Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı olub

post-img

Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Özbək Dilinin İnkişafı Fondunun (ÖDİF) və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) iştirakı ilə filologiya elmləri doktoru dosent Elçin İbrahimovun “Türk xalqlarının ümumi əlifbası, imlası və əlaqə dili” adlı əsərinin özbək dilində nəşrinin təqdimatı keçirilib.

Tədbiri ÖDİF-in direktoru filologiya elmləri doktoru Əzizcan Eminov açaraq Özbəkistan Respublikasının dil siyasətindən söz açıb, ölkədə ana dilinin əhəmiyyətli dərəcədə önəm qazandığını vurğulayaraq son zamanlar digər qardaş türk dillərinə də böyük marağın olduğunu bildirib.

AMM-nin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Türk dünyasının ən böyük probleminin inteqrasiya dilinin olmamasını vurğulayıb, türk dillərinin populyarlaşdırılması, təbliği və tədrisinin vacibliyini qeyd edib,  AMM-nin bu sahədə gerçəkləşdirdiyi layihələrdən söz açıb. Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın bir neçə ali məktəbində Azərbaycan dilinin tədrisinə başlanıldığını vurğulayan K.Məmmədzadə gələcəkdə bunun daha da genişləndirilməsi istiqamətində işlərin aparıldığını, dil tədris vəsaitlərinin, danışıq kitabları, lüğətlərin çap edildiyini, dil kurslarının təşkil olunduğunu qeyd edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, universitetin yanında Dövlət Dilinin Tədrisi və İxtisaslaşdırma Mərkəzinin direktoru, dosent İnamcan Azimov, Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetinin professoru Marufcan Yoldaşov təqdimatı keçirilən nəşrin Özbəkistanda olduqca aktual olan bir problemə toxunduğunu qeyd edərək bu əsərin ana dilinin istifadəsi, imlası və əlifbası məsələləri sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, tələbələr üçün çox dəyərli bir mənbə olduğunu vurğulayıblar.

Elçin İbrahimov əsərin ərsəyə gəlmə zərurətindən söz açaraq kitabın Özbəkistanda nəşrinin ana dilinin istifadəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində lazımlı mənbə olacağına ümid etdiyini söyləyib, nəşrin ərsəyə gəlməsində yaxından iştirak edən təşkilatlara  minnətdarlığını bildirib.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd 







Mədəniyyət