Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilən X Bakı Beynəlxalq Kitab Sərgisinin növbəti günləri də proqram zənginliyi ilə seçilib.
Yubiley sərgisində Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər. Sərgi tarixində ilk dəfə 7 gün sürəcək kitab bayramında uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında tədbirlər keçirilir.
Regionumuzda ən böyük kitab sərgisi sayılan bayramda Məhəmməd Füzulinin qəzəlinin muğam üstündə ifası və ölməz bəstəkar Üzeyir Hacıbəylinin musiqi əsərlərindən ibarət kompozisiya səsləndirilməsi sərginin ümumi ruhunu gözəl ifadə edib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın söylədiyi “Kitab həmişə yaşasın və bizi yaşatsın” sözləri isə bir növ sərginin devizinə çevrilib.
Sərgi vasitəsilə ölkələrarası mədəniyyət mübadiləsi aparılır, əməkdaşlıq əlaqələri qurulur. Bu, münasibətlərin yaxınlaşmasında mühüm platformadır. Türkiyə nəşriyyatları qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi ilə İstanbul Ticarət-Sənaye Palatasının açdığı ayrıca stenddə öz kitablarını sərgiləyirlər. Türkiyə səfiri Cahit Bağçı da sərgiyə gəlib. Burada “Anadolu” agentliyi AA Kitab brendi ilə “Sübut”, “Atatürkdən Ərdoğana qədər bizim prezidentlər”, “Yüzilliyin 100 kinematoqafiya əsəri”, “İstanbul Poto Avards” fotoalbomu və digər nəşrlər təqdim olunub və yüksək dəyərləndirilib.
Sərginin “Füzuli” təqdimat zonasında AYB-nin mətbuat katibi, şair Xəyal Rzanın layihə rəhbəri olduğu “Günlərdən şeir” görüşləri də maraqlı olur. Şair Aynur Qafarlı və qiraətçi Anar Atakişinin dəvət edildikləri görüş ziyarətçilərə xüsusi zövq verib. Aynur xanım pedaqogika üzrə fəlsəfə doktoru, 1 dərs vəsaitinin, Azərbaycanda və xaricdə nəşr edilmiş 15 məqalə və tezisin, 2 şeir kitabının müəllifidir. Qonaqların ifasında şeirlər səsləndirilib, poeziyanın insanın mənəvi aləminin zənginləşməsindəki rolundan bəhs edilib. Poeziyanı qeyri-adi ruh məkanı sayan Anar Atakişi duyğu dolu anlarla hər qəlbə siraət etməyi bacarıb.
Onu da qeyd edək ki, sərginin Təşkilat Komitəsi şair Salam Sarvanı və yazıçı Rövşən Abdullaoğlunu fəxri yazarlar qismində seçib. Bu isə bədii ədəbiyyata xüsusi önəm verilməsinin göstəricisidir. Salam Sarvan müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindəndir. “Sənə deyiləsi deyil sənə deyiləsi sözüm”, “Mən gələr olmadım, yolu qarşıla”, “Heykəl tənhalığı” adlı şeir kitablarının müəllifidir. Şairin əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. Rövşən Abdullaoğlu isə çağdaş nəsrimizdə ən çox oxunan yazıçılardan biri və 32 kitab müəllifidir. “Relslər üzərində uzanmış adam” romanı 2020-ci ildə “Readers Favorite” beynəlxalq kitab müsabiqəsinin qalibi olub.
Respublika Xatirə Kitabı Redaksiyasının “Azərbaycan Respublikası Xatirə kitabı”nın 4-cü cildinin xüsusi buraxılışının təqdimatı keçirilib. Kitabda İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsində həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilib.
Mərasimdə çıxış edən baş redaktor Nəzakət Məmmədova xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsinin Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işi olduğunu bildirib. O, redaksiyanın bu ənənəni layiqincə davam etdirdiyini vurğulayıb.
Fərəhli haldır ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin ziyarətçiləri arasında kiçikyaşlı oxucular da az deyil. Onlar burada həm yeni nəşrlərlə tanış olur, istədikləri kitabları alır, həm də müxtəlif əyləncəli oyunlarda iştirak edirlər.
Xatırladaq ki, kitab bayramı oktyabrın 8-dək davam edəcək.
Ə.DOSTƏLİ
XQ