “The land We came from” layihəsi həyata keçirilmişdir. Həmçinin 2007-ci ildə Norveçin “Kirkelis Kulturverskted” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, “Trans Atlantik Non Stop” marka adı altında albom hazırlanmışdır. Bu layihələr mədəniyyətlər arasında körpü quraraq, beynəlxalq əməkdaşlığı gücləndirmiş, fərqli mədəniyyətlərin harmoniyasını nümayiş etdirərək, dinləyicilərə unudulmaz bir təcrübə təqdim etmişdir.
Bu qədər gərgin yaradıcılıq işlərinin arasında Siyavuş Kərimi 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasında rektor kimi uğurlu fəaliyyət göstərərək, çox böyük işlər görür. “Hazırda mənim ən böyük əsərim Milli Konservatoriyadır və bu sənət məbədi ilə yaşayıram” – deyən sənətkar 23 ildir ki, öz vəzifə və vətəndaşlıq borcumu dürüst və vicdanla yerinə yetirir. Bu gün onun rəhbərliyi altında konservatoriyada milli musiqi mədəniyyətinin öyrənilməsinə, tədqiqinə, qorunmasına, inkişafına, eləcə də dünyaya inteqrasiyasına mühüm əhəmiyyət verilir. AMK ilə digər dünya ölkələri arasında təhsil müəssisələrində davamlı tədbirlər, konfrans və müştərək layihələrin keçirilməsi nəzərdə tutulan işlər sırasındadır.
Əlbəttə, böyük bir yaradıcı kollektivə rəhbərlik etmək heç də asan iş deyil, lakin Siyavuş müəllim özünün tələbkarlığı, səmimiyyəti, sadəliyi, zəhmetsevərliyi və xeyirxahlığı ilə kollektivin sevgisini qazanıb. Mən Siyavuş müəllimi bu gözəl kollektivdə işləməyə başlayandan – 2006-cı ildən yaxından tanımışam. İlk baxışdan bir qədər sərt görünsə də, əslində, elə olmadığının uzun illərdir şahidiyəm. Fikrimcə, insani xüsusiyyətlər ən mühüm və dəyərli olan amillərdəndir ki, bu da Siyavuş müəllimdə var. Uşaqla-uşaq, böyüklə-böyük olmağı bacaran insandır Siyavuş müəllim.
Mənalı ömrünü musiqiyə həsr edən Siyavuş Kərimi onillərdir ki, Azərbaycan incəsənəti üçün yorulmadan çalışır. Onun yaradıcılığına nəzər saldıqda bunun gündəlik həyatımızı əhatə edən, aktual problemlərlə səsləşən bir yol olduğunu müşahidə edirik. Bu yol Siyavuş müəllimi sabahın daha uca zirvələrə səsləyir. Bu yol, sözün əsl mənasında, işıqlı və sevda dolu bir yoldur. Yolunuz həmişə belə işıqlı olsun, Siyavuş müəllim. Musiqinizlə, sevginizlə və ilhamınızla bizləri daha çox xoşbəxt etməyə davam edin!
Yibileyiniz mübarək!
Jalə Qulamova,
Azərbaycan Milli Konservatoriyasının etnomusiqşünaslıq kafedrasının müdiri, professor