“Qızıl Adel” və ya “Avstriyalı Mona Liza”

post-img

   Qustav Klimtin müəllifi olduğu “I Adel Blox- Bauerin portreti” “Qızıl Adel” və yaxud “Avstriyalı Mona Liza” da adlandırılır. Avstriyalı simvolist rəssam və Vyana Secessionist hərəkatının görkəmli nümayəndələrindən olan Klimt bu rəsmi sənayeçi Ferdinand Bloch-Bauerin sifarişi ilə çəkmişdir. O, iki dəfə Klimtə ​​həyat yoldaşı Adelin portretini çəkməyi tapşırıb. Və həmin əsəri Adelin valideynlərinə yubiley hədiyyəsi edib. 
   Portret təbii rənglərin qarışığı, üz və əl cizgilərinin incəliyi, rəsm əsərində arxa fon üçün istifadə edilən ornamental dekorasiya ilə diqqəti cəlb edir. Portretin çox hissəsində qızıl və gümüş yarpaqlar, təbaşir və gipslə qarışdırılmış təbii boyalardan istifadə olunub. Qızıldan hazırlanmış yarpaqlarla örtülmüş rəsm əsərinin çərçivəsi isə memar Josef Hoffmama məxsusdur. Kətan üzərində yağlı boya, qızıl və gümüş yarpaqlarla işlənmiş rəsm əsərinin ölçüsü 138&138 santımetrdir. Əsərdə Adel qızıl taxtda əyləşmiş vəziyyətdə təsvir olunub. Bəzi rəssamlar onu əsl qadın obrazını təcəssüm etdirdiyinə görə Mona Lizaya bənzədirlər. 
   1941-ci ildə nasistlər tərəfindən oğurlanmış bu qadın rəsmi Avstriyanın “Belvedere Qalereyası”nda nümayiş etdirilir. Həmin qalereyada müharibə zamanı  oğurlanmış bir neçə başqa əsər də sərgilənirdi. Ferdinandın qardaşı qızlarından biri Maria Altmann Klimtin beş adda əsərini geri qaytarmaq üçün 2006-cı ildə vəkili E. Randol Schoenberglə birgə ABŞ-ın Ali Məhkəməsinə müraciət edib. İrəli sürülən iddialardan sonra Vyanadakı arbitraj komitəsi ailədən oğurlanmış rəsmin və başqa əsərlərin geri qaytarılması barədə qərar verib. M. Altmann həmin sənət əsərini 135 milyon dollara iş adamı və sənət kolleksiyaçısı olan Ronald Lauderə satıb. Ondan xahiş edib ki, bu əsəri Nyu Yorkdakı “Neue Qalereyası” na versin. 2006-cı ildən həmin əsər Nyu York qalereyasında saxlanılır. 
 

Fidan SALMANOVA

XQ



Mədəniyyət