“Halal” standartlı otellər

post-img

Azərbaycanda fəaliyyət göstərən otel və mehmanxanalarda halal turizm xidmətlərinin rəsmi tətbiqi istiqamətində real addımlar atılmaqdadır. Bu konsepsiya İslam qaydalarına uyğun şəkildə tətil keçirmək istəyənlər üçün nəzərdə tutulan spesifik xidmətləri əhatə edir.

Ölkəmizdə otellərlə bağlı rəsmi qaydada “halal” standartı tətbiq edilmir, amma Bakıda bir neçə otel var ki, rəsmi qaydada həmin standartı olmasa da, özü təyin etdiyi qaydalar əsasında halal xidmətlər təklif edir. Dövlət Turizm Agentliyinin açıqlamalarından da görünür ki, artıq ölkəmiz də beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul etməyə hazırlaşır. Bu standartın tətbiqindən sonra bir neçə otel və mehmanxanaya “halal” sertifikatı veriləcək. Turizm obyektləri bu sertifikatlaşmadan keçəcək və “halal otel” kimi fəaliyyət göstərə biləcəklər.  Mövzu ilə əlaqədar  XQ-yə ətraflı bilgi verən turizm üzrə ekspert Ceyhun Aşurov “halal otel” konseptinin gələn ildən tətbiq oluna biləcəyini dedi.

– Bu, turizm məhsullarının çeşidləndirilməsi və  müştəri məmnuniyyəti baxımından önəm kəsb edir. Hazırda dünya turizm bazarında “halal” otelçiliyə tələbat var. ünki səyahət edən turistlərin arasında müsəlman inanclılar da yetərli qədərdir. Nəzərə almaq lazımdır ki, Azərbaycana gələn turistlərin bir qismi müsəlman ölkələrinin sakinləridir və bu konsepsiya da  həmin müştərilərin  ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.

Ekspert “halal” adı ilə fəaliyyət göstərən otel və mehmanxanalarda tətbiq olunacaq meyarlar barədə də məlumat verdi.

– Bu konseptdə bir sıra meyarlar var ki, onlara əməl edilməlidir. Burada  spirtli içkilər təqdim olunmur, namaz qılmaq üçün xüsusi yer olur. Hər otaqda namaz xalçası, qiblə göstəricisi və müqəddəs kitab – “Qurani-Kərim” olacaq. Ən əsası, turizm obyektlərinin menyusunda halal yeməklərə yer verilir.

Ekspert söylədi ki, belə obyektlərdə təkcə müsəlman ölkələrindən gələn qonaqlar deyil, digər dinlərin nümayəndələri də rahat qala bilərlər. Bu, sadəcə, turizm məhsuludur. Onun da öz müştəriləri var.

Turizm üzrə digər ekspert Rəhman Quliyev bu konsepsiyanın tətbiqi üçün ölkəmizdə dini otellərin inşasının nəzərdə tutulduğunu bildirdi və dedi ki, bu otellərin inşası paytaxt ərazisində və regionlarda planlaşdırılır.

– İstənilən otel də bu konseptə keçə bilər. Bu, ölkəmizin turizm sənayesində yeni müştəri portfeli yaradacaq. Dünya ölkələrindən də bu konseptdə çalışanlar var. Ərəb ölkələri və qardaş Türkiyədə də bu model mövcuddur. Düşünürəm ki, Azərbaycanda bu standartın tətbiq olunması ölkəmizin turizm sektorunda əlavə müştəri bazası yaradacaq.

Söhbət yeməklərin halal standartlara uyğun gəlməsindən, qadınlar üçün ayrıca bir yerin ayrılmasından gedir. imərlik varsa, onların qadınlar üçün ayrıca nəzərdə tutulması da önəmlidir. Qadınların kişilər ilə birlikdə, məsələn, dənizdə çimməsinə, üzməsinə din birmənalı yanaşmır və bütün bunlar sözügedən standartda nəzərdə tutulur.

Ceyhun ALIŞLI

Mədəniyyət