Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Oman Sultanlığının Muskat şəhərində “Şuşa - Şərqin mədəniyyət beşiyi” adlı musiqili gecə keçirilib.
Əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun tədbir iştirakçılarına həm 28 May Müstəqillik Günü, həm də konsert münasibətilə ünvanladığı təbrik səsləndirilib.
Konsertdə Səidə Xəlilovanın həmtəsisçisi olduğu konservatoriyanın müxtəlif xalqların nümayəndələrindən ibarət olan müəllim və şagird kollektivi ölkəmizin və dünyanın görkəmli bəstəkarlarının əsərlərini səsləndirib. Azərbaycanın xalq musiqiləri, hindli ifaçının təqdimatında “Sarı Gəlin”, Arif Məlikovun “Alegiya” baleti qonaqların zövqünü oxşayıb. Ölkəmizin zəngin mədəni irsi, turizm potensialı, incəsənəti və tarixi abidələri nümayiş etdirilən videoçarxlar böyük maraqla qarşılanıb.
Tədbirdə Qarabağın tacı Şuşaya həsr olunmuş tədbirin önəmindən bəhs edilib. Qeyd olunub ki, 2023-cü ildə Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Şuşa ilə bağlı verilən bu qərar İslam aləminin həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirilib.
Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin nümayəndələri və əcnəbi qonaqların iştirak etdikləri musiqili gecənin sonunda konservatoriyanın müəllim və şagird heyətinə sertifikatlar təqdim olunub.
XQ