Yazıçı-jurnalist Hacı Etibar Əhədovun «Lənkəranda 1918-ci il mart soyqırımı» kitabı çapdan çıxıb.
Kitabda Lənkəranda, o cümlədən respublikanın cənub bölgəsində XX əsr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri – xalqımıza qarşı törədilən qanlı Mart soyqırımı, bu dövrdə müxtəlif taleli adamların həyat və fəaliyyəti öz əksini tapmış, o cümlədən Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasından, müxtəlif taleli şəxsiyyətlərdən söhbət açılır.
Kitabda 1918-ci il mart qırğını XX əsr Azərbaycan tarixinin faciəli səhifələrindən biri kimi oxuculara çatdırılır.
Müəllifin araşdırmalarından məlum olur ki, 1918-ci ilin mart, aprel, may aylarında Bakıda, Qubada, Lənkəranda erməni bolşevik silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı yerindən, yurdundan didərgin salmışdır. Bakı qırğınından sonra Lənkəranda və ətraf rayonlarda 40-a qədər kənd yandırılmış, günahsız insanlar qılıncdan keçirilmiş və ya güllələnmişlər. Faktlar isə belədir: həmin dövrdə Gərmətük və Kərgəlan kəndlərinin hər birində 70-dək, Mamusta kəndində 30-dək, Sütəmurdovda 25-dən çox günahsız insan hadisənin qurbanı olmuşdu. Şıxəkəran, Xolmili kəndlərində, Ləkər körpüsü ətrafında görünməmiş talanlar və qırğınlar törədilmişdir. Vilvan, Veravul, Girdəni, Cil, Osakücə kəndlərinin sakinləri qırğından qurtulmaq üçün yaxınlıqdakı meşələrə çəkilmişlər.
Şəhərdə görünməmiş talanlar və qırğınlar törədilmiş, mayakın yanında yüzlərlə insan güllələnmişdir.
Kitabda qeyd olunur ki, XX əsrin 80-ci illərin axırlarında Dağlıq Qarabağda baş verən hadisələr ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin davamı olmuş və 200 illik siyasəti nəticəsində erməni separatçıları Qarabağ torpaqlarını Azərbaycandan ayırmaq hərəkatına başlayaraq, torpaqlarımızın 20 faizini işğal etmişlər. 1 milyona qədər azərbaycanlı ata-baba torpaqlarından didərgin düşmüşdür. Əsrin ən böyük faciəsi - Xocalı soyqırımı törədilmişdir. Lənkəran Qarabağ müharibəsində 200-dən çox övladını şəhid vermişdir.
Kitab girişdən əlavə 6 bölmədən ibarətdir. «Daşnak-bolşevik zülmünün Lənkərandakı izləri» bölməsi çox illər əvvəl baş vermiş dəhşətli hadisəni üzə çıxarır.
«1974-cü ilin yaz günlərindən biri idi, - müəllif yazır. - Bənövşələr bahar həsrətilə torpaqdan baş qaldırmışdı. Həmin günlərdən birində Lənkəranda gözlənilməz partlayış səsindən yer-göy lərzəyə gəldi. Onun sədası ətraf yaşayış məntəqələrində də eşidilmişdi. Yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb tökülmüşdü. Dedilər ki, əsgərlər təlim keçirlər. Əslində belə deyildi. Adamlar hadisəni hələ tam təsəvvürə gətirə bilmirdilər. Az sonra həmin istiqamətdə rayonun məsul işçilərinin görünməsi hadisənin ciddiliyindən xəbər verirdi. Rayonun Aşağı Nüvədi qəsəbəsində top mərmisi partlamışdı. Bu, elə bir dövr idi ki, SSRİ bütün dünyaya meydan oxuyurdu. Bəs mərmi buraya haradan gəlib çıxmışdı, partlamasına səbəb nə idi? Əsl həqiqət sonralar, ölkədə Qarabağ hadisələri yaşananda üzə çıxdı. Sən demə, bu, erməni daşnaklarının 1918-ci il mart-aprel aylarında Lənkəranda törətdikləri soyqırımının daha bir sübutu imiş. Amma o vaxtkı sovet rejimi hadisəni qabartmadı, əsl həqiqəti xalqdan gizlətdi.
Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində anılması çox qaranlıq məsələləri üzə çıxartdı.
Araşdırmalar göstərdi ki, 1918-ci il martında Lənkərana gələn rus-erməni daşnakları quldur Şıvkunovun dəstəsi ilə əlaqəyə girərək şəhəri dənizdən və sahildən top atəşinə tutmuşdular. Top mərmilərindən biri rayonun Aşağı Nüvədi kəndindəki bicarlığa - yumşaq torpaq üstünə düşərək partlamayıb, illərlə orada qalıbmış. Sonralar həmin yerdə kəndin sakini Şöhüb Məmmədov yaşayış evi tikdirmiş, ailəsi ilə orada sakin olmuşdu. Evin xanımı top mərmisini dəmir parçası bilərək, yanında ocaq qalamışdı. 1918-ci ildən naməlum şəraitdə qalmış mərmi düz 56 il sonra - 1974-cü ildə partlamış və faciə ilə nəticələnmişdi. Ailənin əkiz qız uşaqlarından biri həlak olmuşdu (Göstərilən ədəbiyyat, səh. 7).
Müəllif daha sonra Ağabacı nənəsindən eşitdiklərini dərin kədər hissi ilə oxuculara xatırladır «Ağabacı nənəmin yaddaşında 1918-ci il mart ayı "qaçhaqaç" dövrü kimi qalmışdı. 103 il yaşasa da (1874-25.09.1977), ömrünün axırınadək üzü gülmədi - nə çəkdisə, ürəyində çəkdi. Hüzr məclislərində isə elə bayatı çəkərdi ki... Deyərdin, axı, Ağabacı nənədə bu sözlər haradandır. Sən demə, dərd güc gələndə lal dilləri də açarmış. Ağabacı nənəmə dərd gələndə otağa çəkilər, başını taxta sandıqdan çıxartdığı paltarların üzərində əyərək səssizcə ağlayardı. Biz nəvələr isə pəncərədən nənəmizin seyrini vurar, heç nəyi anlamazdıq. İllər keçəndən, yaşa dolandan sonra hiss elədik ki, Ağabacı nənəmiz qəlbində dağ boyda kədər gəzdirirmiş. Ürək gərəkdi ki, bu boyda ağrıya dözə bilsin.
1918-ci il mart soyqırımı gözlərinin qabağında olmuşdu. Gözlənilmədən ətraf kəndləri dəniz tərəfdən top atəşinə tutmuşdular. Əri Ağacan Əzimov (bu sətirlərin ata tərəfdən babası - red.) kəndin cavanları ilə kənddən kənara çəkilərək erməni - denikinçi dəstələri ilə vuruşurdu. Atışma qızışanda qadınlar uşaqlarını yanına alıb Osakücə meşəliyinə tərəf üz tutmuşdular. Ağabacı nənəm uşaqlardan yalnız ikisini - Babacan və Zülfünü çiyninə alıb qaça bilmişdi. Hələ bir yaşına çatmamış körpəsi Əliağanı (müəllifin atası) isə Allahın ümidinə buraxaraq həyətdəki yekə nil ağacının oyuğunda gizlədə bilmişdi. Sinovlu meşəliyinə çatmamış ürəyi ilə tablaşmayaraq yenidən geriyə – körpəsinin ardınca dönmüşdü. Qonşular nə qədər desələr də, Ağabacı nənəm inadından dönməmiş, kəndə tərəf üz tutmuşdu, təki hələ bir yaşı olmamış körpəsini iki ayaqlı canavarların caynağından xilas edə bilsin. Osakücə meşəliyinə çatar-çatmaz ay işığında bir neçə silahlının ona tərəf gəldiyini görüb ağaclıqlar arasında yerə sinmişdi. Elə bu an saqqallılardan biri silahını çiynindən aşırıb kolluğu nişan almışdı. Quşlar güllə səsindən pərən-pərən düşmüşdülər.
Ağabacı nənə bıçağının dəstəyindən bərk-bərk yapışaraq dərindən nəfəsini çəkdi. Əgər bu vaxt qəfildən biri ona tərəf gəlsəydi, bəlkə də qarşısına çıxanın üzərinə atılacaq, onu parça-parça edəcəkdi. Amma belə olmadı. Qarşıdakı saqqallı silahını çiyninə aşıraraq arxadakıları səslədi.
- Ərə, cəld olun, demədim ki, tələsmək lazımdır, yoxsa türklər başımızın üstünü alarlar!.. - deyib üstlərinə çımxırdı.
Ağabacı nənə ətraf sakitləşəndə dərhal evə – körpəsinə tərəf götürülür. Danışardı ki, ətraf azacıq sakitləşəndə daban alıb ikiqat sürətlə qaçmışdı. Qeyri-ixtiyari özünü həyətimizdəki nil ağacına çatdıranda azacıq sükut içində donub qalmışdı. Əvvəl nə edəcəyini bilmədi, yox, körpə hələ sakitlik içində uyuyurdu. Sanki anaya bir dünya sevinc bəxş etdilər. Uşağı çiyninə alıb, bərk-bərk sinəsinə sıxdı. Bu təmasdan körpə ağzını bir neçə dəfə mırçıldatdı, üzünü acgözlüklə anasının üz-gözünə gəzdirdi. Az sonra dərin bir yuxu içində, heç nə olmamış kimi, anasının qucağında rahatlıq tapdı. Ətrafı səs-küyə almış top-mərmi yağışı belə indi körpəyə ana qucağından da şirin, rahat yer yox idi.
Ağabacı nənənin dediyinə görə, dənizdən atılan top mərmilərindən biri qonşuları Molla Davudun evinə düşmüşdü. Xoşbəxtlikdən mərmi partlamamış, tüstülənə-tüstülənə sönmüşdü. Amma təsirindən Molla Davud "Yasin" oxuyan yerdə keçinmişdi. Bir yaşında olan qızı Balabəyim beşikdə yatmışdı. Köməyə gələn qonum-qonşu tüstüdən boğulmaqda olan körpəni tələm-tələsik beşik qarışıq evdən çıxarmağa nail olmuşdu.
(Balabəyim 1968-ci ildə 50 yaşında vəfat edib).
Ağabacı nənə 1894-cü ildə qardaşı Yəhya ilə İrandan qazaraq Lənkəranın Vilvan kəndində, indiki məscidin yanında sığınacaq tapmışdılar. Həmin dövrdə şah zülmündən qazanların çoxu Lənkəranın Kiçik bazar hissəsində sakin olmuşdu. Bu gün də həmin məhəllədə yaşayan tayfalar “giləklər” adı ilə tanınırlar.
Sonralar ata tərəfdən Şeyx Ağacan baba Ağabacı İsmayıl qızına elçi düşmüş, bu izdivacdan 8 övladı - 5 oğlu, 3 qızı olmuşdu.
İllər keçəndən sonra, övladları yaşa doldu. Dörd oğul övladından təkcə Əliağa Əhədov (bu sətirlərin müəllifinin atası – red.) müharibədən sağ qayıtdı.
Babacan, Zülfü və Əjdər 1941-1945-ci illərdə faşistlərlə vuruşmada həlak olmuşdular. Nənəmin sandıqdan çıxartdığı geyimlər isə 1942-ci ildə müharibənin qurbanı olmuş sonbeşik oğlu Əjdərin nişan paltarları imiş... (səh. 9-11).
Kitabın 2-ci bölməsində türk qoşunlarının Lənkəranda olmasından söz açılır. Müəllif yazır: «Türklər barabanların müşayiəti ilə oxuya-oxuya kəndə daxil oldular. Mahnı belə idi:
Türk oğluyam, ölmək istərəm,
Canım qurban olsun, Azərbaycana.
Torpaq tikan olsun, yatağım yerim,
Canım halal olsun Azərbaycana.
Lənkəranın denikinçi rus-erməni birləşmələrindən təmizlənməsində türk qoşununun mühüm xidmətləri vardır. Gərmətük yaxınlığında belə bir hadisə oldu. Yolu azmış bir denikinçi az qala əsir götürüləcəkdi. O, Küənil kəndi tərəfində kolluğa girərək gizlənir. Tutulacağını gördükdə isə ətrafa od vurub kolluq qarışıq özünü yandırır.
Qəni Nurullayev (1905-1998), Əbülqasım Qasımov (1911-2001) Camal Paşanı yaxından görmüşdülər. Onların dediyinə görə, Camal Paşa sağlam bədənli, eyni zamanda çox sərt və qəddar adam olmuşdur. O, hətta öz əsgər və zabitlərinə qarşı çox amansız idi. Qanun-qaydanı pozanı qırmancla döyür, ayaqlarını fallaqaya saldırardı. Camal Paşanın yarımmetrlik uzunluğunda bəzəkli əl ağacı vardı. Onu həmişə əlində oynadardı. Həm yürüşdə, həm də döyüşdə ordunun qabağında olardı və deyərmiş: "Gavur gülləsi mənə dəyməz." Yay-qış soyuq su ilə çimərdi (səh. 32).
Keçən əsrin 80-ci illərində Gərmətük qəsəbə sakini Məmmədəli Məmmədov Bakı Dəmiryol vağzalında 1918-ci ildə onların kəndindəki qırğında iştirak etmiş yükdaşıyan bir erməni ilə rastlaşır. Gərmətükdən olduğunu bildirdikdə erməni deyir ki, kəndinizdəki məscidin yanında olan ikimərtəbəli evi sahibi qarışıq mən yandırmışam. Hadisədən xeyli keçməsinə baxmayaraq Məmmədəli Məmmədovun qəlbimdə ermənilərə qəzəb qarışıq nifrət oyanmışdı. Deyirdi ki, qeyri-iradi əlimi qaldırdım, araya girib bizi ayırdılar. O isə tülkü kimi qaçıb aradan çıxdı.
Ermənilər gedəndən sonra qonşular evi yanğından xilas etmişdilər. Sonralar həmin ev türk zabiti Camal Paşanın qərargahına çevrilmişdi. 1920-ci il aprel inqilabından sonra bina “Qadınlar klubu” üçün ayrılmışdı. Klubun sədri Qızıpaşa (Qızı Qasıməli qızı Novruzova) idi. Camal Paşanın iqamətgahında əyləşdiyinə görə, ona Qızıpaşa adı verilmişdi. Qızıpaşa 1922-ci ildə Azərbaycan qadınları nümayəndələri ilə birlikdə Moskvada V.İ.Leninlə görüşmüşdü.
Əlibala Nurullayev danışır ki, 1989-cu ildə Bakıya getmişdim. Qarabağ hadisələri təzə başlamışdı. Bakı dəmiryol vağzalında yükdaşıyanlar arasında evimizi yandıranı axtardım. Dedilər ki, Rostom Xaçaturyan adı ilə tanınan həmin erməni Qarabağ hadisələrindən əvvəl ölmüşdür (səh.36).
Kitabın «Qanlı səhifələr unudulmur» bölməsində Zəngəzur müharibəsində Azərbaycanın cənub bölgəsindən olanların iştirakından, Lənkəranın Gərmətük, Şağlakücə, Mamusta, Kərgəlan kəndlərində (səh. 39-42) və Masallıda baş verən soyqırımları (səh. 45) qələmə alınmışdır.
Kitabın 5-ci bölməsi «Tarixi yaddaş» adlanır. Burada tarixi şəxsiyyətlər haqqında oçerklər öz əksini tapmışdır.
Kitabın redaktoru Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərli, elmi məsləhətçi Azərbaycanın ilk poliqrafiyaçı alimi, elmlər namizədi Şəddat Cəfərovdur.
Araz ƏHƏDOV,
Lənkəranda çıxan «Aşkarlıq» qəzetinin məsul katibi

