Ədəbiyyatımızın filosof tənqidçisi

post-img

Məmməd Cəfər – 115

Böyük ziyalı və görkəmli şəxsiyyət olan akademik Məmməd Cəfər Azərbaycan ədəbiyyatşünaslığında xüsusi xidmətləri olan alimlərdən biri idi. O, Azərbaycan ədəbi tənqidi ilə yanaşı,  rus, Avropa və Şərq ədəbiyyatı tarixi ilə bağlı bir çox ciddi tədqiqatlar aparıb.

Akademik Məmməd Cəfər Nizaminin, Füzulinin bədii-estetik görüşləri, eləcə də   Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Cəfər Cabbarlı, Həsən bəy Zərdabi və Səməd Vurğunun  haqqında sanballı məqalələr yazıb. Onun “Rus ədəbiyyatı tarixi oçerkləri”, “A.İ.Gertsen”, “Azərbaycan-rus ədəbi əlaqələri tarixindən”, “Rus klassikləri” və üç cildlik “XIX əsr rus ədəbiyyatı” kimi çalışmaları ilə görkəmli alim Azərbaycanda rus ədəbiyyatşünaslığının əsasını qoyub.

Məmməd Cəfəri “filosof tənqidçi” adlandırıblar. İlk böyük əsəri olan beş fəsildən ibarət diplom işini fransız maarifçi filosofu Volterə həsr edib. Avropada maarifçi estetikanın nəzəri prinsiplərini dərindən araşdırıb. Müasirləri haqqında yazanda da fəlsəfi mühakimələrlə təhlil aparıb və  məntiqi nəticəyə gəlib.       

Məmmədcəfər Zeynalabdin oğlu Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərinin Anbar məhəlləsində dərzi ailəsində doğulub. “Kündəgir” imzası ilə şeirlər də yazıb. O zaman Məmməd Cəfəri orta məktəbə qəbul etməyiblər. Hüseyn Cavidin qardaşı Məhəmməd Rasizadə Məmməd Cəfərə öz evində dərs deyib. Daha sonra Məmməd orta məktəbdə oxumaq istəyi ilə bağlı maarif naziri Ruhulla Axundova şeirlə müraciət yazıb. Nəhayət,  R.Axundovun göstərişindən sonra o, Naxçıvanda  arzuladığı məktəbə qəbul edilib. 

Orta məktəbi müvəffəqiyyətlə bitirən gənc Naxçıvan Pedaqoji Texnikumuna daxil olub. Texnikumun son kursundan Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinə köçürülüb. Sonra filologiya üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib. Professor elmi adına yiyələnib. AMEA-nın müxbir üzvü və həqiqi üzvü seçilib. 

O, ədəbi fəaliyyətə 1937–1938-ci illərdə “Kommunist”, “Yeni yol” və “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi məqalələrlə başlayıb. Dövri mətbuatda vaxtaşırı çıxan elmi, ədəbi-tənqidi, publisistik və bədii əsərləri ilə tanınıb. Ədəbiyyatşünas–alim, tanınmış pedaqoq kimi ali məktəblərdə mühazirələr oxuyub. Eyni zamanda dərsliklər, ədəbiyyat tarixləri tərtib edib. Onun bədii yaradıcılığındakı “Qayanın dibində”, “Qeybalının dostuna məktubu”, “Metronun əxlaqı”, “Sehrli palto”, “Zənbillər”, “Bir yüngülvari səhv” kimi povest və pyesləri də maraqla qarşılanıb.

Məmməd Cəfərin ömürlüyü çoxşaxəli əmək fəaliyyət ilə zəngindir. “Maarif işçisi” qəzetinin şöbə müdiri, Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri, dekan, Bakı Müəllimlər İnstitutunda baş müəllim, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Rus ədəbiyyatı kafedrasının dosenti, kafedra müdiri, filologiya fakültəsinin dekanı, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri, redaktoru, AMEA-nın Ədəbiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri, həmin institutun direktoru və sair vəzifələrdə işləyib. Azərbaycan və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə və kulturologiya məsələlərinə həsr edilmiş 30-dan çox kitabın, 750-yə yaxın məqalənin müəllifidir. Onun “M.F.Axundovun ədəbi-tənqidi görüşləri”, “Füzuli düşünür”, “Hüseyn Cavid”, “Azərbaycan ədəbiyyatında romantizm”, “Mütəfəkkirin şəxsiyyəti”, “Nizaminin fikir dünyası” kimi tədqiqat əsərləri Azərbaycan mədəni-filoloji fikrinin ən qiymətli örnəklərindəndir.

Məmməd Cəfər elmi-pedaqoji xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib, Respublika Dövlət mükafatına və “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 1992-ci ildə Bakıda vəfat edən akademik Fəxri xiyabanda dəfn olunub. Ruhu şad olsun.

Həzi HƏSƏNLİ, 
Şair-publisist

 

Mədəniyyət