Avropa İran böhranından niyə kənarda durmağa çalışır?

post-img

HƏMAS-İsrail müharibəsi, ABŞ-ın Yaxın Şərq ölkələrindəki bazalarına davamlı dron hücumları, Ərəbistan yarımadasının cənubunda yerləşən Yəmən husilərinin hərbi aktivləşməsi və müdaxilələri ilə regionda toqquşmaların labüdlülüyü kritik həddə çatıb. Əslində, hər bir tərəf özünü daha haqlı hesab etdikcə vəziyyətin stabilləşməsinə olan ümidlər də sıfıra enir. 

Fevral ayında üç ABŞ əsgərinin, bir neçə gün öncə İranın yüksək rütbəli hərbçilərinin həlak olması bunu deməyə əsas verir.  Əgər İran İsrailə birbaşa hücum edərsə, çox güman ki, ABŞ bunu cavabsız qoymayacaq. Bəs ABŞ-ın İrana qarşı hücumunun qarşısını kəsən amillər nədən ibarətdir?

Ümumiyyətlə, illərdir aralarında gərginliyin yüksək həddə olduğuna baxmayaraq, İran və ABŞ birbaşa münaqişədən qaça biliblər. Hazırda Baydenin rəqibləri rəsmi Vaşinqtonu Tehranı cilovlamamaqda ittiham edirlər.  Əlbəttə, siyasətdə hakimiyyətə gəlmək istəyən tərəfin populizmdən istifadəsinə hər zaman şahid oluruq. Amma Baydeni İrana zəiflik göstərməkdə ittiham edən Tramp özü hakimiyyətdə olarkən bunu niyə etməmişdi? 

ABŞ-da hakimiyyətdə olan hər iki partiya – Respublikaçılar, həm də Demokratlar İranla birbaşa qarşıdurmadan qaçırlar. Bu, ABŞ-ın İranla bacarmayacağı anlamına gəlməməlidir. Sadəcə, görünür, ABŞ üçün proksi müharibə birbaşa müharibədən daha sərfəli və daha itkisiz görünür. Bundan əlavə, ortada bu qarşıdumanın geniş vüsət almasını istəməyən Avropa faktoru da rol oynayır. Üstəlik, ABŞ özünə müttəfiq hesab etdiyi Səudiyyə Ərəbistanı, İordaniya, Türkiyə, İsrail və Misir kimi ölkələrin, belə bir risk yaranarsa, İrana qarşı hansı prinsipial addımlar atacağını da təhlil edir. 

Amerika ekspertləri hesab edir ki, Avropa ölkələri Yaxın Şərqdə İranla böyük  münaqişədə maraqlı olmamaqlarının əsas səbəbi Ukrayna problemidir. Onlar hər iki cəbhədə risk altında olmağı düşünmürlər. Əlbəttə, münaqişə genişlənərsə, Avropa ölkələrinin NATO blokunda təmsil olunan ölkələri müəyyən dərəcədə dəstək verəcəklər. Lakin yaxınlıqda yerləşən Ukrayna məsələsində aralarında müəyyən qədər fikir ayrılığı olan Avropanın uzaq İranda birləşmək üçün tam olaraq ABŞ-ın yanında olacağı elə amerikalılar üçün də inandırıcı görünmür. 

Avropanın böyük ölkələri yaxşı anlayır ki, böhran genişlənərsə, enerji sektoruna son dərəcə ciddi təsirləri olacaq. Bu gün Qırmızı dəniz neft və qaz üçün ən mühüm daşıma marşrutlarından biridir. İsraillə İran  arasında müharibənin başlaması və ABŞ-nin münaqişədə açıq tərəf olması İranı daha radikal variant olaraq Fars körfəzini Hind okeanına birləşdirən və qlobal neft daşımalarının təxminən beşdə birini təşkil edən Hörmüz boğazını bağlamağa gətirib çıxara bilər ki, bu da avropalılara heç bir halda sərf etmir. Hətta Almaniya Gəmiçilik Assosiasiyasının rəhbəri Martin Kröger belə bir addımın Avropa üçün ciddi nəticələrə səbəb olacağını etiraf edib. Bu baxımdan, ABŞ seçim qarşısındadır: ya İsraillə İran arasında münaqişədə tərəf olmamalıdır, ya da bu iki ölkəni mümkün və labüd münaqişədən çəkindirməlidir. 

Anar ƏLİ

XQ

 

Dünya