Təxəyyüllə sənəti qovuşduran məkan

post-img

Milli mədəni irsimizin təşviqi, ənənəyə müasir baxış, milli və müasir irsimizin zənginləşməsinə xidmət edən meyillərin əksi...

Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda açılan "Təxəyyül" adlı rəsm sərgisi hər bir ziyarətçini bu au­raya salır. 

"Təxəyyül Art Group"un 60-dan çox rəssam üzvünün 100-dək sənət əsə­rinin yer aldığı sərgidə rənglərin yarat­dığı ecazkar mühit hər bir ziyarətçidə xoş ovqat yaradır. 

Xalçaçı-rəssam, sərginin layihə rəh­bəri Natiq Nəcəfzadə salonda yer alan sənət əsərləri barədə məlumat verdi: 

– Sərginin təşkil olunmasında məqsəd qrup üzvlərinin əsərlərinin daha geniş publikaya tanıdılması, mil­li mədəni irsimizin təşviqi, ənənəyə klassik və müasir baxışın, nəzəri və təcrübi bilik və vərdişlərin formalaş­ması, milli və müasir irsimizin zəngin­ləşməsinə xidmət edən meyillərin əks olunmasıdır. Sərgidə rəngkarlıq, qra­fika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənətin nümunələri olan bədii tikmə, qurama, dulusçuluq, keramika, keçə və xətt sənəti təqdim olunur. Sərgidə yer alan əsələrlə tanış olan hər kəs sənətin avanqard sirlərinə yaxından bələd ola biləcək. Ölkəmizin milli-mədəni irsi­ni təbliğ və təmsil etmək üçün xarici ölkələrdə təşkil olunan sərgilərdə də iştirak etmək əsas məqsədlərimizdən­dir. Onu da qeyd edim ki “Təxəyyül ART GROUP”un tərkibində xarici ölkə vətəndaşları olan rəssamlar da var. 

Açılışdan öncə Azərbaycan Rəs­samlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar incəsənət xadi­mi Ziyadxan Əliyev və digərləri çıxış edərək sərgi haqqında fikirlərini bölü­şüb, nümayiş edilən əsərlərin üslub və forma baxımından orjinallığını qeyd etdilər. Ekspozisiyada yer alan əsərlərin əsl sənət nümunəsi olduğunu söyləyən natiqlər, fırça ustalarına yaradıcılıq uğurları arzuladılar. 

Sonra qonaqlar sərgi ilə tanış oldu­lar.

Sərgi içtirakçıları sertifikat və təşəkkürnamələrlə təltif edildilər.

C.ALIŞLI



Mədəniyyət