Qubanın Miçurini

post-img

Şair təbiətli bioloq yaşıl misralarını torpağa yazır

Quba respublikamızın əsrarəngiz təbiəti, ecazkar coğrafi mövqeyi, yerüstü və yeraltı sərvətləri, vətənpərvər və işgüzar zəhmət adamları ilə seçilən, eyni zamanda, alim və mütəfəkkirlərin yaradıcı əməyindən qaynaqlanan mədəniyyət və təfəkkür mərkəzlərindən biridir.

Tanrının Quba təbiətinə əta etdiyi gözəllikləri, dağın-dərənin əbədi melodiyasını, bağın-bağatın məlhəm və məhrəm pıçıltılarını öz elmi və bədii yaradıcılığında yaşadan ziyalılarımızdan biri də biologiya elmləri namizədi Mədət Qurbanovdur. Ulu təbiət elminin mükəmməlliyindən bəhrələnərək öz fəaliyyətində müasir təsərrüfatçılıq metodlarının tətbiqinə geniş yer verən, bağbanlara, fermerlərə və aqronomlara yardımçı olan Mədət Qurbanov. Onun keçdiyi həyat yoluna nəzər salsaq, görərik ki, nəinki Qubada, digər bölgələrdə də yaradıcı fəaliyyəti ilə böyük hörmət-izzət qazanıb.

Mədət müəllimlə ilk tanışlığım vaxtilə çalışdığı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olub. Onunla ixtilatımız yaxşı tutur, şirin söhbətlərimiz zamanı birimiz fəlsəfi, digərimiz də poetik fikirlərimizi alma kimi bölüşürük. Səadət, mənalı həyat rəmzi sayılan almalara həsr etdiyim “Almalı kitab”ımdan misraları səsləndirirəm:

Mən aşiq qızıl alma,
Yollara düzül, alma.
Bilsəm ki, yar göndərib,
Saxlaram yüz il, alma…

O da meyvələri tumlu, çəyirdəkli, gərzəkli, subtropik və sitrus növlərinə bölərək, bunların torpaq-iqlim şəraitinə uyğunlaşma dərəcələrindən elə bilgilər verir ki, adam mat qalır.

Mədət müəllim Miçurin kimi xalqına xidmət etmək arzusu ilə daxil olduğu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsini 1978-ci ildə bitirib. Sonra keçmiş SSRİ-nin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Ümumittifaq Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun məqsədli aspiranturasına daxil olub, 1987-ci ildə “Azərbaycan SSR-də tumlu meyvə bitkilərinin qurumadan mühafizəsinin bioloji əsaslandırılması” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək “Bitkilərin zərərverici və xəstəliklərdən mühafizəsi” ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

Mədət müəllim elmi fəaliyyətini Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan sonra Quba Regional Aqrar Elm İnformasiya və Məsləhət Mərkəzində (RAEİM) davam etdirib, bu gün də bilik və bacarığını bu müəssisədə uğurla tətbiq edir. Bu rayonun aqrar sahəda uğurlarında, təbii ki, Mədət Qurbanovun da xidmətləri az deyil.

Ölkəmizdə son vaxtlarda aqrar sektorda innovativ həllərin tətbiqinə geniş meydan verilməsi, həm bitkiçilik, həm də heyvandarlıq sahələrində müasir təsərrüfatların yaradılması, ərzaq tələbatının sırf yerli istehsal hesabına qarşılanması və xarici bazarlara daha çox kənd təsərrüfatı məhsullarının çıxarılması sahəsində Quba RAEİM-in fəaliyyətindən, o cümlədən Mədət müəllim kimi mütəxəssislərin əməli təcrübəsindən geniş istifadə olunur.

Mədət Qurbanov uzun illər meyvəçiliyin inkişafı sahəsində aktual mövzular üzərində işləyib. O, meyvə sortları ilə bağlı aqrar sahədə həyata keçirilən uğurlu layihələrin, önəmli proqramların hazırlanıb reallaşdırılmasında, bu yöndə müşavirə və təlimlərdə fəal iştirak edib. Alim ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının tərəqqisinə xidmət edən elmi töhfələri ilə öz tərcümeyi-halını zənginləşdirib.

Mədət Qurbanovun tingçiliyin elmi əsaslarla yenidən qurulması və müasir texnologiya üzrə intensiv və super intensiv tipli meyvə bağlarının salınması istiqamətindəki məqsədyönlü fəaliyyəti təqdirəlayiqdir və müasir gənc kadrlar üçün örnək sayıla biləcək qədər əhəmiyyətlidir.

Ömrünün ən işgüzar illərini ölkə iqtisadiyyatının çiçəklənməsinə sərf edən Mədət müəllimin doğma Qubamızın qədirbilən insanları, iş yoldaşları, rayona gələn qonaqlar, layihə, tədbir və müşavirə iştirakçıları ilə səmimi davranışı, isti münasibəti bir ayrı yazının mövzusudur. Bircə onu demək kifayətdir ki, Mədət Qurbanov öz-özlüyündə bir ünsiyyət, sadəlik, insaniyyət və vətənpərvərlik məktəbidir. Onunla hər görüşümüzdə bu dəyərlərin şahidi olmuşam. Qürur duymuşam ki, rayonumuzda belə bir ləyaqətli, alicənab alim yaşayır və biz də bu elm adamı ilə bir məkanı və zamanı bölüşürük.

Torpağın sevincini gül-çiçəyin gülüşü ilə, ağrısını alim qələminin mürəkkəbi ilə yaşayır insan. Bir şeirimdə dediyim kimi:

Uğunar budaqda tumurcuq çatlar,
Qönçələr dartınıb qınından çıxar.
Cücərən toxumla, uzanan otla
Torpağın ağrısı canından çıxar.

Öz səmərəli elmi fəaliyyəti ilə torpağın ağrısını canından çıxaran alim dostumuz Mədət Qurbanovu anadan olmasının 70 illiyi münasibətilə səmimi təbrik edir, əziz dostumuza yeni uğurlar diləyirik!

Ramiz QUSARÇAYLI,
şair, AYB Quba bölməsinin sədri

Mədəniyyət