Malmödə keçirilən “Eurovision” mahnı müsabiqəsinin finalı bu tədbirin bütün tarixində ən qalmaqallı hadisə kimi qaldı. Müsabiqədə iştirak edən bir neçə ölkənin təmsilçiləri diskvalifikasiya ilə üz-üzə qaldılar, niderlandlı müğənni Yostu Klyayn isə tamamilə kənarlaşdırıldı.
Avropa Yayım Birliyi bununla bağlı müstəqil araşdırma aparıb və onun nəticələrini yaydığı mətbuat açıqlamasında bəyan edib. Təşkilat müsabiqənin keçirilməsini təkmilləşdirmək üçün üç yeni sahəni - idarəetmə və iştirak, təhlükəsizlik və böhran idarəetməsi, həmçinin geniş auditoriya üçün əlçatanlığı qeyd edib.
Başqa sözlərlə desək, müsabiqəyə qatılacaq artistlərə iştirak qaydaları haqqında daha ətraflı məlumat verilməli, onların Avropa Yayım Birliyi ilə kommunikasiyaları dəqiq qurulmalı və böhran vəziyyətlərinin idarə edilməsi üçün komanda yaradılmalı, həmçinin pərəstişkar qrupları, influencerlər və media orqanlarının əməkdaşlığı yaxşılaşdırılmalıdır.
Bununla yanaşı, Avropa Yayım Birliyinin yeni direktoru vəzifəsi təsis edilib. Onun vəzifələri sırasında nümayəndə heyətlərinin başçıları ilə əməkdaşlıq da var.