Rəmziyyə Veysəlova – 110
Unudulmaz aktrisa Rəmziyyə Veysəlovanı yaxşı tanıyırdım. Çalışdığı Gəncə Dövlət Dram Teatrında bu sənətkarla dəfələrlə təmasda olmuşam, səhnədə yaratdığı silsilə obrazlarını görmüşəm. Həm də çox səmimi və həlim qəlbli bir xanım kimi yaddaşımda yaşayır.
...Heç yadımdan çıxmır. 1986-cı ildə Gəncə teatrının səhnəsində Yusif Əzimzadənin tərcüməsində tatar dramaturqu Şərif Xusainovun “Ana vüqarı” iki hissəli dramı quruluşçu rejissor Arif Ağayevin traktovkasında səhnəyə qoyuldu. Bu tamaşada mən də rol aldım, Kənan obrazını hazırladım. Premyera günü tamaşanın başlanmasına 10 dəqiqə qalanda qrim otağının qapısı qəfil açıldı. Bu böyük sənətkar əlində bir bardaq su və şokolad içəri girərək: “Anar, oğlum, səni təbrik edirəm. İnanıram ki, mənim kimi, sənin də arzuların yoluna işıq salacaq və yolun bu su kimi aydın olacaq” – dedi. Sənətkarın xeyir-duası müqabilində nə edəcəyimi bilmədim. Onun əllərindən öpüb, təşəkkürümü bildirdim. Beləcə, ilk səhnə xeyir-duamı bu əfsanəvi sənətkardan – Xalq artisti Rəmziyyə Veysəlovadan aldım.
1914-cü il fevral ayının 11-də Gürcüstanda anadan olan Rəmziyyə xanım əslən acar qızı idi. 1920-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulanda onun valideynləri öldürülüb, evləri müsadirə olunub, bütün qohumları isə Qazaxıstana sürgün olunub. Ailəyə çox yaxın olan Petinov adlı bir şəxs həm 6 yaşlı Rəmziyyəni, həm də qardaşı Neməti Nəriman Nərimanovun yanına gətirib. Böyük dövlət xadimi onları Bahar Ağalarovanın Bakıdakı uşaq evinə yerləşdirib. Bahar xanım uşaqları öz otağında saxlayıb, onları əsl analıq qayğısı ilə əhatə edib. Təəssüf ki, Rəmziyyə xanımın qardaşı Nemətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə isə Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil alıb, 7-ci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub.
İlk illərdə Bakı Türk İşçi Teatrının yardımcı heyətinə qəbul olunan Rəmziyyə Veysəlova kütləvi səhnələrdə epizodik rollar oynayıb. F. Pavlovun “Çin tanrısı”da Viyen, N. Paqodinin “Balta poeması”da Qız, V. Kirşonun “Küləklər şəhəri”də Qadın, Ə. Hamidin “Hind qızı”da Stelina, Ə. Fövzinin “Gizli əl”də Əsli, H. Nəzərlinin “Yollar”da Gülbahar obrazları onun ilk səhnə uğurlarındandır. Cazibədar görkəmi, məlahətli səsi, canlı və plastik hərəkətləri, iti yaddaşı Rəmziyyə Veysəlovanı fərqləndirən əsas amillərindən hesab olunub. O, ifadə vasitələrinin əlvanlığı ilə seçilib, orjinal, bədii-estetik cəhətdən kamil görünüb.
Rəmziyyə xanım bir müddət Şəkidə, sonra da Aşqabadda fəaliyyət göstərib. 1932-ci ilin sonlarında ömür-gün dostu – gənc fırça ustası, sonralar Gəncə Dövlət Dram Teatrında tərtibatçı rəssam və baş rəssam işləyən Bəhram Əfəndiyev Aşqabad teatrında işləməyə dəvət alıb. Bu minvalla aktrisa orada 3 ilə yaxın “Rəmziyyə” və “Rəmziyyə Əfəndiyeva” kimi çıxışlar edib. Aşqabad teatrının səhnəsində C. Cabbarlının “Yaşar”ında Yaqut, “Od gəlini”ndə Solmaz, V. Şekspirin “Otello”sunda Dezdemona, Ş.Saminin “Dəmirçi Gavə”sində Mehriban, Ə. Hamidin “Hind qızı”nda Elampa, A. Niyazovun “Qızıl orden”ində Ceyran və digər obrazları məharətlə oynayıb.
Sonra ailə Gəncəyə gəlir və Bəhramla o, teatr kollektivinə qəbul olunur. Qeyd etmək lazımdır ki, həmin dövrdə Gəncə teatrında geniş ampluada parlaq çıxış edən aktrisa yox idi. Rəmziyyənin həmyaşıdı Barat Şəkinskaya teatrdan inciyib, Bakıya getmişdi. Ona görə də təzə işçi tezliklə teatrın aparıcı aktrisasına çevrilə bilir. Klassik əsərlərdə möhtəşəm romantik xarakterlər, dünya ədəbiyyatı nümunələrində poetik realist obrazlar yaradan aktrisa Rəmziyyə Veysəlova Gəncə səhnəsində lirik-psixoloji üslubun aparıcı sənətkarlarından hesab edilir. Daim axtarışlar aparır, istedadını cilalayır və rejissorların ümidini doğruldur. Bu baxımdan onun M. F. Axundzadənin “Hacı Qara”da Tükəz, H. Cavidin “Şeyx Sənan”da Xumar, “Səyavuş”da Nina və Südabə, Ə. B. Haqverdiyevin “Bəxtsiz cavan”da Mehri xanım, C.Cabbarlının “Nəsrəddin şah”da Sitarə, “Od gəlini”ndə Gülsüm, “1905-ci ildə” tamaşasında Nabat, “Almaz”da Mariya Timofeyevna və Almaz, S.Vurğunun “Vaqif”ində Gülnar, Xuraman və Tükəzban, “Fərhad və Şirin”ində Məryəm, S. Rəhmanın “Küləklər”ində Firuzə xanım, “Toy”unda Kamilə, “Xoşbəxtlər”ində Sənubər obrazları maraqla baxılır və tamaşaçılar tərəfindən sevilirdi.
Rəmziyyə Veysəlova haqqında söhbət düşəndə oğlu Çingiz Yusifzadənin ömür-gün yoldaşı olan yazıcı-dramaturq Nüşabə Əsəd Məmmədli deyir: “Rəmziyyə xanım bütün varlığı ilə Azərbaycana bağlı insan idi. Həmişə fəxr edirdi ki, onun müəllimi böyük Hüseyin Cavid olub. Bakı Teatr Texnikumunda o, sənət korifeylərimiz Mehdi Məmmədov və Əli Zeynalovla birgə Cavid əfəndidən də dərs alıb. Həmişə deyirdi ki, böyük sənət əsərlərində rol alanda özünü xoşbəxt sayır. Teatrımızda qədim yunan dramarturgiyası, həmçinin böyük Şekspirin, Şillerin, Brextin və əlbəttə, Azərbaycan klassiklərinin ölməz əsərləri səhnə təcəssümünü Gəncə teatrında tapanda çox sevinirdi. Mən Rəmziyyə xanım haqqında fikirləşərkən ilk növbədə onun böyük sənətkar, teatr fədaisi olduğunu düşünürəm”.
Gəncə Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Rəhilə Məmmədova onu özünün sənət müəllimi adlandırır: “Yaxşı yadımdadır, Əlibala Hacızadənin “İtkin gəlin” pyesində Cahan Rəmziyyə Veysəlovadan sonra mənə tapşırıldı. Ancaq obraz həvalə olunsa da, sözlərini əzbərləmək üçün mətni vermədilər. Onda Rəmziyyə xanım məni öz evinə çağırıb, obrazın həm sözlərini, həm də mizanları öyrətdi. Həmin axşam gəlib tamaşanı oynadım. Səhnədə həddən artıq tələbkar Xalq artisti Sədayə Mustafayeva ilə tərəf-müqabil olmaq mənim üçün böyük imtahan idi. Buna baxmayaraq, bu sınaqdan çıxa bildim. Hətta teatrın o zamanlar baş rejissoru və bu tamaşanın quruluşçu rejissoru olan Respublikanın Əməkdar incəsənət xadimi Yusif Bağırov gəlib dedi ki, tamaşada Rəmziyyə Veysəlovanın yoxluğu heç bilinmədi, sanki yenə də o, özü oynayırdı... Etiraf edim ki, qocaman səhnə ustaları Rəmziyyə Veysəlova və Sədayə Mustafayeva olmasaydı, səhnə uğurunu heç vaxt dada bilməzdim”.
Xalq artisti Rəmziyyə Veysəlovanın Azərbaycan mədəniyyəti tarixində xidmətləri yüksək qiymətləndirilib. 1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1958-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Rəmziyyə Osman qızı Veysəlova 1993-cü il avqust ayının 22-də Gəncədə vəfat edib.
Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas