13 may tarixində Respublika Uşaq Kitabxanasında BDU–nun Şərqşünaslıq fakültəsinin Regionşünaslıq ixtisası üzrə istehsalat təcrübəsində olan IV kurs tələbələrinin təqdimat tədbiri keçirilib.
Tədbirdə BDU-nin Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan, ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı, filologiya üzrə fəlsəfə doktoru Mehman Tarverdiyev, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnistitunun baş eksperti Mustafa Əliyev, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin Beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva ekspert qismində, tələbələr və kitabxana əməkdaşları iştirak ediblər.
Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova ilk öncə qonaqları salamlayaraq tədbiri açıq elan edib. Direktor çıxışında qeyd edib ki, istehsalat təcrübəsində iştirak edən tələbələr kitabxananın xarici ədəbiyyat böməsinə aid 300 adda ərəb və fars dillərində yazılmış Misir, Suriya, Livan, Tunis, İraq, İordaniya və İran uşaq ədəbiyyatından nümunələri tərcümə edərək geniş məzmunlu, məlumat xarakterli, annotasiyalı araşdırmalarını təqdim edirlər.
Fakültənin tələbələri Muhammədəli Axundov “Ərəb və Fars dilli uşaq ədəbiyyatından mülahizələr”, Kamran Rəhmanlı isə “Ərəb və ərəb uşaq ədəbiyyatı” adlı mövzuda təqdimatı diqqətə çatdırdılar. Təqdim olunan videoçarxlarda qeyd olunmuş ölkələrin tarixi, coğrafiyası və ədəbiyyatı, xüsusilə uşaq ədəbiyyatının təşəkkül tapması və inkişafı haqqında məlumat verdikdən sonra ərəb ölkələrində müasir uşaq ədəbiyyatının inkişaf prossesi və tanınmış yazarlar haqqında ətraflı çıxış etdilər. Həmçinin, təqdimat Azərbaycan və ərəb dilllərində ədəbi nümunələrlə diqqətə çatdırılıb, tərcümə olunmiş nağıl, hekayə və şeirlərdən nümunələr səsləndirilib.
Təqdimatdan sonra ekspertlər öz fikirlərini və tövsiyələrini bildirməklə tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu etdilər. Həmçinin, kitabxana tərəfindən irəli sürülən ideyanın gənclər üçün faydalı olduğunu qeyd etməklə bu layihənin və əməkdaşlığın davam etdirilməsini məqsədəuyğun saydılar.
İstehsalat təcrübəsinin yekununda fakültə və kitabxana rəhbərliyinin iştirakı ilə tələbələrin təcrübə nəticəsində əldə etdikləri biliklərlə bağlı müzakirələr aparılıb, onların fəaliyyəti qiymətləndirilib.
Tədbirin sonunda qonaqlar ərəb və fars dillərindən tərcümə olunmuş kitab sərgisi ilə tanış olublar.
XQ