Səmərqənd şəhərində keçirilən beynəlxalq konqresə Azərbaycan alimləri də qatılıb

post-img

Özbəkistanın qədim Səmərqənd şəhərində İslam Sivilizasiyaları Mərkəzi və Özbəkistanın Mədəni İrsinin Tədqiqi, Təbliği və Nəşri üzrə Dünya Cəmiyyətinin birgə təşkilatçılığı, TÜRKSOY, İSESKO, İRCİCA (İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi) və digər beynəlxalq təşkilatların dəstəyi ilə “Böyük əcdadların irsi III intibahın əsasıdır” mövzusunda VIII beynəlxalq konqres keçirilib.  

Tədbirdə dünyanın 40-dan artıq ölkəsindən gələn 400-ə yaxın tanınmış alim iştirak edib. 

Azərbaycandan bu konqresə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İcraçı direktoru, Filologiya üzrə fəlsəfə doktoru,dosent Mehman Həsənli, həmin institututun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Qarabağ Universiteti filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov, AMEA Folklor İnstitutunun  Folklor və Yazılı Ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur  İbrahimova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Aygül Hacıyeva, Milli Azərbaycan Tarixi Muzeyinin Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova qatılıblar. 

Azərbaycan nümayəndələri öz çıxışlarında Özbəkistanın mədəni irsi türk-islam mədəniyyətinin əsas hissəsi kimi, türk xalqlarının mədəni və mənəvi irsinin öyrənilməsi, qorunması, ortaq mədəni dəyərlərin tədqiqi və təbliğinin vacibliyi, türkologiyanın tədqiqi sahəsinin dərinləşdirilməsi və digər mühüm məsələlər haqqında söhbət açıblar. 

Konqresin açılışından əvvəl nümayəndələr Daşkənddə tikilməkdə olan İslam Sivilizasiyası Mərkəzində tikinti işləri ilə tanış olublar. Daha sonra iştirakçılar Səmərqənd şəhərindəki İmam Buxari məqbərəsinə, buradakı elm mərkəzinə və mədrəsəyə baxıblar. 

 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Səmərqənd

 

 

Mədəniyyət