Artıq 3-cü gündür ki, keçmiş SSRİ məkanından olan 200-dən çox gənc rejissor, dramaturq, aktyor, səhnə rəssamı və teatrşünas Qazaxıstanın Almatı şəhərində bir araya gəlib. Orada geniş tədbirlər proqramına tamaşaların, rəssam kataloqları və gənc dramaturqların pyeslərinin təqdimatları, ustad dərsləri, seminarlar, tanınmış teatr xadimlərinin məruzələri daxil edilmiş teatr forumu keçirilir.
Forum MDB-nin üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Beynəlxalq Teatr İttifaqları Konfederasiyası tərəfindən təşkil edilib. Gənclərin teatr bayramında Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Moldova, Özbəkistan, Baltikyanı ölkələr, Gürcüstan və Tacikistanla bərabər, Azərbaycan da təmsil olunur. Başlıca məram postsovet məkanında mədəni əlaqələrin qorunub saxlanılması və inkişafıdır. Teatr sənətinin inkişafına mühüm töhfə sayılan və beynəlxalq mədəni qarşılıqlı əlaqə üçün yeni üfüqlər açan bu layihə yaradıcı gənclərə dəstəkdir.
Münsiflər heyətinin sədri, Rusiyanın Xalq artisti, Puşkin Teatrının bədii rəhbəri Yevgeni Pisarev, fəxri üzvü Yaponiyanın “Çiten” Teatrının bədii rəhbəri, rejissor Motoi Miura, üzvləri isə rejissorlar Denis Azarov və Oleq Lipovetski, aktyor Andrey Kuziçev və başqalarıdır.
Gənc sənətçilərimiz bu teatr bayramına Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının iştirakı ilə qatılırlar. Ölkəmizi təmsil edənlər sırasında dramaturq Cavid Zeynallı, teatrşünas Dağlar Yusif, rejissorlar Abdulla Elşadlı, Ümid Abbaszadə, Sahib Əhmədov, Elmira Üzeyirova və Fərəh Quliyeva yer alıblar. Forum çərçivəsində K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında iyunun 7-də Akademik Milli Dram Teatrının “Sənsiz” tamaşası nümayiş olunacaq. Yazıçı-dramaturq Şıxəli Qurbanovun eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğludur. Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırırlar.
Qaliblərə pul mükafatları və MDB ölkələrinin Gənclər Teatr Forumunun birləşdirici simvolu olan qızıl, gümüş və bürünc çətir şəklində xatirə hədiyyələri təqdim olunacaq. Forumun ən yaxşı tamaşası gələn il Moskvada böyük rus yazıçısı Anton Çexovun xatirəsinə həsr olunmuş XVII Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Forum iyunun 9-dək davam edəcək.
XQ