Hər kitab bir dünyadır

post-img

Peyğəmbər haqqında toplu

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış “Məhəmməd Peyğəmbərin həyatı” kitabını nəşr edib.

Məhəmməd peyğəmbərin həyatı bir çox şair-yazıçıların diqqətini cəlb edib. Müxtəlif zamanlarda peyğəmbərdən bəhs edən maraqlı əsərlər yazılıb. Yeni kitab da bu mövzuda ərsəyə gəlmiş ən yaxşı əsərlərdəndir. Müəlliflər real tarixi hadisələrə müraciət edib,  ağlın-kamalın, mərifətin və mənəvi eşqin bəşəriyyət üçün zəruri əhəmiyyətini göstəriblər. Peyğəmbərin həyatı, şəxsiyyəti, eləcə də bəşəriyyətin sonuncu səmavi dini sayılan İslamın yaranması və yayılması haqqında müfəssəl, təfərrüatlı tarixi bilgilər əsasında ərsəyə gətirilmiş kitaba “Ərəb adası”, “Məkkə”, “Peyğəmbərin uşaqlıq illəri”, “İlk vəhy”, “Təqiblər”, “Ağır illər”, “Hicrət”, “Müharibə” kimi 25 adda fəsil daxil edilib. Bunları oxuduqca təsirli məlumatlar fonunda həm dini bilgilər artır, həm də peyğəmbərlərin həyatından ibrət dərsi çıxarmaq imkanı yaranır.   

Əsərin rus dilindən tərcümə müəllifi tanınmış alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Mahir N.Qarayevdir.

Şairin yubiley hesabatı

Musa Ələkbərlinin “Sözün qiyaməti qopan yerdəyəm” adlı şeirlər və poemadan ibarət kitabı işıq üzü görüb (“Elm və Təhsil” nəşriyyatı. 776 səhifə). 

Bundan bir neçə ay öncə Musa Ələkbərlinin publisist Rauf Vəliyevin birlikdə ərsəyə gətirdikləri “Arazı adlayan məktublar” adlı kitabı da nəşr olunmuşdu.

Yeni kitabında isə şairin son 20 ildə qələmə aldığı şeirlərinin mühüm bir hissəsi toplanıb. Yurd sevgisi, vətəndaşlıq yanğısı müxtəlif mövzularda qələmə alınmış bu şeirlərin içindən sarı bir sim kimi keçir. Şair nədən yazırsa-yazsın, sevgi ilə yazır, poetik tapıntılarına ürəyinin odunu-közünü qatır.   

Əhatəli və geniş “Ön söz”ü yazıçı İradə Aytelə məxsus olan yeni kitabda Qarabağ dərdi və vətənimizin bütövlüyü uğrunda qəhrəman oğullarımızın milli mücadiləsinə həsr olunmuş şeirlər xüsusi maraq doğurur. Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poeması Musa Ələkbərli yaradıclığının uğurlu nailiyyəti kimi diqqəti cəlb edir. 

Müəllifin 75 illik yubileyi münasibətilə çapdan çıxmış bu kitab onun sayca ­16-cı şeirlər kitabıdır.

“Ağlama, qar yağacaq” 

“Qobustan” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-dramaturq Pərvin Nurəliyevanın Türkiyədə yeni kitabı çap olunub.

Qeyd edək ki, kitabın buraxıldığı qardaş ölkənin tanınmış “Ketebe” yayımları nəşriyyatı Türk dünyası ədəbiyyatı nümunələrini silsilələrlə dərc edir. Pərvin Nurəliyevanın bədii əsərlərinə də diqqət çəkən nəşriyyat onun pyes və hekayələrindən ibarət toplunu “Ağlama, qar yağacaq” adı altında  oxucuların ixtiyarına verib. Kitabın tərcüməsi yazıçı, Türk Ədəbiyyatı Jurnalının baş redaktoru İmdat Avşardır.

Buna qədər isə Pərvinin Türkiyədə 5 kitabı – “Hava limanı”, “Kadın”, “Çağının önündə bir yazar – Anar”,  “Balerin”, “Anarın dünyası” işıq üzü görüb və geniş oxucu kütləsinin marağına səbəb olub. Ayrıca olaraq  onun “Mən öləndə ağlama”   pyesi də Türkiyə teatrında səhnələşdirilib.

Yeni kitabı Pərvinin özünəməxsus zərif yazı manerası, seçdiyi mövzulara fərdi yanaşma qabiliyyəti olduğunu göstərir. Onun hekayələrində emosional cizgilər, duyğulu variasiyalarla yanaşı, dərin psixoloji qatlar da diqqət çəkir.   

Ə.DOSTƏLİ 
XQ

 





Mədəniyyət