Artıq bütün dünya ölkələrinin rəhbərləri, dini liderlər özləri də şahiddirlər ki, Azərbaycanda bütün dinlərə bərabər səviyyədə hörmət göstərilir. Bunu sübut edən faktlardan biri də Bakının mərkəzində, Atatürk Mərkəzindən 100 metr aralıda erməni kilsəsinin mövcud olmasıdır. Azərbaycanda yaşayan ermənilər biz tərəfdən heç vaxt diskriminasiya ilə qarşılaşmayıblar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib.
Professor bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları postmünaqişə dövründə münasibətlərlə bağlı bütün həqiqətləri ortaya qoyur. Paşinyanın açıqlamaları ölkəsində birmənalı qarşılanmasa da, reallıq budur. Yəni, mövcud vəziyyət onların xülyalarının puça çıxdığını göstərdi. Ağrı dağını özünə loqo götürən ermənilər tarix və faktlar qarşısında aciz qaldılar.
Ermənilərin öz xülyalarını həyata keçirmək üçün uzun illər azərbaycanlılara qarşı soyqırımı siyasəti apardıqlarından təəssüfləndiyini bildirən V.Abdullayev deyib: “Mən Basarkeçər rayonunun Şorca kəndində doğulmuşam. Ən böyük arzum doğma torpağa qayıtmaqdır. İnanıram ki, Azərbaycan Prezidentinin müdrik siyasəti və siyasi iradəsi ilə bu arzumuza da çatacağıq”.