Tarixi məclisin fədakar təşkilatçısı və fəal nümayəndəsi

post-img

I Türkoloji Qurultay – 100

1926-cı ilin fevral – martında Bakıda keçirilmiş I Türkoloji Qurultayın hazırlanmasında və keçirilməsində xüsusi fədakarlıq göstərmiş ziyalılarımızdan biri də maarifçi pedaqoq, dilçi və ictimai xadim Fərhad Ağazadə olmuşdur. İrimiqyaslı məclisdə nümayəndə kimi iştirak və çıxış etmiş soydaşımız həmin dövrün nüfuzlu dil və mədəniyyət tədqiqatçılarından biri kimi müzakirələrdə və qərarların qəbul edilməsində də fəallıq göstərmişdir.

XX əsrin əvvəllərində milli oyanış və maarifçilik hərəkatının öncül simalarından olmuş Fərhad Ağazadənin elm və təhsil sahəsində fəaliyyəti Azərbaycan dilinin elmi əsaslarının formalaşması, milli təhsil sisteminin qurulması və türkologiyanın inkişafı ilə sıx bağlıdır. Fərhad Ağazadə 1888-ci ildə Şuşada anadan olmuşdur. İlk təhsilini “məktəbi-rüşdiyyə”də, daha sonra Müəllimlər Seminariyasında almışdır. Erkən yaşlarından maarifçi ideyalarla silahlanmış, müəllimlik fəaliyyətinə başlamış, müxtəlif məktəblərdə dərs demişdir. 1910–1920-ci illərdə bir sıra pedaqoji və mədəni cəmiyyətlərin üzvü kimi fəaliyyət göstərən Ağazadə təhsil islahatlarının həyata keçirilməsində yaxından iştirak etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fərhad Ağazadə siyasi-ictimai mühitdə milli təhsil sisteminin formalaşdırılmasını dövlət quruculuğunun əsas şərtlərindən biri kimi dəyərləndirirdi. Buna görə də respublikanın Maarif Nazirliyi və müxtəlif elmi-maarifçi qurumlarla sıx əməkdaşlıq edərək məktəblərin milli əsaslar üzərində qurulması üçün layihələrin hazırlanmasında iştirak etmişdir.

Onun təşəbbüsü ilə məktəblərdə tədris prosesinin həm məzmun, həm də metodika baxımından yenilənməsi istiqamətində mühüm addımlar atılmış, Avropa təhsil standartlarına uyğun proqramların tərtibinə başlanmışdı. O dövr üçün yenilik sayılan bu proqramlarda fənlərin daha sistemli şəkildə bölünməsi, məntiqi ardıcıllığın qorunması, həmçinin şagirdlərin dünyagörüşünün genişləndirilməsi əsas hədəflərdən biri olmuşdur.

Fərhad Ağazadə Azərbaycan dilinin dövlət dili kimi tətbiqini xüsusi əhəmiyyət daşıyan siyasi və mədəni məsələ hesab edirdi. O, ana dilinin dövlət idarəçiliyində, təhsildə, mətbuatda və ictimai həyatda geniş işlədilməsini milli kimliyin təməl sütunu kimi dəyərləndirir, bu istiqamətdə maarifpərvər ziyalılarla birgə ardıcıl mübarizə aparırdı. Onun fikrincə, dövlət dili yalnız formal status daşımamalı, xalqın təfəkkür tərzini, mədəni yaddaşını və müstəqillik iradəsini ifadə etməlidir.

O, Cümhuriyyət dövründə milli məktəb modelinin elmi əsaslarla qurulması, tədrisin müasirləşdirilməsi və Azərbaycan dilinin cəmiyyətin bütün sahələrində möhkəmləndirilməsi işlərinə böyük töhfə vermiş dilçi və ədəbiyyatşünas alim idi. Onun araşdırmaları əsasən Azərbaycan ədəbi dili, orfoqrafiya və terminologiya məsələlərinə həsr olunmuşdur. O, Azərbaycan dilinin fonetik, morfoloji və leksik xüsusiyyətlərini öyrənərək, bu sahədə vahid elmi prinsiplərin müəyyənləşdirilməsinə çalışmışdır.

Fərhad Ağazadə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti “Azərbaycan”ın ən fəal yazarlarından olmuşdur. 1919–1920-ci illərdə qəzetin, demək olar ki, bütün nömrələrində onun məqalələri dərc edilmişdi. 1919-cu il martın 1-də parlamentdə əlifba islahatı ilə bağlı yaradılan komissiyanın üzvü olan Ağazadə fikirlərini “Əlifba tarixində türklərin vəziyyəti” və “Dilimizin türkləşməyinə çarələr” adlı silsilə yazılarında ifadə etmişdir.

Bolşevik işğalından sonra komissiyanın işi yarımçıq qalsa da, Fərhad Ağazadə əlifba islahatı üzrə fəaliyyətini davam etdirərək 1921-ci ildə “Kommunist” qəzetində dərc olunan “Əlifbanın dil yanlışlıqlarına təsiri” məqaləsində dəyişikliklərin vacibliyini əsaslandırmışdır. 1922-ci il yanvarın 13-də o, komissiyaya sədr təyin olunmuş, noyabrın 20-dək Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsinə rəhbərlik etmişdir. Onun təklifi ilə komissiya müsəlman dünyasında istifadə olunan rəqəmlərin yerinə Avropa rəqəmlərindən istifadəyə qərar vermişdir.

O zaman əlifba islahatı üzrə aparılan işlər bir müddət ləngisə də, Fərhad Ağazadə bu prosesdən qətiyyən geri çəkilməmişdir. O, yeni sosial-siyasi şəraitdə də dil və yazı məsələlərinin milli mədəniyyət üçün həlledici əhəmiyyət daşıdığını bildirmişdir. 1921-ci ildə “Kommunist” qəzetində çap olunan “Əlifbanın dil yanlışlıqlarına təsiri” adlı məqaləsi ilə Ağazadə islahatın yalnız texniki deyil, həm də elmi-linqvistik əsaslarını ortaya qoydu. Məqalədə ərəb qrafikasının fonetik tələblərə cavab verməməsi, ana dilinin səlis öyrənilməsinə mane olması elmi faktlarla sübut edilirdi.

Yeni əlifba məsələsi üzrə müzakirələrin güclənməsi fonunda 1922-ci il yanvarın 13-də Fərhad Ağazadə hökumət tərəfindən yaradılmış xüsusi komissiyanın sədri təyin olundu. Qısa müddətdə komissiyanın fəaliyyətinə sistemlilik gətirdi, mütəxəssislərin, müəllimlərin və ziyalıların iştirakı ilə müzakirələr təşkil etdi. Noyabrın 20-dək Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında fəaliyyət göstərən Yeni Əlifba Komitəsinə rəhbərlik edən Ağazadə həm nəzəri, həm də praktiki istiqamətlərdə real addımlar atdı.

Onun təşəbbüsü ilə komissiya yalnız hərflərin dəyişdirilməsi ilə kifayətlənmədi, rəqəmlər sisteminə də yenilik gətirdi. Ərəb rəqəmlərin əvəzinə, Avropa rəqəmlərinin tətbiqi qərara alındı ki, bu da Azərbaycanda maarifləndirmə və təhsil prosesinin Avropa standartlarına uyğunlaşdırılması baxımından mühüm dönüş nöqtəsi idi. Fərhad Ağazadə əlifba islahatını sadəcə qrafik dəyişiklik kimi deyil, milli mədəni dirçəliş və müasir dünyaya inteqrasiya vasitəsi kimi dəyərləndirir, elmi arqumentlərlə əsaslandırırdı.

I Türkoloji Qurultayda Azərbaycan nümayəndə heyətinin üzvü kimi çıxış edən Fərhad Ağazadə həmin elmi toplantının fəal iştirakçılarından biri olmuşdur. O, Qurultayın mərkəzi müzakirə mövzularından sayılan latın qrafikasına keçid, həmçinin ümumtürk ədəbi dilinin – ortaq türkcənin formalaşdırılması məsələlərinə dair dərin elmi bilgiləri və milli düşüncəyə əsaslanan arqumentləri ilə seçilmişdir. Fərhad Ağazadə hesab edirdi ki, türkdilli xalqların mədəni və elmi inteqrasiyası üçün ortaq əlifba və dil birliyi həyati əhəmiyyət daşıyır. Onun fikrincə, yeni – latın əsaslı əlifbanın qəbul edilməsi yalnız texniki dəyişiklik deyil, həm də milli oyanışın, maarifləndirmə prosesinin və müasir elmin inkişafının əsas şərtlərindən biridir.

Qurultayda etdiyi çıxışlar zamanı o, həm Azərbaycan təcrübəsindən, həm də digər türkdilli xalqların dil islahatları sahəsindəki təşəbbüslərindən nümunələr gətirmiş, elmi əsaslarla ortaq yazı sisteminin üstünlüklərini izah etmişdir. O, məruzəsində latın qrafikasının türkdilli xalqlar arasında mədəni və elmi inteqrasiyanı asanlaşdıracağını, yazı sisteminin sadələşdirilməsinin isə savadlanma prosesini sürətləndirəcəyini əsaslandırmışdır. Ağazadə dilin xalq təhsili ilə əlaqəsini önə çəkərək, yeni əlifbanın tətbiqində elmi və pedaqoji prinsiplərin qorunmasının vacibliyini qeyd etmişdir.

Fərhad Ağazadə Qurultayda Azərbaycan təcrübəsini nümunə kimi təqdim etmiş, dil islahatlarının yalnız mədəni deyil, həm də siyasi əhəmiyyət daşıdığını vurğulamışdır. Onun çıxışı o dövrdə türkologiyada formalaşmaqda olan vahid elmi yanaşma və dil siyasəti prinsiplərinin müəyyənləşməsində mühüm rol oynamışdır. Fərhad Ağazadənin bu istiqamətdəki fəaliyyəti onun yalnız pedaqoq və dilçi kimi deyil, həm də bütün Türk dünyasının gələcəyini düşünən ziyalı kimi tanınmasına səbəb olmuşdur. Onun ideyaları sonrakı illərdə həm Azərbaycanda, həm də digər türk respublikalarında həyata keçirilən dil və əlifba islahatlarına nəzəri əsas vermişdir.

Sovet hakimiyyətinin möhkəmləndiyi illərdə bir çox ziyalı kimi Fərhad Ağazadə də siyasi təzyiqlərin hədəfinə çevrildi. Onun maarifçilik ideyaları, əlifba islahatında fəal iştirakı, milli mədəniyyətin inkişafı uğrunda apardığı ardıcıl mübarizə totalitar rejimin gözündə “etibarsızlıq” kimi qiymətləndirilirdi. 1931-ci ildə ona qarşı uydurulmuş siyasi ittihamlarla cinayət işi açıldı və Ağazadə həbs olundu. Bu həbs, faktiki olaraq onun həyatının faciəvi sonluğunun başlanğıcı olmuş və qısa müddət sonra həyatını itirmişdir.

Folklorşünas–publisist Əli Şamil yazır ki, gəncliyində şeirlərini və bir çox publisistik məqalələrini “Şərqli” imzası ilə yazan Fərhad Ağazadəni 1937-ci ilin repressiyasından və uzun sürən ağrılı-acılı işgəncələrindən vaxtsız ölüm xilas etmişdir.

Namiq ƏHMƏDOV
XQ

Mədəniyyət