“Kuklalar”ın səhnə sərgüzəştləri

post-img

Azərbaycan Dövlət Kukla Teatrı 93-cü mövsümdə maraqlı səhnə təqdimat­ları, səfər layihələri və sosial-mədəni aksiyalar gerçəkləşdirəcək. Ənənəyə uyğun olaraq, sənət ocağı plandan kənar səhnə əsərləri də hazırlayacaq.

Teatrın növbəti fəaliyyət planları ilə bağlı XQ-yə məlumat verən baş rejissor Anar Məmmədov bildirdi: 

– Biz ötən mövsüm bir neçə festivala qoşulduq, özümüz isə iki festivala evsahib­liyi etdik. Bu dəfə də əməkdaşlıq əlaqələ­rimizin genişləndirilməsini düşünürük. Türkiyədə keçiriləcək Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalın­dan dəvət almışıq. Biz bu sənət yarışma­sında təmsil olunmağı nəzərdə tutmuşuq. Qardaş ölkə kuklaçıları ilə birgə Türk dün­yasında məşhur olan Molla Nəsrəddin lə­tifələri əsasında komik, eləcə də ibrətamiz hekayələrdən ibarət bir tamaşa üzərində ilkin işlərə başlamışıq.

Teatrımızın beynəlxalq əlaqələrində qonşu Gürcüstanla əməkdaşlığa da önəm veririk. Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Bir­liyi arasında memorandum imzalanıb. Bu sənədə əsasən, klassik nağıl nümunələri­mizdən birini bu dəfə rejissor Nikoloz Sa­başvilinin quruluşunda təqdim edəcəyik. 

Özbəkistanın Qaraqalpaq Dövlət Kuk­la Teatrı ilə də əməkdaşlıq haqqında müqa­viləmiz var. Bu mövsüm qəhrəmanlıq, vətənpərvərlik mövzulu müştərək tamaşa planımızı reallaşdıracağıq.

– Teatr mövsümü hansı tamaşa ilə açacaq?

– Yaradıcı heyət sentyabrın 20-də “Lo­komotiv və vaqonlar” tamaşasının prem­yerası ilə balaca tamaşaçıların qarşısına çıxacaq.

Yazıçı Sevinc Elsevərin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinə quruluşu mən vermişəm. Tamaşada köhnə stansi­yadakı qoca və lovğa Lokomotivin timsa­lında uşaqlara xudbinlik və kobudluqdan uzaq olmaq təlqin edilir.

– Başqa hansı yeniliklər gözlənilir?

– Mövsümün sonuna kimi repertuara uyğun olaraq, mənim quruluşumda “Bir gün Şamaxı xanlığında”, Səidə Haqverdi­yevanın tərtibat verdiyi “Nənəmin aş qaza­nı” tamaşaları, eləcə də plandankənar dahi Üzeyir Hacıbəylinin felyetonları, novella­ları əsasında böyüklər üçün “Ordan-bur­dan” tamaşası hazırlanacaq. 

Növbəti əlavə tamaşa teatrın rus böl­məsi üçün seçilib. Bu, belaruslu rejis­sor-dramaturq Dmitriy Boqoslavskinin “Mən necə səyahətçi oldum” əsəri əsasın­da hazırlanacaq eyniadlı səhnə əsəridir.

Ceyhun BALABƏY
XQ

Mədəniyyət