Daşkənddə Maqsud Şeyxzadəyə həsr olunmuş tədbir keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadəyə həsr olunan “Azərbaycanlı böyük sima” adlı tədbir keçirib. 

Mədəniyyət Mərkəzində baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, alimlər iştirak edib.

AMM direktorunun müavini Nadir Əlimirzəyev açaraq Maqsud Şeyxzadə yaradıcılığından danışıb, Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni, dostluq və qardaşlıq əlaqələrinin qurulmasında Maqsud Şeyxzadənin əsərlərinin də böyük rolu olduğunu vurğulayıb, ədibin dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin əsas tədqiqatçısı olduğunu qeyd edib. O, Maqsud Şeyxzadənin dram əsərlərini Şekspirin “Hamlet”, “Otello”, “Kral Lir” əsərləri ilə müqayisə edib və onun “Mirzə Uluğbəy”, “Cəlaləddin Manguberdi” kimi əsərlərinin nəinki Özbəkistanda və Azərbaycanda, bütün Şərq aləmində şöhrət qazandığını bildirib.

Universitetin prorektoru Dilşod Baratov Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini və onun “Böyük xidmətləri üçün” ordeni ilə təltif olunduğunu qeyd edib. O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən sitat gətirib : “Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib”. 

Universitet rektorunun müşaviri Şarmatulla Yusupov Maqsud Şeyxzadənin qiymətli əsərlər qələmə aldığını vurğulayıb və ədibin yaradıcılığının bundan sonra da yeni nəsillərin vətənpərvər ruhda yetişməsində böyük əhəmiyyətə malik olduğunu qeyd edib. 

Universitetin kafedra müdiri Nafisa Rahmatullayeva Şeyxazədinin öz əsərləri ilə özbək xalqında qəhrəmanlıq və vətənə məhəbbət hisslərini aşıladığını, tədris prosesində bu mövzuda onun yaradıcılığının nə qədər böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Nafisa Rahmatullayeva Maqsud Şeyxzadənin təkcə özbək ədəbiyyatı üçün deyil, eyni zamanda Azərbaycan ədəbiyyatı üçün də dəyərli əsərlər miras qoyduğunu qeyd edib.

Sonra Maqsud Şeyxzadə ilə bağlı AMM və Özbəkistanın Dövlət Televiziyası tərəfindən hazırlanan “Əziz insan” sənədli filmi nümayiş etdirilib. Filmdə Azərbaycan və Özbəkistandan olan alimlərin, mədəniyyət və incəsənət xadimlərinin Maqsud Şeyxzadə yaradıcılığı ilə bağlı fikirləri, xatirələri yer alıb.

Tədbirin bədii hissəsində universitet tələbələri tərəfindən Maqsud Şeyxzadənin əsərləri əsasında hazırlanan kompozisiya nümayiş etdirilib.

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Daşkənd

 





Mədəniyyət