Naxçıvanda Kitab Festivalı

post-img

Dünən Naxçıvan şəhərindəki “Saat meydanı” Turistik İstirahət Mərkəzində Kitab Festivalının açılışı olub. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.

Ekspozisiyalarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunan 900 çeşiddə, 70 minə yaxın kitab və digər nümunələr nümayiş etdirilir. Sərgi ilə tanış olan Fuad Nəcəfli Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Müəllimlər İnstitutu üçün ayrılmış stendlərdə muxtrespublikada fəaliyyət göstərən alim və pedaqoqların nəşr olunmuş tədqiqat əsərləri, dərslik və dərs vəsaitləri, eləcədə qəzet və jurnallara baxıb, bu əsərlərin işıq üzü görməsini yüksək qiymətləndirib.

“TEAS PRESS” Nəşriyyat Evinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr etdiyi stenddə dahi soydaşımızın mənalı ömür yoluna işıq tutan onlarla yerli və xarici dildə kitablar nümayiş etdirilir. Burada Fuad Nəcəfliyə “Heydər Əliyev: yaşayan tarix“ kitabı hədiyyə olunub. Səlahiyyətli nümayəndə isə festivalda iştirak edən balaca kitabsevərlərə kitablar hədiyyə edib, onlarla xatirə fotoları çəkdirib.

Gənc könüllülər Kitab festivalının təşkilində fəal iştirak edib, kitab və mütaliə ilə bağlı fləşmob təqdim ediblər. Könüllülərin “Kitab hədiyyə et, dəyər qat” aksiyası çərçivəsində iştirakçıların təqdim etdikləri kitablar cəzaçəkmə müəssisəsi, internat məktəbi və ahıllar evinə təqdim olunacaq. Kitab festivalı mayın 11-dək davam edəcək. 

XQ

 

Mədəniyyət