Vətənə, qədim yurd yerlərinə hədsiz məhəbbət

post-img

Mahirə Nağıqızının poeziyası haqqında bəzi qeydlər

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış  ədəbi simalarından olan filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının poeziyası mövzu genişliyi və rəngarəngliyi ilə diqqəti cəlb edir. Onun şeirləri Vətənə, insana, təbiətə, sevincə və kədərə özünəməxsus yanaşma üslubu ilə seçilir. O, kədərlənəndə də, mənəvi sıxıntı keçirəndə də şeirləri ilə həm özünü, həm də oxucunu tənhalıq, məyusluq çəriçivəsindən çıxara bilir. Bu mənada şairin poeziyasında gələcəyə ümid, nikbinlik aydın hiss olunur, onun qələmindən süzülən poetik nümunələrdə insana kömək yalvarış deyil, zəhmətsevərlik, qalib olmaq olmaq hissi aşılayır. 

M.Nağıqızının aktuallığı ilə seçilən poeziyasında təbiət mövzusu aparıcı yerlərdən birini tutur. Onun bu mövzuda yazdığı şeirlərində Vətənin təbiətinə –dağına, meşəsinə, çəməninə, yaylağına, gülünə, çiçəyinə, bulağına, yağışına, dumanına və s. doğma övlad məhəbbəti aydın hiss olunur. O da aydın hiss olunur ki, şair Vətəni yalnız coğrafi məkan kimi deyil, həm də onu dilini, tarixini yaşadan, mənsub olduğu xalqın adət-ənənələrini, milli-mənəvi mənsubiyyətini tarixləşdirən diyar kimi mənalandırır. Onu da cəsarətlə söyləmək olar ki, şairin Vətənə, onun təbiətinə bəslədiyi bu ülvi hisslər onun qəlbinin dərinliklərindən gəlir və bu hisslər yalnız istedadlı qələm sahibinin özünə aiddir. 

M.Nağıqızı qələmə aldığı şeirlərində doğma Vətən torpağının, eləcə də onun ayrılmaz hissəsi olan Qərbi Azərbaycanımızı təbiətinin gözəlliklərini ürəkdən vəsf edir. Ədəbiyyatşünaslıqda deyildiyi kimi “axı bu dağların bulaqlarından şeiriyyət axır, torpağa hopur. Bu torpaqda adi çiçək yox, poeziyası bitir”. M. Nağıqızının poeziyasında bu ənənə uğurla davam etdirilir. Onun poetik nümunələrində doğma vətənin ana təbiətinin misilsiz gözəlliklərindən ürək dolusu söhbət açılır, ulu məskənlərimiz, dədə-baba yurdlarımız, onun əsrarəngiz, sehrli təbiəti vəsf olunur. İstedadlı sənətkarın poeziyasında dağlar mövzusuna tez-tez müraciət diqqəti cəlb edir. Onun bu mövzuda yazdığı şeirləri öz səmimiliyi, axıcılığı ilə seçilir.

Məlumdur ki, ta qədim dövrlərdən üzü bəri Azərbaycan ədəbiyyatında dağlar mövzusunda yüzlərlə, minlərlə şeir yazılıb. Bu şeirlərdə dağlar ucalığı, əzəməti, etibarlığı, yamacları, sədaqəti, çənli-dumanlı olması sərtliyi, sıx meşələri, laləli yamacları, buz bulaqları və s. poetikləşdirilib. Təbiət vurğunu olan M.Nağıqızı da bu mövzuda qələmə aldığı şeirlərində dağları, düzləri, bulaqları, əlvan çiçəkləri, təbiətin əsəri olan güllü-çiçəkli yamacları böyük ustalıqla qələmə alır. O, xəyalən doğma ata-baba yurduna qayıdır, oranın təbiətini yada salır, bu yerlri vəsf edən istedadlı ustadları xatırlayır, onların qoşma və gəraylıarını yaddaşında bir də təkrarlayır. Ustad aşıq Ələsgərin “xəstə üçün təpəsində qar, çeşməsində abi-həyat car olan süsənli, sünbüllü lalalı dağları” kino lenti kimi xəyalından keçirir. Şaha baş əyməyən, gülü-nərgizi saralan doğma elin dağlarını qəmli-qəmli xatırlayan şair üzünü bu gün də özünə həmdəm bildiyi anasına tutaraq soruşur: 

Yenə də görüb dağları,

Gəzirəm qərib dağları.

Ay ana, hara gəlmişik

Düşmənə verib dağları. 

və yaxud

Dağın dalında kənd var,

Çayının üstündə bənd var,

Aşıb gələ bilmirəm

Boğazımda kəmənd var.

Nümunələrdən də göründüyü kimi şairin lirik qəhrəmanının qəlbi Vətənə, doğma dağlara qədim yurd yerlərinə hədsiz məhəbbət hissi ilə döyünür. Onun qəhrəmanının çəkdiyi iztirablar şeirdə aydın şəkildə təsvir olunur:

Dərmandı qarı dağların

Tərlandı yarı dağların.

Sevgimə qolu açıla,

Bircə dəfə barı dağların. 

         M.Nağıqızının şeirlərinə sanki dağların təmiz havası hopub. Bu poetik nümunələrdə təbiətin müdrikliyinə, dağların sadiqliyinə heyranlıq və pərəstiş aydın hiss olunur. Şair sinəsini dəftər edib, qoynunda gəzdiyi dağları özününkiləşdirir, öz daxili hissləri ilə məharətlə tərənnüm edir. Müəyyən edir ki, dərdi olan dağlarda həmdəm, yarası olan isə məlhəm axtarır. Şair poetik dillə onu da vurğulayır ki, dağlar özünə əmin olduğu kimi, bəzən də özünə qənim kəsilir və böyük çətinliklərə sinə gərməyi bacarır:

Dərdli olan həmdəm gəzir,

Yarasına məlhəm gəzir,

Hamısını mübhəm gəzir,

Mənim tək əzildiyin dağlar. 

 

Belə durma əmin kimi,

Qismətinə qənim kimi,

Olubmu heç mənim kimi

Özündən bezdiyin, dağlar. 

Dağlarla bağlı inandırıcı tablolar yaradan şair bəzən bədbinləşir, sərtləşir, vəfasına bel bağladığı dağlardan əlini üzdüyünü, etibarını itirdiyini bildirir. Az sonra isə bütün incikliyi unudur, bunun keçici hal daşıdığını söyləyərək ürəkdən sevdiyi dağlara ismarıc göndərir ki, şair qəlbində olan sevgini heç nəyə dəyişməz:

Sevdasına gül bağlayıb,

Əl üstünə əl bağlayıb,

Vəfasına bel bağlayıb,

Əlimi üzdüyüm dağlar.

 

Demirəm ki, acıq edim,

Ömrümü mağarıc edim.

İstərəm ismarıc edim,

Eşidə sevdiyim dağlar. 

Şairin dağlara bağlı olması, uca zirvələrə can atması onun poeziyasının leymotivini təşkil edir. O, “Dağların” sərlövhəli şeirində dağların ağrısı-acısından söhbət açır. Haqlı olaraq belə qənaətə gəlir ki, dağın dərdinin əlacı uca zirvələrə qarın yağması ola bilər. Şair gəldiyi qənaətlər olduqca inandrıcıdır. Şeirində oxuyuruq: 

Duman, oralara apar,

Qardı çarası dağların.

Bir qar dənəsində tapar

Məlhəm, yarası dağların. 

         Bu poetik nümunədə şairin yüksək insani keyfiyyətləri xüsusilə qeyd olunmalıdır. Dağların vurğunu olan şair dumanın laqeydliyinə əsəbləşir, qar xiffətindən üzülən, gözlərindən yaş süzülən dağların halına acıyır, lakin ümidsizliyə də qapılmır, çünki ümidsizlik şairin poeziyasına yaddır:

Dərd qarışıb, rəngi solub,

Himə bənddi, gözü dolub.

Hamımıza ümid olub,

Səfi, sırası dağların. 

 

Xəbəri yox, könül verdin,

Ayağına xalı sərdin,

Mahirə, kimi çəkəcək dərdin

Səndən sorası dağların. 

M.Nağıqızının poeziyasından aydın olur ki, o, dağlara, ümumiyyətlə təbiətə həssas şairdir, onların hər qarışını həvəslə gəzir və sevir. Özünün də qeyd etdiyi kimi nisgilli vaxtlarında, ürəyi dolub-daşanda dağlarda gəzməyi, qoca təbiəti seyr etməyi hər şeydən üstün tutur, bir növ onlarda təskinlik tapdığını söyləyir. Şair poetik dillə fikirlərini belə ifadə edir:

Tanrı, qurban olum, saxla,

Belə taxtında dağları.

Sevdiyindən ayrı salma, 

Görsün baxtında dağları.

 

...Qəlbinin qalmaz qəmi, bil,

Ürəyimin həmdəmi bil.

 Dərdlərimin məlhəmi bil,

Acı-ağrında dağları. 

 

Demə ki, ağlar qızıdı,

Bağlayan ilqar qızıdı,

Mahirə dağlar qızıdı,

Saxlar bağrında dağları. 

M.Nağıqızının şeirləri oxucuları duyğulandırır, hər kəsə doğma gəlir, sanki hər kəs öz səsini eşidir. Bu münasibət isə şairi daha da dağlaşdırır, saflaşdırır, ülviləşdirir. Ümidvaram ki, bu ənənə əbədi olacaqdır.

 

Razim Məmmədov

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Mədəniyyət