5 İyun Şairlər Günü
Düz 25 ildir ki, martın 21-də dünyada Poeziya Günü qeyd edilir. Bu əlamətdar gün bizim Novruz bayramını keçirdiyimiz tarixə düşdüyü üçün Azərbaycan Yazıçılar Birliyinin qərarı ilə ölkəmizdə iyunun 5-də – Mikayıl Müşfiqin doğum günündə duyğu və düşüncələrimiz sırf şeiriyyətə köklənir.
Azərbaycan Şairlər Gününə müxtəlif ölkələrdən – Türkiyə, Özbəkistan, Qırğızıstan, İran, Rusiya, Gürcüstandan qonaqlar dəvət edilirlər. Ənənə üzrə, tədbirdən öncə Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət olunandan sonra nakam şairimizin rəmzi məzarı olan Xəzər dənizinə qırmızı qərənfillər səpilərək xatirəsi yad edilir. Ardınca poetik məclislər keçirilir.
Bu il daha çox poeziya ilə nəfəs alırıq, desək, yanılmarıq. Prezident İlham Əliyevin sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi müxtəlif tədbirlərlə qeyd olunur. “Artıran söz qədrini sidq ilə qədrin artırar”, – deyən Füzuli babamızın yaradıcılığı yenə də dillər əzbərinə çevrilib. Elmi konfranslar, ədəbi gecələr bir-birini əvəz edir.
Builki Şairlər günü isə həm də unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyinə təsadüf edir. Yadıma gəlir ki, 2014-cü ildə 75 yaşı ərəfəsində Sumqayıtdakı mərkəzi kitabxanada onunla maraqlı bir görüş oldu. Çıxışçılar şairə sevgi etiraflarını dilə gətirdilər, əzbərdən xeyli şeir söylədilər. Poeziya pərvanələri onun yeni kitablarından nüsxələrə avtoqraf yazdıranda mən yarım əsrə qədər şəxsi kitabxanamda qoruyub saxladığım balaca “Yoldan teleqram” (1968) adlı ilk kitabına imza atmasını xahiş etdim. Şair xeyli təəccübləndi və həvəslə avtoqraf yazdı...
Xatırladım ki, Böyük Səməd Vurğun ocağının yadigarı Vaqif Səmədoğlu da atası, eləcə də böyük qardaşı – unudulmaz yazıçımız Yusif Səmədoğlu kimi, dəyərli əsərləri ilə oxucu qəlblərində özünə taxt-tac qurmuş ünlü qələm adamlarımızdan idi. Ədəbiyyata xidmətlərinə görə “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülüb. “Günün baxtı”, “Mən burdayam, İlahi”, “Uzaq, yaşıl ada”, “Gürzəçöl yazıları” kimi kitabları, maraqlı dram əsərləri, filmləri ilə mədəniyyətimizin daha da zənginləşməsinə töhfələr verib. 2015-ci ildə xatirələrə köç edib.
Yeri gəlmişkən, “Ulduz” aylıq ədəbiyyat dərgisi və AYB Ədəbiyyat Fondu unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsi keçirib və 35 yaşadək qələm adamları arasından Vaqifin poetik ruhunu yaşadan ən yaxşı şairləri müəyyənləşdirib. Cavid Qasımov 1-ci, Rəşad Nağı Mustafa və Allahşükür Ağa 2-ci, Eminquey, Seyidəli Sübhi və El Roman isə 3-cü yerləri tutublar.
Yaxın günlərdə “Kəpəz hospital”ın təşkilati, “Ədəbiyyat və İncəsənət” portalının informasiya dəstəyi ilə təqdimat və qaliblərin mükafatlandırılması olacaq.
Əslində, xalqımızın həyatının, demək olar, bütün günləri poeziyaya sıx bağlıdır. Elə bu yaxınlarda 8 gün ərzində AMEA-nın əsas binasının önündəki Akademiya parkında təmtəraqla keçirilmiş III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (III LitBookFest) isti təəssüratları hələ də ürəklərimizdədir. Türk dünyasının mənəvi körpüsü olan festivalın hər günü bir Turan ölkəsinə – Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edildi.
Türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festival “Şeir adam” məclisləri, poeziya saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yadda qaldı. 1934-cü ilin iyununda Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmış AYB-nin 90, azadlıq mücahidi Məhəmməd Əmin Rəsulzadənin və böyük ədib Salman Mümtazın 140, qırğız şair-ozanı Toktoqul Satılqanovun 160, ədəbiyyatşünas ailm, akademik Həmid Araslının 115, eləcə də 20 Yanvar şəhidi olan şair Ülvi Bünyadzadənin 55 illiyi qeyd olundu. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni kitabları oxuculara endirilmiş qiymətlərlə təqdim edildi...
Bu gün Bakıda, Gəncədə və Goranboyda Şairlər Gününə həsr olunmuş ənənəvi mərasimlər olacaq. Gənclik şəhərində isə, hər il olduğu kimi, AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə Xəzər dənizinə gül səpməklə nakam taleli şairimiz Mikayıl Müşfiq və digər unudulmaz söz adamlarımız yad ediləcək, şeirlər dinləniləcək.
Əli NƏCƏFXANLI
XQ