Azərbaycanda beynəlxalq dağ xizəyi turniri

post-img

“Şahdağ” Turizm Mərkəzində yarışlar start götürdü

Dünən Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb.

Beynəlxalq turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.

Turnirə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Qazaxıstan və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı qatılıb. Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.

Turnirin ilk günündə idmançılar dağ xizəyinin Slalom növündə yarışıblar. Gürcüstan idmançısı Nino Thklauri 1-ci, isveçli Nikita Anner 2-ci, özbəkistanlı Kseniya Brejnaya isə 3-cü yerə sahib olub.

Turnir çərçivəsində Azərbaycan Qış İdman Növləri Federasiyası ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında əməkdaşlığa və gələcək layihələrə, o cümlədən qış idmanının ölkəmizdə tanıdılması və infrastrukturun yaradılması, idman tədbirlərinin keçirilməsi istiqamətində görülən işlərə dair brifinq təşkil olunub, suallar cavablandırılıb.

Xatırladaq ki, turnir yanvarın 10-da başa çatacaq. Növbəti günlərdə idmançılar Slalom və Qiqant Slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən ilin may ayında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizm destinasiyasına çevrilməsi və “Şahdağ” Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.

Əməkdaşlığın əsas məqsədi Azərbaycanın qış idman növləri üzrə dünya səviyyəli yarışların keçirildiyi destinasiya kimi tanıdılması və ölkənin turizm brendinin beynəlxalq arenada genişmiqyaslı təqdimatının təmin edilməsidir. Müqaviləyə əsasən, Azərbaycan 5 il müddətinə FIS tərəfindən təşkil olunan qlobal yarışlarda “Qlobal destinasiya tərəfdaşı” qismində çıxış edəcək.

Tərəfdaşlıq müqaviləsinə əsasən bu il martın 14-15-də ilk dəfə olaraq Azərbaycan Moqul üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək.

Q.ƏLİYEV
XQ





İdman