Professor Namiq Əliyevin kitab təqdimatı keçirilib

post-img

Bu gün  Azərbaycan  Qarabağ  Müharibəsi Əlilləri, Veteranları  və Şəhid Ailələri İctimai Birliyinin inzibati binasında Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının  “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, professor  Namiq Əliyevin kitabların təqdimatı keçirildi. Təqdimat “Azərbaycan  Qarabağ Müharibəsi Əlilləri, Veteranları  və Şəhid Ailələri” İctimai Birliyi ilə  “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutdu. Tədbir şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli açıq elan etdi. E. Həsənli iştirakçılara professor Namiq Əliyev haqqında geniş məlumat verdi:

“Professor Namiq Əliyev ordunun ən çətin günlərində dövlətin yanında olub. Əgər orduda qanun, nizamnamə yoxdursa,  bu, qanunsuz hərbi birləşmə adlanır. Ordu quruculuğunda, ordu qanunlarının yazılmasında Namiq Əliyevin müstəsna xidmətləri olub. Namiq müəllim Azərbaycanın Gürcüstanda və Moldovada səfiri olarkən hər zaman Azərbaycanı yüksək səviyyədə təmsil etmiş, Azərbaycanın haqq səsini duyurub”.

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev çıxşı zamanı qeyd etdi ki, bu kitabların  təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də nümayiş  və təbliğ edilməlidir:

“Kitablarda həm hüquqi aspektlər, həm tarixi faktlar da öz əksini tapır. Bu kitabları tirajlarını artıraraq daha çox kütləyə çatmasına nail olmalıyıq.  Bu tarixi faktları hər kəs bilməlidir”.

Ehtiyatda olan polkovnik Həsən Əmirov bu kitabı yüksək qiymətləndirdi:

“Bu kitab bizə və gələcək nəsillərə örnək kitabdır. Bu kitab tarixidir. Bizə bu kitab vasitəsilə açılanan tarrixi biz də gənc nəsilə ötürməliyik. Bu, bizim mənəvi borcumuzdur”.

 Fəlsəfə doktoru, politoloq İlqar Vəlizadə, politoloq Zaur Məmmədov qeyd etdilər ki, hazırda güc müharibəsi ilə yanaşı informasiya savaşı da vacib amillərdəndir.

Biz bu vacib nüansa 44 günlük Vətən müharibəsi zamanı şahidi olduq. Ön cəbhədə irəli getdiyimiz kimi, informasiya cəbhəsində də düşməndən irəlidə olmağı bacardıq. Namiq müəllim hər iki cəbhədə savaşmağı bacarıb. Bu kitablar informasiya savaşını da özündə əks etdirir".

Ehtiyatda olan polkovnik-leytenant Musayev Şura və Şeydayev Bəhram kitabla tanış olarkən yenidən o dövrə getdiklərini, çətinlikləri xatırladıqlarını bildirdilər:

" O zaman qarşılaşdığımız çətinliklər, texnikaların olmaması və canlı qüvvə ilə vuruşduğumuz anlar gözümüzün qarşısında lent kimi keçdi. İndi o problemlər aradan qaldırılıb".

Qaibzadə İlham əlavə olaraq qeyd etdi ki, sözügedən problemlərin aradan qaldırılmasında Namiq Əliyevin xidməti danılmazdır:

" Bəli, bu, danılmaz faktdır. Biz bunu yüksək qiymətləndiririk. Ordununun düzgün formalaşmasında qanun önəmlidir. Bu qanunun ərsəyə gəlməsində Namiq Əliyevin xüsusi rolu var".

 Əfsanəvi kəşfiyyatçı, ehtiyatda olan kapitan Anar Məmmədov çıxışı zamanı ordu quruculuğunda xidmətlərinə görə  Namiq Əliyevə təşəkkür etdi:

“Sizin Azərbayanın Ordu qurulmasında misilsiz xidmətləriniz olub. I Qarabağ müharibəsi zamanı ölkə çox çətin durumda idi. Ölkədə texnika yox idi. Lakin nizami ordu tez bir zamanda quruldu. Bununla yanaşı, siz siyasi sferada da Azərbaycanı mükəmməl təmsil etmisiniz”.

Professor Namiq Əliyev  ölkənin çətin günlərdəki fəaliyyətindən, tarixi reallığı, kitablarının yazılma tarixi və səbəbini iştrikçılarla bölüşdü:

“Təqdim olunan kitabların hamsının öz tarixi, öz yazılma səbəbi var. Hər kitab özündə hansısa bir nəzəriyəni, bir tarixi, bir prosesi əks etdirir. Burada Qarabağ mövzusu ilə bağlı 40-dan artıq kitab təqdim olunub. Onların içində 17 ölkədə 13 dildə çap olunan var. 8 avqust 2008-ci ildə 5 gün davam edən Rusiya-Gürcüstan müharibəsini özündə əks etdirən kitabım iki sentyabrda artıq hazır idi. Mən bu kitabda həmin hadisəyə ilk münasibətimi, ilk baxışımı qeyd etmişəm”.

Sonda professor Namiq Əliyev  “Azərbaycan  Qarabağ Müharibəsi Əlilləri, Veteranları  və Şəhid Ailələri” İctimai Birliyinin İdarə Heyətinin qərarına əsasən, “Vətənpərvərlik işində xidmətlərinə görə” və  “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin təsis etdiyi “Böyük Zəfər” medalları ilə təltif olundu.

Tədbirdə şəhid ailələri, I və II Qarabağ müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

 

 

 











Mədəniyyət