Lütfəli Abdullayev – 110
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Lütfəli Abdullayevin anadan olmasının 110 ilik yubileyi münasibətilə tədbir keçirilib.
Mərasimdə Əməkdar artist Əkbər Əlizadə çıxış edərək böyük sənətkarın həyat və yaradıcılığı barədə danışıb. O qeyd edib ki, Lütfəli Abdullayev vaxtilə bu məkanda Məşədi İbad obrazında səhnəyə çıxıb. “Arşın mal alan” operettasında Vəli rolunu oynayıb. 1938-ci ildə – Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda truppaya qəbul edilib.
Sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası nümayiş etdirilib. Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Hüseyn Əlili, Şaban Cəfərov, Aydan Həsənova, Elməddin Dadaşov, Təranə Əliyeva və başqaları iştirak ediblər.
S. Fidan
XQ