Lahıcdan Afrikaya yol

post-img

Onu YouTube-də yayımlanan “DiasporaTV”-dəki “Uğurlu soydaş” proqramından  tanıdıq. Verilişin qonağı İsmayıllı rayonunun Lahıc qəsəbəsində dünyaya gələn, hazırda Fransa vətəndaşı olan, 9 il Nigeriyada, 2 ildən bəri isə Anqolada yorulmadan milli mədəniyyətimizi təbliğ edən Azərbaycan Dostları Cəmiyyətinin sədri Billurə Əvəz qızı Bayramova-Bernard idi. O, müsahibə zamanı öz uğur hekayəsindən, yaşadığı ölkələrdə azərbaycançılıq ideyalarını yaymasından, ona bu mübarək işində dəstək olan həmvətənlərimizdən və xarici dostlarından elə vəcdlə danışırdı ki, fərəhlənməmək olmurdu.   

Billurə xanım Azərbaycan Dövlət İqtisad Universitetini (magistr) və  İsveç Krallığı Lund Universitetini bitirib, ixtisasca maliyyəçidir. “Danone” şirkətində, “Beynəlxalq Qadınlar Təşkilatı”nda maliyyə meneceri kimi çalışıb. Bir neçə il əvvəl baş tutan “Fransa üçün birlikdə” siyahısına qoşularaq seçkidə iştirak edib və xaricdə yaşayan fransızların konsulu seçilib. Uzun illər Laqosda fəaliyyət göstərən fransız təşkilatı “Lagos Accueil”in prezidenti, “Laqos Lui Pastor” fransız məktəbinin İdarə heyətinin üzvü ­olub. O, Azərbaycan musiqisini və milli musiqi alətimiz olan tarı tanıtmaq üçün Afrikada konsert proqramları təşkil edib. Öyrəndik ki, soydaşımız Afrikada inşası yarımçıq qalan məktəbin tikintisinə dəstək göstərib, şirkətlər təsis edib, evini restorana çevirib, burada Azərbaycan milli yeməklərini tanıtdırıb, əcnəbi jurnalistləri ölkəmizə gətirib. Diasporla İş üzrə Dövlət Komitəsinin xəttilə Şuşaya səfərinin zəngin təəssüratları da var. Diaspor fəalı söhbət zamanı Azərbaycanı tanıtmaq yolunda ona dəstək verən xarici ölkə vətəndaşı olan həyat yoldaşına və valideynlərinə təşəkkür etdi. Qürbətdə Vətəni yaşadan digər soydaşlarımızın da diaspor fəaliyyətindən söhbət açdı. O, azərbaycanlı fəalların layihələr təşkil edərkən maddi dəstək almadan da ölkəmiz naminə çalışdıqlarını vurğuladı. Qeyd etdi ki, diaspor fəaliyyəti könül işi olduğu üçün bütün həmvətənlərimiz bu missiyanı ürəklə həyata keçirməlidirlər.

Billurə Bayramova-Bernard Afrika bazarının Azərbaycan məhsullarına ehtiyacı olduğunu da vurğuladı. Keçirilən sərgilərdə, yarmarkalarda vətənimizi tanıtmaq üçün Azərbaycan şirkətlərinin brend şərablar, çaylar, şirniyyatlarla ona dəstək olmalarını, məhsullarını göndərmələrini arzu etdiyini də dilə gətirdi.

Düşünürük ki, Azərbaycanı xaricdə tanıdan hər kəsə hamılıqla yardımçı olmalıyıq.   

Ə.ƏLİYEV
XQ

 

Mədəniyyət