Buzovna qəsəbəsindəki R.Axundov adına mədəniyyət evində Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun 1918–ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad etməsinin 106 illiyinə həsr olunan mərasim keçirilib.
İftixarla qeyd edilib ki, bu gün də Bakıətrafı ərazilərdə həmin tarixi hadisələrin izləri qalmaqdadır. Türk əsgərlərinin qurduğu istehkamlar, şəhid türk məzarları bu qəbildəndir. Sovet rejiminin davam etdiyi 70 il ərzində şanlı tariximizdən uzaq salınsaq da, türk əsgərlərinin qardaşlıq köməyini heç bir zaman unutmamışıq.
Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova həmin şərəfli tarixi yüksək dəyərləndirib.
Buzovna Cümə məscidinin axundu Hacı Soltan Əlizadə çıxışında bildirib ki, bu mədəniyyət evi vaxtilə Hacı İsgəndər bəyin mülkü olub. O, 1918-ci ildə kənddə ermənilərə qarşı döyüşən özünümüdafiə dəstəsinə rəhbərlik edib. Sonradan, 1937-ci ildə Hacı İsgəndər bəy tutulub mühakimə olunarkən, ondan özünümüdafiə dəstəsi üzvlərinin adlarını söyləmək tələb edilib. Lakin o, həmin şəxsləri satmadığı üçün xüsusi amansızlıqla öldürülüb.
“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov 1918-ci ildə Bakının bolşeviklərdən və erməni daşnaklarından azad edilməsində ətraf kəndlərin sakinləri ilə bərabər, yerli qoçuların da müstəsna xidmətlərindən danışıb. Filologiya elmləri doktoru, professor Minaxanım Təkləli çıxışında Qafqaz İslam Ordusu ilə bağlı araşdırmalarından, AYB-nin üzvü, şair xanım Mahcamal Babayeva 1918-ci il hadisələrində həyat yoldaşlarına arxa olan qadınlarımızın qəhrəmanlığından, Zirə qəsəbə dini icma sədri Hacı Qədir Nəcəfzadə o zaman sakinlərin Qafqaz İslam Ordusuna müraciətindən, Mərdəkan sakini Pənah Babayev neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi binada (indiki 123 nömrəli tam orta məktəb) yaralı türk əsgərlərinin müalicə olunmasından bəhs ediblər. Digər natiqlər də 106 il əvvəlki Bakı hadisələrinin Azərbaycan tarixinin ən şərəfli səhifələrindən olduğunu konkret faktlarla diqqətə çatdırıblar.
Təranə CƏBİYEVA