Əməkdar artist Mansur Mansurovun anadan olmasından 80 il ötür

post-img

Bu gün Əməkdar artist, aparıcı səhnə ustası Mansur Mansurovun anadan olmasının 80-ci ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, o, ömrünün 50 ilini Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına həsr edib.

Əməkdar artist Mansur Mansurov 1944-cü ilin avqustun 13-də Bakıda anadan olub. O, Bakı kitabxanaçılıq texnikumunun aktyor-rejissorluq fakültəsində təhsil alıb. Təhsil aldığı illərdə və sonrakı vaxtlarda Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında çalışıb, rejissor olub.

1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb. Uzun müddət teatrın səhnə ustası olub. Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısı olub. Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasında Siçan bəy, "Yaxşı arxa" tamaşasında Tülkü, E.Quliyev və A.Əbilovun "Dədə Qorqud" tamaşasında Ağsaqqal, N.Zamanov və M.Məmmədov "Səfərin nağılı" tamaşasında Rəmmal, N.Qarnet "Ələddinin sehirli çırağı" tamaşasında Cin, S.Marşal "Bu ev kimin evidir?" tamaşasında Kirpi, Kədi, T.Mütəllibov "Meşə nağılı" tamaşasında Dələ, "Danışan qayalar" tamaşasında Şakir, Y.Oleşa "Üç gombul" tamaşasında Tibul, Mirvarid Dilbazinin "Göyçək Fatma" tamaşasında Elçin, Əyyub Abbasovun "Keçinin qisası" tamaşasında Qurd, Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, Şahmar Hüseynovun "Sehirli güzgü" tamaşasında Zalım, Mərkəz Quliyevin "Dovşanın məhkəməsi" tamaşasında Çaqqal, Eldar Baxışın "Məlikməmməd" tamaşasında Məlikməmməd, Karlo Qostinin "Şahzadə Turandot" tamaşasında Briqela, Pantalone rollarını xüsusi qeyd etmək olar.

Kukla teatrının Yəmən, Hindistan, İran, Moskva qastrollarında, beynəlxalq festivallarda iştirak edib.

Aparıcı səhnə ustası Mansur Mansurov 2020-ci ildə vəfat edib.

Mədəniyyət