Milli kinomuzun yönü hayanadır?

post-img

Azərbaycan filmlərini dünyada tanıtmaq hədəf seçilib 

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Məqsəd milli kino təsərrüfatında vacib islahatların aparılması, kinematoqrafiya və yayım infrastrukturunun müasirləşdirilməsidir. Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu qurumun ötən 2 ildə gördüyü işlər, yaxın və uzaq perspektivlərlə bağlı “XQ”-nin suallarını cavablandırıb. Onun fikirlərini təqdim edirik. 

– Dövlət başçımızın kino ilə bağlı im­zaladığı sənədlər, verdiyi göstəriş və töv­siyələr Azərbaycan kinosuna göstərilən qayğının bariz nümunəsidir. Bu, bizə fəa­liyyətimizdə böyük maddi-mənəvi stimul verir. 

Kinematoqrafiya özündə mədəniy­yətin bir çox sahələrini yaşadan, sin­tez edən polifonik və populyar bir sənət sahəsidir. Eyni zamanda yumşaq siyasət, təbliğat, reklam və istehsalatı ehtiva edir. Kinonu sənayeləşdirərək, bu bazardan çox yüksək gəlir götürən ölkələr də var. Hər bir halda, kino millətlərin özünüifadə vasitəsidir. 

Sadaladığım aspektlərdən yanaşsaq, milli kinomuzda sələflərimizdən bizə qa­lan miras elə də ürəkaçan deyildi. Kino istehsalı dayandırılmışdı və bu sahədə iki paralel yaradıcılıq ittifaqı vardı. Gənc­lər işsiz idilər, ən yaxşı halda daha çox az büdcəli, TV formatlı filmlər çəkməklə həm sənəti, həm də kinomühitin ovqatını dəyişirdilər. Filmlərdə isə milli məzmun, dövlətin təməl prinsiplərinin qorunması başlıca amil olaraq nəzərə alınmırdı. 

Bu gün ARKA-nın ilk amacı kino sahə­sinə məhz milli məzmunu qaytarmaqdır. Film siyasətini “prodüser kinosu” siste­mi vasitəsilə həyata keçirmək, istehsalatı stimullaşdırmaq, sahəni sənayeləşdir­mək, plüralizm və müxtəliflik yaratmaq əzmindəyik. Dövlət sifarişi ilə çəkilən filmlərin sosial sifarişlərə, millətin zeh­niyyətindən gələn qaynaqlara söykən­məsini vacib sayırıq. Eyni zamanda, yerli və xarici kino istehsalçıları üçün imtiyazlı istehsal şəraitinin yaradılmasını təmin edən və çox güman ki, yeni qanunveri­ciliklə tənzimlənən kino mühiti yaratma­ğı düşünürük. Bütün bunlar isə yekunda milli məzmunla süslənmiş universal kino dilində danışmağı bacaran yeni yaradıcı nəsil formalaşdırmağı hədəfləyir. 

Prioritet istiqamətlərimizdən biri də ənənə üzərində formalaşmış kino klas­sikasını və yetərincə uğurları olan milli kino tariximizi dünyada təbliğ etməkdir. Ən nəhayət, dövlətin “yumşaq siyasəti” funksiyasına qədər qaldıracağımız yeni çəkiləcək filmlər vasitəsilə dünyaya Azər­baycan həqiqətlərini daha intensiv çatdır­mağı düşünürük. Bunun üçün yetərincə mobil komanda var və artıq bir sıra real işlər də görülüb. Mədəniyyət Nazirliyində aparılan mühüm islahatların davamı kimi, Kino Agentliyi də dövrün çağırışlarına və bu sahədə qazanılmış kinematoqrafik təcrübəyə söykənir. 

Konkret olaraq, işimiz çəkiləcək film­lərin şəffaf seleksiyadan keçirilməsi üçün müxtəlif müsabiqələr təşkil etməkdən, yeni idarəçilik sistemləri yaratmaqdan, is­tedadlı gənclərə əməli dəstək proqramla­rını real icra etməkdən ibarətdir. Xüsusən də Mədəniyyət və İncəsənət Universiteti­nin tələbələrinə dəstək olaraq, artıq se­çilmiş 16 təzə filmin maliyyələşməsinə nail olmaq, sahəyə yeni “oyunçuları” və “investorları” cəlb etmək, animasiya sahəsini, sənədli film sektorunu yenidən təşkilatlandırmaq, bir sözlə, kinematoq­rafiyaya yeni nəfəs gətirmək görəcəyimiz çoxsaylı işlər sırasındadır.

ARKA-da kifayət qədər nüfuzlu peşə­karlardan ibarət Bədii şura fəaliyyətə başlayıb. Layiqli filmlərin istehsalata bu­raxılması və hazır sənət nümunəsi kimi qəbul olunması kollegial şəkildə Bədii şuranın qərarından sonra gerçəkləşəcək, bu sahədə heç bir subyektiv baxışa yol verilməyəcək. Doğrudur, biz film çəkmi­rik, ancaq istehsalla məşğul olan kino­şirkətlərin çəkiliş və filmlərini nümayiş et­dirmək üçün çox vacib olan münbit şəraiti yaratmağı, təşkil etməyi və rəqabət ba­zarını stimullaşdırmağı təmin etməliyik ki, bir neçə ilə kino sahəsi yenidən dirçəlsin və dünya miqyasında elit festivallardan bizim “art filmlərin” qalib olduğu barədə xəbərlər gəlsin. 

Qısa müddət ərzində biz Ssenari la­boratoriyası və Alternativ Kino Akademi­yası da yaratmağa nail olmuşuq. Mərkəz­ləşdirilmiş kino statistikası saytını yaradıb istifadəyə vermişik. Postprodakşn döv­ründə maddi yardıma tələbatı olan kino şirkətlərinə birdəfəlik dəstəyin verilməsi­ni təmin etmişik. Dünyaşöhrətli Avropa prodüserləri Martin Hagemann və Titus Kreynbeqin rəhbərliyi ilə prodüser kurs­ları açılıb və bu kursları bitirən gənclər­də yeni zehniyyətin artırılması üçün açıq pitçinqin keçirilməsi, buradan qalib çıxan layihələrin maliyyələşdirilməsi də həyata keçirilir. Fərəhli haldır ki, istehsalı başa çatmış “Hadrut, sən azadsan!”, “Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filmlə­ri və “Oğurlanmış bahar” animasiya filmi artıq ictimaiyyətə təqdim olunub.

Onu da deyim ki, 1998-ci ildə qəbul olunmuş “Kinematoqrafiya haqqında” Qanun yaradıcılıq və istehsalat müna­sibətlərinin tənzimlənməsini təmin edə bilmir və onun yenidən yazılması zərurəti yaranıb. Bu sahədə hüquqşünaslarla və Milli Məclisdə müvafiq komitələrlə işlər aparılması, yeni Qanunu hazırlamaqla bağlı Mədəniyyət Nazirliyinin tərkibində işçi qrupunun yaradılması və digər təd­birlər vəziyyəti yaxşılaşdıracaq. Yeni qa­nunda kino istehsalı prosesində müxtəlif formalı imtiyaz və güzəştlərin tətbiqi də nəzərdən keçirilir. Digər mühüm prose­durlardan sonra qanunvericilik layihəsi hazırlanaraq kino ictimaiyyətinə təqdim olunacaq və veriləcək təkliflər nəzərə alınandan sonra sənəd daha da təkmil­ləşdiriləcək, sonra daha yüksək aidiyyəti orqanlara göndəriləcək.

Milli kino irsinin qorunması və zən­ginləşdirilməsi, habelə kino incəsənətinin təbliği də diqqət mərkəzindədir. Dövlət Film Fondunda, Dövlət Kino və Foto Arxi­vi İdarəsində, digər arxiv və mənbələrdə kinematoqrafiyaya aid vizual material­ların, foto və sənədlərin vahid reyestri­nin yaradılması və qorunması nəzərdə tutulur. Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan kino klassiklərinin Film Fondunda və yaxud yeni yaradacağımız kino muzeyində fərdi guşələrinin açılma­sı, onlara aid əşya və sənədlərin topla­nılaraq qorunması da görəcəyimiz işlər sırasındadır.

Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Milli kino tarixi” çoxcildliyi nəşr olunacaq, kino xadimlərinin yaradıcılığını və avtobioqrafiyasını əks etdirən elektron antologiya da hazırlanacaq. Mədəniyyət Nazirliyi milli kinomuzun təbliğ edilmə­si məqsədilə A kateqoriyalı festivallarda Azərbaycan pavilyonlarının açılması haqqında qərar verib. Gələn ay Kann festivalında Azərbaycan pavilyonlarının qurulmasına başlanılacaq. Ölkəmiz hə­min festivalda yeni yanaşma və yeni kino fəlsəfəsi təqdimatı ilə təmsil olunacaq. Həmçinin yerli telekanallarda təbliğat mexanizmi olaraq, müxtəlif təyinatlı kino verilişlərinin hazırlanması, müstəqil kino və mədəniyyət portallarının dəstəklən­məsi nəzərdə tutulub.

Bir yenilik də budur ki, gənc nəslin mədəni-milli ruhda formalaşmasına töhfə vermək, habelə klassik və müasir filmlə­ri tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə ali məktəblərdə onların nü­mayişinə başlanılıb. Bundan başqa, kino xadimlərinin yubileylərinə həsr olunmuş “Kinomuzu yaradanlar... kinomuzu yaşa­danlar” adlı layihəyə start verilib və bu da kino sənətkarlarının irsinin gərəkən təbli­ği məqsədini daşıyır. Layihə hər ay 4 kino xadiminə həsr olunacaq. 

ARKA kino mühitində bizə qədər mövcud olan müəyyən çarpazlılığı vahid istehsal mühitində birləşdirmək niyyətin­dədir. Mövcud nöqsanları aradan qaldırıb yeni istehsal mühitinə uyğunlaşdırırıq. Əminəm ki, yenidən hazırlanan qanunve­riciliyə əsaslanan elə istehsal mühiti for­malaşacaq ki, daha şirkətlər kino üçün dövlətdən pul ummayacaqlar, əksinə dövlət büdcəsinə pul gətirəcəklər. Biz Kino Agentliyini bu işlək halqada ancaq istehsalat və bazarı təşkil edən, stimul­laşdıran mərkəz kimi görürük. Nəhayət, milli məzmun daşıyıcısına çevrilmiş, eyni zamanda, bütün dünyaya universal he­kayə kontekstində vizual dildə bizdən da­nışan bir kino mühiti yaranacaq. 

Xatırladım ki, ARKA bu areala yeni adlar qazandırmaq məqsədilə 2023–2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi keçirib və se­çilən filmlər istehsalata buraxılıb. Onların arasında, əlbəttə, dövlət sifarişi ilə maliy­yələşən filmlər də var. Müstəqil mütəxəs­sislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyinin kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurasının iştirakı ilə açıq səsver­mə nəticəsində tammetrajlı, qısametrajlı bədii, sənədli, animasiya və tələbə film­ləri layihəsinin istehsalına dəstək göstə­rilməsi təsdiq edilib.

Türkiyə, Özbəkistan və digər ölkələr­lə birgə layihələrin həyata keçirilməsi də təmin edilib. Konkret olaraq Özbəkistan kinematoqrafçıları ilə görkəmli alim Maq­sud Şeyxzadənin həyatından bəhs edən bədii filmin çəkilməsi üçün Bakıda me­morandum imzalamışıq. Ümumiyyətlə, hədəfimiz iqtisadi səmərə baxımından daha çox xarici kino bazarına, xüsusilə də TÜRKSOY-a üzv ölkələrin bazarlarına yönəlib. Bu günlərdə Türkiyənin tanınmış film şirkətləri olan “Skala Film Prodüksi­yon” və “Tulpar Film” şirkətləri ilə də an­laşma memorandumu imzalanıb. Tezlik­lə iki qardaş ölkənin bazarlarına çıxacaq “Qızıl qatar” adlı birgə filmin istehsalı nəzərdə tutulur. Filmdə 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Osmanlı ordu­sunun AXC-yə köməyə gəlməsi, həmçi­nin Bakıdan Türkiyəyə qızıl yüklü qatarın göndərilməsi öz əksini tapacaq. Türkiyə ilə birgə istehsal olunacaq daha bir film Nargin adasında saxlanılan türk əsir­lərinin həyatından bəhs edən “Narginli Sona”dır. Bu ekran işini Türkiyənin “Yer­li Düşünce Basın Yayın Medya” şirkəti bizimlə birgə maliyyələşdirir. Bir sözlə, Azərbaycanı beynəlxalq çəkiliş məkanı kimi inkişaf etdirmək və xarici şirkətlərin bu işə cəlb olunması üzrə perspektivləri­miz genişdir. 

İnanıram ki, Agentliyin dəstəklədiyi yeni filmlərimiz milli təqdimatda daha ef­fektiv şəkildə dünya miqyasına çıxacaq və nəhayət, Azərbaycanı kino ölkəsi kimi dünyada tanıdacaq. Bütün çətinliklərə baxmadan, uğurlu sonluğa inanırıq və bu, belə də olacaq, çünki yaxşı filmin sonu həmişə yaxşı ovqat yaradır...

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət