Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş kitab sərgisinin son günləri də oxucuların yaddaşında xoş təəssuratlarla qaldı. Bu il də nəşriyyatlar yerli və xarici yazarların əsərlərini kitabsevərlərə təqdim etdilər. Səmərəli keçən bir həftə ərzində dünyaşöhrətli yazarlar, yerli ədəbiyyat adamları və sərginin digər fəxri qonaqları ilə maraqlı və yaddaqalan görüşlər keçirildi. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar da iştirak edirdilər. Beynəlxalq Kitab Sərgisi çərçivəsində, həmçinin uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları da təşlik olunmuşdu.
Sərgidə kitablarla yanaşı, müxtəlif əl işləri də təqdim olunurdu. Stendlərə yaxınlaşıb bir neçə nümunələrlə tanış olduq.
Zəhra Xələfova, “Ümidvar” İnklüziv Yaradıcılıq Birliyinin layihə rəhbəri: -- - Burada, autizm, daun sindromlu, nitq və eşitmə məhdudiyyətli şəxslərin əl işləri sərgilənir. Bundan əlavə, bir nəfər qazimizin də düzəltdiyi əşyaları görə bilərsiniz. Müxtəlif bəzək aksesuarları, taxtadan və digər materiallardan hazırlanmış əl işləri, suvenirlər, rəsm əsərləri var. Bu məhsulların satışından əldə olunan gəlir birbaşa onlara ianə olunur.
Seyidzadə Təhminə, “Xarı bülbül” brendinin təsisçisi və yaradıcısı: Sərgi yüksək səviyyədə təşkil olunub. Biz də Rəssamlıq Akademiyasının “Rəssamlıq” fakültəsini bitirən gənclərlə birgə hazırladığımız nümunələri iştirakçılara təqdim edirik. “Xarı bülbül” bizim ortaq lahiyəmizdir. Məqsəd gənclərə öz brendini yaratmaq və bu yolda uğur əldə etməyin yollarını öyrənmək üçün stimul verməkdir.
Sərgidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaqlar üçün nəzərdə tutulmuş tədbirlər keçirilir və vəsaitlər təqdim olunurdu.
Məmmədova Səyyarə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə müdiri: Uşaqları ətraf mühitlə tanış etmək və sevdirmək üçün ekologiya sahəsində kitabların, vəsaitlərin olması çox önəmlidir. Nazirlik səviyyəsində də bu cür kitabların çap olunması üçün hər zaman çalışırıq. Məsələn, “Üç alma” nəşriyyatında çap etdirdiyimiz kitablar var. Bu cür vəsaitlərin sayı nə qədər çox olarsa uşaqların elə uşaq yaşlarından ətraf mühitə, təbiətə olan sevgisi, qayğısı da bir o qədər çox olar. Biz əminik ki, gələcək nəsillər artıq ekoloji şüurlu gənclər olaraq böyüyəcəklər. Və hazırda mövcud olan bir çox ekoloji problemləri məhz bu sahədə maariflənmiş gənc nəsil sayəsində həll edə biləcəyik.
Sərgidə iştirak edən “Hophopnamə” Kitab Mərkəzi diqqətimi daha çox çəkdi. Sən demə, bölgələrdən qatılan yeganə kitab mərkəzi imiş. Qurumun nümayəndəsi Həsrət Abbasovla söhbətləşdim. Həmsöhbətim xüsusi olaraq vurğuladı ki, cənub zonasının kənd təsərrufatı və sənaye rayonu olan Sabirabaddan qonaq qismində iştirak edirlər: - Bölgələrdən kitab sərgisinə qatılan yeganə mərkəzik. Sabirabad rayonundan qonaq gəlmişik. Oxucu stendimizə yaxınlaşır. Haradan gəldiyimizi soruşur. Deyəndə ki, filan yerdən gəlmişik, təəcüblənirlər. Rayonda belə bir mərkəzin olması onlar üçün də maraqlıdır. Mərkəzin əsas məqsədi Bakıda nəşr olunan kitabları rayondakı oxucular üçün daha əlçatan etməkdir. Burada kitab kafesi də fəaliyyət göstərir. Bu da oxucuların istirahətini daha səmərəli keçirmələri üçün daha əlverişlidir.
Sonda onu da qeyd edək ki, bu cür sərgilərin keçirilməsi istehlakçılarla ünsiyyət qurmaq, rəqəmsal dövrdə ölkəmizdə kitab biznesinin necə inkişaf etdirilməsi ilə bağlı yerli və beynəlxalq təcrübə və ideyaları bölüşmək üçün ideal platformadır.
Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edirdi. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün üç adda - “Füzuli”, “Lütfizadə” və “Yaşıl dünya” təqdimat zonaları fəaliyyət göstərirdi.
Fidan SALMANOVA
Elşən AĞALAROV (foto)
XQ