Arif sözü – Arif özü

post-img

 Arif Əmrahoğlu – 70   

Azərbaycan ədəbi cameəsi üçün son dərəcə ağır bir itki olan Arif Əmrahoğlunun (Məmmədov) vəfatından bir ilə yaxın vaxt keçsə də,  milli ziyalılığımızın böyük nümunəsi haqqında özümü toparlayıb bir yazı yazmamağımın səbəbini hələ də özüm üçün müəyyənləşdirə bilmirəm. Görünür, böyük itkilərin yerini doldurmaq, onun ağır izlərini qəbul etmək o qədər də asan olmur və mənə elə gəlir ki, ədəbi, elmi cameə hələ də Arif Əmrahoğlu itkisi ilə hesablaşmaq istəmir. 

Bilirəm ki, dostlarımızdan bir çoxu bu görkəmli alimin, əvəzedilməz insanın yoxluğu ilə bağlı çox təsirli yazılar yazsa da, mənim kimi borclu qalanları da çoxdur. Bir şey aydındır ki, Arif Əmrahoğlu haqqında yazılan bütün yazılar səmimi olduğu qədər də, onun həyatdakı, cəmiyyətimizdəki və elmi-ədəbi cameəmizdəki yerini və mövqeyini, layiq olduğu qiyməti verməyə yönəlmişdir. Çünki Arifin özü də hər hansı bir məqalə, resenziya yazarkən bu şərtlərə mümkün qədər əməl edirdi; Arif arif adam idi, əsl ziyalı idi, sözü duyur, ona dəyər verirdi. Arif  bütün varlığıyla söz adamı idi, Arifin sözü–Arifin özü idi. Kiməsə xeyirxahlığını, dəyərli məsləhətlərini heç zaman əsirgəməzdi...  

Ariflə mənim tanışlığım Nizami adına Ədəbiyyat İnstitutunda başlamışdı; mən aspiranturaya daxil olarkən artıq o, institutda işləyirdi, elmi ədəbiyyatşünaslıq mühitinin mərkəzində görkəmli alimlər, tənqidçilərlə birgə çalışırdı. Özünün şəxsi mütaliəsi, nəzəri biliyi ilə hörmət qazanmışdı, necə deyərlər, gənc olmasına rəğmən, hamı tərəfindən tanınır, qəbul edilirdi. Gənclərin çap imkanlarının son dərəcə sınırlı olduğu sovetlər dönəmində ara-sıra onun ədəbi orqanlarda hekayələri, tərcümələri, elmi məcmuələrdə sanballı məqalələri dərc olunurdu. İlk məqalələri və tədqiqatlarında problemin qoyuluşu, eləcə də elmi-nəzəri araşdırmanın səviyyəsi onun gələcəkdə görkəmli bir alim olacağından xəbər verirdi. Ən əsası isə o idi ki, Arif Əmrahoğlu nəzəri savadından, elmi, ədəbi-tənqidi təfəkküründən sui-istifadə etmirdi, çoxları kimi üzdə, yaxud vəzifədə olan yazıçı, şair, jurnal redaktorlarının əsərlərini tərifləyərək asan yolla getməyi özünə yol seçməmişdi. Halbuki o dövrdə bu yolla gedərək ədəbi mühitdə özünə çox sürətlə ədəbi, elmi karyera quranlar az deyildi. Arif isə bu yolu seçmədi; klassik ədəbiyyatşünaslıq yolu ilə gedərək, Azərbaycan nəsrinin bədii axtarışları ilə məşğul oldu. “Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)” mövzusunda yazdığı namizədlik dissertasiyası elmi mühitdə razılıqla qarşılandı. Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq “Aldanmış kəvakib” və “Danabaş kəndinin əhvalatları” əsərləri əsasında təhkiyənin strukturu, xarakteri və tipi araşdırılaraq müəyyən nəticələrə gəlinirdi. Bir qədər sonra “Nəsrin poetikası” adı ilə çap olunan (Bakı, Elm, 1990) bu araşdırma tədqiqatçıların ən çox istifadə etdiyi elmi-nəzəri mənbələrdən biri kimi bu gün də əhəmiyyətini qoruyub saxlayır. 

80-ci illərin ortalarından başlayaraq, Arif Əmrahoğlunun ədəbi fəaliyyətində və vətəndaşlıq mövqeyində bir aktivlik oldu; zatən bu, belə də olmalı idi. Azərbaycanda gedən ictimai-siyasi proseslərdə milli düşüncə stereotipinin formalaşmasında yaxından iştirak etdi, ən çətin, mürəkkəb bir vaxtda özünün ziyalı mövqeyi ilə cəmiyyətə bir nümunə oldu. Yazılarında sərgilədiyi prinsipiallıq, dürüstlük onun ictimai-siyasi proseslərə, hadisələrə münasibətində də özünü göstərirdi. Yusif Səmədoğlunun “Qətl günü”, Mövlud Süleymanlının “Köç” romanları ilə bağlı müzakirələrin mərkəzində olması, yazılarında əsərlərdəki yenilikləri, sənətkarlığı, bədii dəyərləri müdafiə etməsi də onun ədəbiyyatın tərəfində durması ilə yanaşı, həm də vətəndaşlıq mövqeyindən, bədii düşüncədəki prinsipiallığından və ona gərəkən dəstəyi verməsindən irəli gəlirdi.

Arif ədəbi prosesdə tənqidi məqalələri ilə az-az çıxış etməsinə rəğmən (o, əsasən nəsr poetikasının nəzəri məsələləri üzərində işləyirdi), həmişə ədəbi mühitin episentrində olub. Ona görə ki, yazdığı məqalələr ədəbi prosesi məşğul edib, onu düşündürüb və yeni araşdırmalar üçün müəyyən bir stimul verib. “Tənqidin qayğıları və tənqidə qayğılar” məqaləsinin ədəbi prosesdə yaratdığı effekt biz yaşıdları arasında uzun müddət müzakirə mövzusuna çevrildi. Ədəbiyyatşünas və tənqidçi vicdanı onun hər məqaləsindən, tədqiqat əsərindən boylanırdı. 

Arif Əmrahoğlu yaxşı ədəbiyyatşünas, tənqidçi olmaqla yanaşı, həm də bacarıqlı və qabiliyyətli bir funksioner idi; onun dövlətçiliyə bağlılığı, savadı ən çətin və məsuliyyətli işin öhdəsindən gəlməsinə imkan verirdi. Əvvəlcə AMEA Nizami Gəncəvi adına Milli Muzeyinin direktor müavini, daha sonra isə ­Prezident Aparatında Milli siyasət şöbəsində işləməsi onun mülli və dövlətçilik düşüncəsinin formalaşmasındakı əməyini ortaya qoydu, ən çətin və mürəkkəb bir dövrdə bu işlərin öhdəsindən ləyaqətlə gəldi. Azərbaycan Yazıçılar Birliyinin katibi olandan sonra isə Arifin üzərinə böyük bir missiya düşdü. Onun ömrünün sonunadək çalışdığı Yazıçılar Birliyindəki rəsmi vəzifəsi və işi ilə yanaşı, qeyri-rəsmi görəvi, mənə elə gəlir ki, Azərbaycan Yazıçılar Birliyinin siyasiləşmiş cəmiyyətə adaptasiyasından ibarət oldu. Onadək Azərbaycan Yazıçılar Birliyi ilə cəmiyyət, eləcə də bir çox yazarlar arasındakı “Çin səddi”ni, deyərdim ki, Xalq yazıçısı Anarla bərabər, Arif Əmrahoğlu aradan götürdü. Mən onlarla yazar tanıyıram ki, məhz Arif Əmrahoğluna görə bu birliyə münasibətinə müsbət çalarlar əlavə etmiş, yaxud da bütünlüklə münasibətini dəyişmişdir. Vaxt var idi ki, demək olar, hər gün müxtəlif qəzetlərdə Yazıçılar Birliyinə, yaxud onun rəhbərliyinə qarşı məqalələr yazılırdı. Yazıçılar Birliyi isə bu məqalələrə cavab verməklə məşğul idi. Arif Əmrahoğlunun ora gəlişindən sonra Yazıçılar Birliyinə olan hücumlar da azalmışdır, Yazıçılar Birliyi cəmiyyətdə müsbət imic formalaşdırmışdır. 

Arif Əmrahoğlu ilə Nizami adına Ədəbiyyat İnstitutunda işləyərkən daha yaxından tanış oldum. Əgər əvvəllər ara-sıra görüşürdüksə, “XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı” şöbəsində birgə çalışdığımız zaman bir-birimizi daha dərindən tanımaq fürsəti bulduq. Filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının rəhbərlik etdiyi şöbədə hər həftə toplaşaraq ədəbiyyatşünaslığın müxtəlif problemlərini müzakirə edərkən Arif Əmrahoğlunun elmi-nəzəri erudisiyasının, geniş ədəbiyyatşünaslıq təfəkkürünün, bədii ədəbiyyatı hiss etmək, duymaqla yanaşı, onu qiymətləndirmək istedadının şahidi oldum. Müzakirələrdə yaxından iştirak edir, elmi-nəzəri düşüncəsini mümkün qədər paylaşırdı, lakin bunu elə edirdi ki, qarşısındakı onun bilik nümayiş etdirdiyini heç cür hiss etmirdi. Onun “Nəsrin poetikası”, “Epik sözün bədii gücü” monoqrafiyaları ədəbiyyatşünaslığımızın ən yaxşı səhifələrini təşkil edir. 

Son zamanlar Arif Əmrahoğlu sırf nəzəri məsələ – nəsrin poetikası məsələləri ilə məşğul olurdu. Stereotip davranış və obraz yaradıcılığı ilə bağlı şöbədə etdiyi məruzə ədəbiyyatşünaslığımızda yeni bir səhifə açırdı. Bu istiqamətdə onun milli etnik şüur, müəllif mövqeyi və s. problemlər haqqında söhbətlərinə də qulaq asmışam. Ancaq nə yazıq ki, bütün bunlar  onun nəzəri erudisiyası qarşısında çox az idi. O, daha çox yazıb yaratmağa layiq idi. Onu tanıyanların hamısı onu elmlər doktoru görmək istəyirdi, bir tək özündən başqa... Dəfələrlə bu mövzuda söhbətlərimizdə hər şeyin hazır olduğunu, ancaq hələ tamamlamağa vaxtının olmadığını deyirdi. Mənə elə gəlir ki, onun bütün bunlara sadəcə vaxtı çatmırdı, daha gərəkli hesab etdiyi işlərlə məşğul olurdu. Arif Əmrahoğlu ada, şan-şöhrətə o qədər də fikir vermirdi. 

Onun yazıları həyatı və varlığı idi, bu yazılarla yaşayırdı, həyatda necə vardısa, yazılarında da elə idi. Arif sözü elə Arifin özü idi... 

Bədirxan Əhmədov, 
filologiya elmləri doktoru, professor

 

Mədəniyyət