Böyük sənətdə ilk addımlar

post-img

Haqqında danışmaq istədiyimiz Dinara Məmmədova Azərbaycan milli baletinin əfsanələri Ədilə və Qəmər Almaszadələrin, Leyla Vəkilovanın, Sara Mirəliyevanın, Xumar Zülfüqarovanın, Rəfiqə Axundovanın, Mədinə Əliyevanın sənət yolunun layiqli davamçılarındandır. Onun adı ötən ilin yekunlarına görə, çalışdığı sahədə fərqləndiyinə görə Prezident mükafatına layiq görülən 10 gəncin sırasına düşüb. 

Tanınmış opera müğənnisi, tenor, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, beynəlxalq Qran-pri mükafatı laureatı, Xalq artis­ti Yusif Eyvazovun sosial şəbəkələrdə yazdığına görə, ölkəmizdə balet artistinin gənclər üçün Prezident mükafatına la­yiq görülməsi ilk dəfədir. Dinara artıq bir neçə ildir ki, özünü istedadlı və çalışqan gənc kimi göstərməklə bu sahədə peşə­karların və sənətsevərlərin diqqətini çəkə bilib.

Gənc balerina 1998-ci ildə Bakıda dünyaya gəlib. O, 7 yaşında Bakı Xore­oqrafiya Məktəbinin klassik bölməsinə daxil olub, son siniflərdə oxuduğu zaman Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb. 2016-cı ildə balet artistlərinin Qəmər Almaszadə adına I Beynəlxalq müsabiqəsində 2-ci mükafata layiq görü­lüb. 2017-ci ildə məktəbi uğurla bitirən Dinara həmin ildən fəaliyyətini Azərbay­can Dövlət Akademik Opera və Balet Te­atrının balet truppasında davam etdirir.

Dinara 2019-cu ildən teatrın repertua­rındakı seçilən əsərlərdə aparıcı partiya­ları – Qara Qarayevin “Leyli və Məcnun” baletində Leyli, “Yeddi gözəl” baletində Od, Pyotr Çaykovskinin “Şelkunçik” ba­letində Maşa, həmçinin Kukla, Şeytan, Markiza və Çin gəlinciyi, “Qu gölü” bale­tində kiçik qu quşunun rəqsi və Neapo­litan rəqsi (solo), Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Baycan, Astor Pyatsollanın “Məhəbbət tanqosu”nda Tereza, Fikrət Əmirovun “Min bir gecə” baletində 1-ci nağılda Qız, Adolf Adanın “Korsar” baletində Kəniz (solo), Lüdviq Minkusun “Don Kixot” baletində Amur, Arif Məlikovun “Məhəbbət əfsanəsi” bale­tində Şirin obrazlarını məharətlə ifa edib.

Gənc balet artisti Dinara Məmmə­dovanın dedikləri: “Prezidentin gənc­lər üçün mükafatına layiq görüldüyüm üçün çox sevincliyəm. Gənclərə daim diqqət və sevgi ilə yanaşan cənab İlham Əliyevə sonsuz minnətdaram. Bir gənc kimi müəyyən çalışmalarımın qiymətlən­dirilməsi mənə yeni yaradıcılıq stimulu verir. Çalışacağam ki, dövlətimizin və sənətimizin adını bundan sonra da uca tutum. Həmyaşıdlarıma da sevib-seç­dikləri sahədə yorulmadan çalışmağı töv­siyə edirəm”.

XQ

Mədəniyyət