Mehdiqulu xanın mirzəsi və Bakıxanovun bir əsəri

post-img

Qismətim elədir ki, hansısa tədbirdə iştirak edəndə  gah dəyərli ziyalılarımızdan kiminləsə  tanış oluram, gah da mənə çox qiymətli bir kitab hədiyyə edilir. Bu il mayın 25-də Xəzər Universitetində keçirilən bir təqdimatda isə dəyərli bir ziyalı soydaşımızla həmsöhbət oldum, həmin şəxs  mənə Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” kitabını hədiyyə etdi. 

Söhbət Abbasqulu Ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunmuş tədbirdən, daha doğrusu, böyük alimin “Təhzibi-əxlaq”və  “Mirat-ül Cəmal” kitablarının fars dilindən tərcümə və şərhlər təqdimatından gedir. Həmin tədbirdə musiqişünas, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Səadət Qarabağlı ilə maraqlı söhbətimiz oldu. Mən onun haqqında Üzeyir bəy Hacıbəylinin Ev-muzeyinin direktoru olduğu illərdə çox eşitmişdim. İndi isə canlı söhbət etdik və milli tariximizin müxtəlif səhifələri barədə maraqlı faktlardan söz açdı.         

Həmsöhbətim danışdı ki, milli mədəniyyət tariximizdə xüsusi xidmətləri olan nəsillərdən biri də Məşədi Ocaqverdi uşağı Haqverdi Haqverdiyevlər nəslidir: “Nəslimizin ulu babası Mirzə Ocaqverdidir. Ocaqverdi babam XVIII əsrin sonları, XIX yüzilliyin əvvəllərində yaşayıb yaratmışdır. Gözəl xəttatlığı vardı. Kitab üzü köçürməklə məşğul idi. Məşhədi ziyarət etdiyi üçün Məşədi titulu qazanmışdı. Mirzə Ocaqverdi Şərəf Məşədi Bağır qızı ilə ailə həyatı qurmuş, bu izdivacdan iki oğlanları – Haqverdi və Həsən doğulmuşlar. Haqverdi babam bizim şəcərənin davamçısıdır. O, Şuşada dünyaya gəlmişdir. 

Yüksək mədrəsə təhsili almış, savadı və dünyagörüşü dolayı mirzə adını qazanmışdır. Qarabağın sonuncu hakimi – Mehdiqulu xanın mirzəsi olmuşdur. Mehdiqulu xan Mirzə Haqverdi Qarabağiyə Ağcabədidə kənd bağışlamışdır. Bu kənd indi Haqverdi Mirzə adı ilə tanınır. Mirzə Haqverdinin nəvəsi, babam Məşədi Zeynal Haqverdiyevin xatirələrinə görə Mirzə Haqverdi  Qarabaği uzun illər Mehdiqulu xanın yanında mirzə olaraq çalışmış, lakin bir əhvalat nəticəsində saraydan inciyərək, oranı tərk etmişdir. Əhvalat belə olmuşdur: 

Günlərin bir günü saraydakı uşaqlar, Mirzə Haqverdi babam sarayda olmayanda, onun iş otağına girir, qələmi ilə oynayaraq onu sındırırlar. Mirzə saraya gələndə qələminin sındığını görür, bundan çox kədərlənir və saraydan birdəfəlik üz döndərir. Mehdiqulu xan dəfələrlə Mirzə Haqverdinin yanına minnətə adam göndərərək, geri qayıtmasını xahiş etsə də, babam bir daha saraya dönmür. Deyir ki, qələmimə hörmət olmayan yerdə mənim işim yoxdur Bundan sonra bir daha saraya ayaq basmır”. 

– Bəs bu tədbirə nə məqsədlə gəlmisiniz? – deyə soruşdum. Həmsöhbətim xatırlatdı ki, Mirzə Haqverdi Qarabaği mahir xəttat idi. Atasının işini davam etdirərək, kitab üzü köçürməklə ailəsini dolandırır, həyatını təmin edirdi: “Akademik Feyzulla Qasımzadə “Abbasqulu ağa Bakıxanov Qüdsinin şeirləri” məqaləsində belə yazırdı: “Abbasqulu ağa Bakıxanovun  mühüm əsərlərindən biri “Riyazül-Qüds” əsəridir. Bu əsərin Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kamil bir əlyazma nüsxəsi vardır. Bu nüsxənin üzü şairin sağlığında, 1842-ci ildə Məşədi Ocaqverdi oğlu Haqverdi Qarabaği tərəfindən köçürülmüşdür.”   

Həmin əsər bu yaxınlarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının qərarı ilə  ön sözün müəllifi akademik Möhsün Nağısoyludur. 560 səhifə həcmində  əsərin Azərbaycan dilindəki variantı və əlyazmasının foto surətləri ilə birlikdə çapdan çıxmışdır. Əsəri ərəb əlifbasından latın qrafikasına tanınmış alim Arif Ramazanov çevirmişdir. Həmin kitabın bir nüsxəsini Xəzər Universitetinə təqdim etdim, başqa birini isə “Xalq qəzeti”nin kitabxanasına təqdim edirəm.

Səadət xanım danışdı ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda  Mirzə Haqverdinin köçürdüyü kitablar saxlanılır: “Mirzə Haqverdi həm də Qarabağın tarixini yazmış, gözəl şeirlər qələmə almışdır. Ancaq təəssüflər olsun ki, onların böyük əksəriyyəti əlimizə gəlib çatmamışdır. ünki 1937-ci il repressiyasının xofundan babam Məşədi Zeynalın əmisi oğlu Yunus Haqverdiyev Mirzə Haqverdi Qarabağinin əlyazmalarını Xəzər dənizinə “ərmağan”etmişdir. Və beləliklə də Qarabağ tarixinin mühüm bir hissəsi məhv edilmişdir. 

Mirzə Haqverdi Qarabağinin ikinci oğlu Hacı Ələkbər mənim babam Məşədi Zeynal Haqverdiyevin atası idi. O, Şuşada doğulmuş, dini təhsil almışdır. Tacir idi. Şuşada, Ağdamda, Ağcabədidə dükanları olmuşdur. Məkkəni ziyarət etmiş, Hacı titulu qazanmışdı ”.                                                                                           

Həmsöhbətim məmnunluqla xatırlatdı ki, Məşədi Ocaqverdi oğlu Mirzə Haqverdi Qarabağinin nəsl şəcərəsi davam edir. Bu, şəcərə hər zaman füsunkar, əsrarəngiz Şuşamızı, Qarabağımızı, həmçinin  Azərbaycanımızı layiqincə yaşatmaq, şöhrətini ucalara qaldırmaq üçün öz xidmətlərini əsirgəməyəcək, hər zaman bu missiyanın müqəddəsliyini qoruyacaqdır.

İttifaq MİRZƏBƏYLİ

 

Mədəniyyət