Gələn ayın 22-də mənim doğma və dəyişməz ünvanım olan Sumqayıtın şəhər statusu almasının 75 ili qeyd ediləcək. Artıq indidən şəhər özünün bayram ab-havasına köklənib, bəzəkləri ilə göz oxşayır. Sumqayıtın parlaq gecə görüntüləri xüsusilə cazibədardır.
Hər dəfə Sumqayıtdan söz düşəndə unudulmaz şairimiz Nəbi Xəzrinin on illər öncə gənclik şəhərinin şəninə yazdığı misraları xatırlayıram:
Sumqayıt, əzizim, gözlərin aydın,
Sənin hər addımın böyük hünərdi.
Deyirəm, bəlkə də sən olmasaydın,
Yer üzü nə qədər boş görünərdi.
Sumqayıt addım-addım böyüyərək, ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın 2-ci böyük sənaye mərkəzinə çevrilib. Paralel olaraq burada sırf şəhər atributları da yaradılıb, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələr genişlənib. Sumqayıt Azərbaycanın mədəni və intellektual potensialının gücləndirilməsinə sanballı töhfələr verir.
Qarşıdakı yubileylə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti geniş tədbirlər planı hazırlayıb və həyata keçirir. Bu tədbirlərin, hələlik, ən diqqətçəkəni şəhərin möhtəşəm gecə görüntüləri ilə bəzədilməsidir. Əsas küçə və prospektlərdə xüsusi bəzək-işıqlandırma sistemi quraşdırılıb, parklar, meydanlar və digər ictimai məkanlar yeni dekorativ-vizual elementləri ilə göz-könül sevindirir. Sumqayıtın əsrarəngiz gecə mənzərələri sakinləri və qonaqları valeh edir. Şəhərin müxtəlif yerlərində quraşdırılan işıq effektləri, “75” rəqəminin elektron manipulyasiyaları şəhərin görkəminə əlavə rəng qatır. Sanki ulduzlar göydən enərək Sumqayıtın əlvan boyunbağısına çevrilib. Gecə şəfəqləri gündüzün göyqurşağını xatırladır.
Heyrət doğuran bütün bu gözəllikləri əsl zövq sahibləri yaradıblar.
Əli NƏCƏFXANLI
XQ