Şəki şəhərində “İpək yolu” adlı XIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Qədim və gözəl şəhərin yenidən qapılarını sazlı-sözlü qonaqların üzünə taybatay açıb. Bayram təntənələri Şəkinin 2712 illiyinin qeyd olunduğu vaxta düşməsi ilə daha da əlamətdardır.
Musiqi bayramı Mədəniyyət nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb. Xatırladaq ki, indiyədək keçirilən festivallarda dünyanın 35 ölkəsindən tanınmış musiqi kollektivləri iştirak ediblər. Bu dəfə isə T RKSOY ölkələrindən, eləcə də Rusiya, İndoneziya, Hindistandan gəlmiş rəqs və musiqi kollektivləri, ifaçılar böyük həvəslə sənət bayramına qatılıblar.
Proqrama uyğun olaraq, iyulun 5-də “Yuxarı karvansaray” mehmanxana kompleksində ilk konsert verilib. Tatarıstanlı bayan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Aydar Salaxovun çıxışını tamaşaçılar maraqla qarşılayıblar.
Həmin gün axşam isə “Marxal” kompleksinin Yay Teatrında beynəlxalq festivalın təntənəli açılış mərasimi olub. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bu yerlərin sənət bayramları keçirmək üçün unikal məkan olduğunu qeyd edib, bu festivalı şəkililər üçün böyük bir hadisə kimi dəyərləndirib.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə iştirakçıları salamlayıb, Şəki “İpək yolu” festivallarının Bəstəkarlar İttifaqının fəaliyyətində mühüm yer tutduğunu vurğulayıb və festivalın işinə uğurlar arzulayıb.
Sonra rəngarəng musiqilər təqdim edilib. İndoneziyanın “Mila Art” rəqs və “Hamdani” musiqi qrupları maraqlı proqram sərgiləyiblər. Uğurla keçən konsertin sonunda kollektivlərə festivalın simvolu təqdim olunub.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə jurnalistlərə müsahibəsində deyib:
– Yenə də gözəl Şəkidəyik, X Beynəlxalq Musiqi Festivalını keçiririk. Festivalımız “İpək yolu” adlanır və biz neçə illərdir ki, bu yolla addımlayır, gedirik. Builki festivalın proqramı da çox zəngindir. Şəkililər musiqini çox sevir və böyük maraqla konsertlərimizə gəlirlər. Əminəm ki, hazırkı festivalımız da yüksək səviyyədə keçəcək və hər kəsə unudulmaz anlar yaşadacaq.
Dünən isə Şəkidə təntənələr “Şəhər günü” bayram tədbiri ilə başlanıb. “Şəhər günü”nün Şəkidə “İpək yolu” X Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf etməsi sakinlərin bayram sevincinə əlavə rəng qatıb. Bayram tədbirinin iştirakçıları əvvəlcə Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.
“Şəhər Günü”nün açılışında bildirilib ki, 2712 illiyini qeyd edən qədim Şəki bütün dövrlərdə Azərbaycan tarixində mühüm yerə malik olub. Ona görə də şəhər sakinlərinin bu günü bayram etməyə daha çox mənəvi haqqı var. Diqqətə çatdırılıb ki, Şəkinin sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olması bu şəhərə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olmaq hüququ qazandırıb. Beş il öncə bu beynəlxalq təsisatın mumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun mumdünya İrs Siyahısına daxil edilib.
Axşam saatlarında festival iştirakçıları “Az Abrau Muzeyi”i ilə tanış olub, şərab zavodunun həyətində qurulmuş səhnədə Hindistandan gələn rəqs qrupunun və yerli musiqiçilərin çıxışına tamaşa ediblər. Burada Hindistan və yerli mətbəxin nümunələri təqdim olunub, şərab dequstasiyası, həmçinin şəbəkə sənəti üzrə ustad dərsi keçirilib.
Festival çərçivəsində bu gün Şəki Heydər Əliyev Mərkəzində T RKSOY-un təşkilatçılığı ilə Türkiyə və Qazaxıstandan gələn kollektivlərin çıxışları olacaq.
Bəli, qədim Şəki yenə də çal-çağırlı günlərini yaşayır. Şəhərin hər tərəfi əlvan festival rənglərinə bələnib. Bu gün keçiriləcək bağlanış mərasimində Fikrət Əmirov adına Əməkdar kollektiv Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin Azərbaycan Dövlət Xalq alğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək. Musiqi, dostluq və həmrəylik bayramına çevrilən festival yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri