BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Yəməndəki husi qruplaşmasını Təşkilatın 73 əməkdaşını dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu, Ali Komissar Volker Türkün BMT-nin “Həbs edilmiş və itkin düşmüş əməkdaşlarla Beynəlxalq Həmrəylik Günü” münasibətilə yaydığı bəyanatda əks olunub.
Volker Türk bəzi əməkdaşların artıq beş ildir azadlıqdan məhrum edildiyini və saxlanılanlar arasında onun rəhbərlik etdiyi qurumun səkkiz əməkdaşının da olduğunu vurğulayıb. Qeyd olunur ki, Yəmən xalqına xidmət edən fəaliyyətlər həyata keçirən BMT əməkdaşlarının saxlanılması və onların cinayətdə ittiham edilməsi yolverilməzdir.
Husi qruplaşması saxlanılan şəxsləri “casus şəbəkələrində fəaliyyət göstərməkdə” ittiham etsə də, BMT bu iddiaları qəti şəkildə rədd edir.
Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, bu cür addımlar ölkənin şimalında humanitar yardım sisteminin tam çökməsi riskini artırır. Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hazırda 18 milyondan çox yəmənli həyatda qalmaq üçün humanitar yardımdan asılıdır.

