Çağdaş Azərbaycan poeziyasından seçmələr

post-img

ÇƏMƏNLİM

Ümidim söykənib zümrüd düzünə,

O mənim arxamda duran dağımdır.

Sənin torpağını sıxıb gözümə,

Diz çöküb öpməyim ucalmağımdır.

 

Yüz il qucağından uzaqda gəzsəm,

Xəyalım yenə də səmanda üzər.

Sənə ürəyimin paytaxtı desəm,

Nə Təbriz inciyər, nə Bakım küsər.

 

Tutyadan əzizmiş bir dadım duzun,

Acı yovşanın da şirin-şəkərmiş.

Əlimi qanadıb didən kol-kosun,

Adi çör-çöpün də qançəkərimmiş. 

 

Umursan adına ad gətirərəm,

Gözətçi balanam qapından ötrü.

Hərdən şəhərlərdə bezib titrərəm,

Kövrək qocaların gapından ötrü.

 

Həm uman yerimsən, həm güman yerim,

Qadanı, bəlanı alasıyam mən.

Haçansa ömürlük qoynuna girib,

Çəmənin, çıçəyin olasıyam mən.

Şahmar ƏKBƏRZADƏ

 

ANAMDAN AYRILARKƏN

Ayrılıq yetişdi bizə yenidən,

Bir həsrət dumanı alıb könlümü.

Anama baxıram pəncərədən mən,

Durub kövrəkliyin heykəli kimi.

 

Avtobus tərpənir, çatmırmı gücü?

Nə yaman hay salıb, haray qoparıb.

Məni aparmağa nə var, sürücü,

Fikrimi, dərdimi anam aparıb.

 

Ürəyim kədərlə dolmasın deyə,

Bir az gülümsədi ayrılan zaman.

Yol uzaq, bir xata olmasın deyə,

Anam istərdi ki, sürücü oğlan

Onun gözləriylə baxa yollara,

Mülayim adamlar çıxa yollara...

 

Təkərlər fırlanır, uzaqlaşırıq,

Neçə düz keçirik, təpə aşırıq...

Fikrimdən gör nələr ötüşür bu dəm,

Qovaqlar anamdır, elə bilirəm.

Hər addım başında çıxaraq yola,

Arxamca əl edir: - Uğurlar ola!

 

Avtobus dayanır bir yol başında,

Biletlər yoxlanır yenə də bir-bir.

Bir kimsə bilmir ki, bu gün maşında

Bir ana ürəyi biletsiz gedir.

Bahadur FƏRMAN

***

DANIŞIR

Elə bil, dilotu yeyibdi dilim,

Ağlıma gələni deyir- danışır...

Gözüm həsrətimin yataq yeridi,

Ürəyim dinəndə şeir danışır.

Birini də deyim, sən eşit, qadam,

Bəzən ağrıdan da məst olur adam.

Kefi saz olanda, süst olur adam,

Dərdi güc gələndə, əyir... danışır.

Bir az kövrəyi var, bir az bərki var,

Çoxunun Allaha çatan ərki var.

Şair dedikləri adamlar ki, var,-

Başı daşdan-daşa dəyir, danışır...

Ürək pörşələdir, ciyər közlədir,

Bəxti ləngər verir, tale gözlədir,

Xalx kəmin-kəsirin elə gizlədir...

Əlövsət yarasın öyür, danışır...

Əlövsət SALDAŞ 

 

Sal əlini aşağı...

 

Sal əlini aşağı,

bir də qoynuna qoyma.

Keçmiş günahlarını,

mənim boynuma qoyma.

 

...Ömrünün astarından

üzü nə qədər çıxıb.

günlərinin qarası

üzünə qədər çıxıb.

 

Bax səni gətirmişəm,

di, dur, özünü tanı.

Bəs əlimdə tutduğum

şəkildəki qız hanı?..

 

...İndi o qız yoxdusa,

qadın olmusan demək.

Eh.. QADIN olmusansa,

yadın olmusan demək.

...Sal əlini aşağı,

bir də qoynuna qoyma.

Keçmiş günahlarını

mənim boynuma qoyma.

Ruslan Dost ƏLİ

 

Neçə dəfə şeir yazdın?

– Neçə dəfə üşümüsən?

– Qar dəfə!

– Neçə dəfə isinmisən?

– Qor dəfə!

Qarında da, qorunda da

Əlim yanıb hər dəfə.

– Neçə dəfə pirə getdin?

– Şər dəfə!

– Neçə dəfə şərdən çıxdın?

– Pir dəfə!

Gen günümdə pirə gedim

Heç olmasa, bir dəfə...

– Neçə dəfə çayda batdın?

– Kür dəfə!

– Neçə dəfə xilas oldun?

– Tir dəfə!

– Neçə dəfə balıq oldun?

– Tor dəfə.

– Neçə dəfə uduzmusan?

– Zor dəfə!

– Neçə dəfə cəhd elədin?

– Zər dəfə!

Yüz yaxşı iş

Qurban getdi bir səhvə...

Mən dünyanın mərkəziyəm,

Hara getsəm er dəfə!

Dolanmışam yer dəfə,

– Dünya düşür sümüyünə?

– Vur dəfə...

Şair oldum şeir dəfə...

– Neçə dəfə şeir yazdın?

– ...

Xəqani Həbiboğlu

 









Mədəniyyət