Daşkənddə “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi keçirilib.

Daşkənddəki Abdulla Qədirinin xatirə Muzeyində baş tutan sərgidə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev , Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirliklərinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, universitetlərin professor-müəllim heyəti, tələbələr iştirak edib. 

AMM-nin direktoru Samir Abbasov bildirib ki, artıq neçə illərdir ki, Özbəkistanın televiziya, radio, qəzet və saytlarının jurnalistlərinin Azərbaycana mediaturu təşkil olunur. jurnalistlər işğaldan azad olunan ərazilərimizdə-Ağdam, Füzuli, Şuşa və digər şəhər və kəndlərimizdə, ölkəmizin gəzməli-görməli yerlərində olur, müxtəlif səpkili materiallar hazırlayırlar. Ötən il ərzində Azərbaycanda olan jurnalistlər onlarla televiziya və radio verilişi, qəzet və saytlar üçün məqalə hazırlayıblar. 

Bu günkü sərgidə  Özbəkistanın tanınmış fotoqrafı Xusniddin Atayevin işğaldan azad edilən ərazilərimizdə çəkdiyi fotoşəkillər yer alıb. 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən danışıb, son illərdə Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb. 

Səfir Ermənistanın tarixən xalqımıza qarşı işğalçılıq siyasətindən danışıb, Qafqazla yanaşı, Mərkəzi Asiyada da erməni daşnaklarının həyata keçirdiyi qətliamlar barədə məlumat verib.

Fotoşəkillərin müəllifi Xusniddin Atayev deyib:”Səfər çərçivəsində Ağdam, Füzuli, Şuşa və işğaldan azad olunan digər ərazilərdə fotolar çəkmişəm. Mən o torpaqlarda gördüklərimdən heyrətə gəldim, sanki bu ərazilərdə güclü zəlzələ baş verib. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və digər şəhər və kəndlərdə daş-daş üstündə qalmayıb. Əbəs yerə xarici jurnalistlər Ağdamı “Azərbaycanın Xirosiması” adlandırmırlar. Onu da deyim ki,  sərgiyə çıxarılan fotolar onların yalnız bir hissəsidir. Gələcəkdə Qarabağ mövzusunda daha böyük sərgi keçirəcəyimə ümid  edirəm.  

Sonda iştirakçılar 2020-ci ildə AMM tərəfindən  yaradılan Qarabağ guşəsinə baxıblar. 

Guşəyə 5 dildə hazırlanan «Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı» adlı ensiklopedik kitab və Özbəkistanda hazırlanmış poçt markası hədiyyə edilib.

Sərgi fevralın 27-dək davam edəcək. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 

 

 









Mədəniyyət