Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində “Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçirilib.
Məclisdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov ölkəmizdə elmi potensialın inkişafının müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. O bildirib ki, Ulu öndərin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə minlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi, ölkədə ümumi və ali təhsilin əhatə dairəsi genişləndirildi, fundamental elmi tədqiqatların həyata keçirilməsinə başlanıldı. Bu çoxşaxəli siyasəti Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdə elm və təhsil sahəsində davamlı islahatlar və yeniliklər həyata keçirilir.
Sonra mövzu ətrafında məruzələr dinlənilib. Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərov “Tarix yaradan və tarixi yazan dahi”, “İki sahil” qəzetinin baş redaktoru professor Vüqar Rəhimzadə “Heydər Əliyev və Azərbaycan mətbuatı”, ADPU-nun prorektoru professor Asəf Zamanov isə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzə ediblər. ADPU-nun ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov dahi şəxsiyyətin ziyalılara göstərdiyi qayğıdan söz açıb.
Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinə diplom və mükafatlar təqdim olunub.
T.RÜSTƏMLİ
XQ