Sevinc Əliyeva: Dublyaj filmlərində olan tərcümə qüsurlarının aradan qaldırılması ən mühüm məsələdir

post-img

Tədbirin keçirilməsində əsas məqsəd monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi, onların aradan qaldırılması üçün müvafiq müzakirələrin təşkil edilməsidir. Bu məqsədlə əlaqədar mütəxəssislər dəvət olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva deyib.

Onun sözlərinə görə, hazırda ən mühüm məsələ dublyaj filmlərində tərcümə zamanı yol verilən qüsurlar, onların aradan qaldırılması üçün müzakirələrin təşkil olunmasıdır. Çünki hər bir film aid olduğu xalqın dil, təfəkkür və yaradıcılığını əks etdirdiyindən dillər və mədəniyyətlərarası əlaqə nəzərə alınmadan hərfi tərcümə özünü doğrultmur: “Ona görə də xüsusilə dublyaj filmi zamanı tərcümə ilə məşğul olan hər kəs dilin qrammatik qaydalarına dərindən bələd olmalı, eyni zamanda, müxtəlif dillər arasındakı fərqləri, xüsusilə də dilin ən həssas qatı olan frazeoloji birləşmələri nəzərə almalıdır. Hər iki dilin lüğət tərkibinə dərindən bələd olmalıdır. Çünki bu sahədə peşəkarlıq olmasa, arzuolunan nəticəni əldə etmək nəinki mümkün olmayacaq, telekanal öz tamaşaçısını da itirəcək ”, - deyə professor S.Əliyeva vurğulayıb.

Monitorinq Mərkəzinin direktoru, həmçinin qeyd edib ki, xüsusilə son iki ildə dublyaj filmlərində həm tərcümə zamanı, həm də səsləndirmədə xeyli irəliləyiş var: “Bununla yanaşı, bu gün ən narahatedici məqamlardan biri üslub məsələsidir. Çünki tərcüməçinin fərdi üslubu və peşəkarlığı əsas şərtlərdən biridir”.

Mədəniyyət