Laçın elinin söz çələngi

post-img

Azərbaycanda Atatürk Mərkəzində dünən təqdimatı keçirilən “Laçın-100 ədəbi antologiya” adlı kitab Laçın şəhərinin salınmasının 100 illiyi mü­nasibətilə hazırlanıb. Şifahi ədəbiyyat kitabxanamıza dəyərli töhfə olan bu topluda Sarı Aşıq, Mir Həmzə Nigari kimi tanınmış klassiklərlə yanaşı, indiyə qədər ədəbi aləmə məlum olmayan Əmir Bəy, Şair Məmmədalı, Qara Kərim, Aşıq Alı (Suvatlı), Aşıq Abbas, Aşıq Cəfərqulu kimi el sənətkarlarının yaradı­cılığından nümunələr verilib. 

Mərasimdə tanınmış şair və yazıçılar, Laçın ictimaiyyətinin təmsilçiləri iştirak edir­dilər. 

Əvvəlcə professor Ziyadxan Nəbibəyli yeni kitabla bağlı fikirlərini bölüşdü, nəşrin əhəmiyyətini vurğuladı. Alim qeyd etdi ki, rəngarəng şeir və maraqlı nəsr nümunələrinin yer aldığı toplu söz xəzinəmizi zənginləşdirən bir mənbədir. 

– Kitabın tərtibçisi şair-tədqiqatçı İlham Qəhrəman belə bir çətin və məsul işi öz üzə­rinə götürməklə, ən yaxşı işlərdən birinə imza atıb. Nəşrdə xeyli tarixi məlumat da əks olu­nub. Antologiyanın köməyi ilə oxucular müa­sir söz adamları ilə yanaşı, həm də tərtibçinin araşdırıb üzə çıxardığı 17, 18 və 19-cu əsrlər­də yaşayıb yaratmış bir çox laçınlı şair və aşıq­ların əsərləri ilə yaxından tanış ola biləcəklər. Nəşrin ərsəyə gəlməsinə müəllifin 1 ilədək vaxtı gedib. Belə kitablar keçmişimizə və bu günümüzə olan hörmətin bariz göstəricisidir.

Şair Namiq Zaman antologiya barədə ilkin təəssüratını belə ifadə etdi:

– Antologiyada 98 müəllifin hər biri haqqında bioqrafik məlumat yer alır. Ədəbi nümunələrin seçilməsində mövzu məhdudiy­yəti olmayıb. Bəzi müəlliflərin şeirləri göstərir ki, onlar ustad şair olublar. O şairlərin irsinin bizə tam çatmadığına görə təəssüf edirik. La­çının söz xəritəsi saydığımız kitabda rayonun şəhid və qazilərinin də yaradıcılığına bölmə ayrılması antologiyanın dəyərini artırır. 

Çıxış edən digər qonaqlar da kitab haqqın­da öz fikirlərini səsləndirdilər. 

Sonda antologiyanın tərtibçisi İlham Qəhrəman söylədi ki, bu nəşr hər şeydən öncə Laçının 400 illik tarixinin söz xəritə­sidir. 

– Antologiyada laçınlı şair, nasir və aşıq­ların yaradıcılıq nümunələri 400 illik dövrü əhatə edir. Çalışdıq ki, Laçının hansı kəndində qələm adamı varsa, kənarda qalmasın. Ədəbi antologiya yurdumuzun bu günündən saba­hına bizim salnaməmizdir. Kitabda elə söz adamları var ki, onların adları Laçınla qoşa çəkilir. Hüseyn Kürdoğlu, Ağa Laçınlı, Xa­say Cabbarov, İlyas İbrahimov, Aşıq Umbay, Malik Fərrux və digər şairlərin adları Laçına şərəf gətirir. Laçına qəlbən bağlı olan Rəşad Məcidin şeirlərini də məmnunluqla topluya daxil etdik. 

Sonra İlham Qəhrəman “Laçın-100 ədəbi antologiya”sının imzalı nüsxələrini qonaqlara hədiyyə etdi. 

Kitabı vərəqləyərkən ötənlərdə Laçında gözəl qələmi olan, lakin ədəbi aləmdə tanın­mağa can atmayan şairlərin yaşadığı məlum olur. Antologiyanın Qarabağ şəhid və qaziləri bölümündə Şahgündüz Cabbarovun söz yadi­garları, atası Kamil Vəfadarla yanaşı yer alıb. Birinci Qarabağ müharibəsində şəhid olan Mayılın həyat yoldaşı Kamilə Musayevanın da ürək çırpıntılarından doğan misralar bu böl­məyə kövrək bir əhval gətirir. Daşqın Laçın, Zamin Laçın və Araz Elsevər kimi qazilərin ədəbi nümunələri də təsirlidir. 

Xatırladaq ki, İlham Qəhrəman “Laçın folkloru”, “Laçın lətifələri”, Sarı Aşığa həsr olunan “Gül dəftəri” və Aşıq Alının yaradıcılı­ğından bəhs edən “Nə qaldı” kitabları ilə ədəbi aləmdə istedadlı və yurdsevər yazar kimi ta­nınıb. 

Ceyhun ALIŞLI
XQ

Mədəniyyət