Beynəlxalq müşahidəçilər işğaldan azad olunan Füzuli şəhərində Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkiləri izləyirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq müşahidəçilər qrupunun tərkibində olan Britaniya Lordlar Palatasının üzvü Qurban Huseyin səsvermə prosesini Şuşada izlədikdən sonra Füzuli şəhərinə gəlib. O, ölkəmizdə keçirilən seçkilərin Britaniyadakı seçkilərlə oxşarlıq təşkil etdiyini vurğulayaraq, prosesi izlədiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, işğaldan azad olunan Füzuli şəhərində 4 seçki məntəqəsi - 75, 76, 77, 78 saylı seçki məntəqələri fəaliyyət göstərir. Bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.