“Bir dəlinin qeydləri” 30 ildən sonra

post-img

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Nikolay Qoqolun "Dəlinin gündəliyi" əsəri əsasında hazırlanan "Bir dəlinin qeydləri" monotamaşasının 30 illiyi qeyd olunub.

Teatrdan verilən məlumata görə, ilk dəfə 1994-cü ilin oktyabr ayında Xalq artisti Cənnət Səlimovanın quruluşunda teatrsevərlərə təqdim olunan tamaşada Poprişşin obrazını Əməkdar artist Şövqü Hüseynov canlandırıb. Tamaşanın nü­mayişindən əvvəl teatrın truppa rəhbəri Ələsgər Muradxanlı çıxış edərək səhnə əsərinin yaranma tarixindən, qazandığı uğurlardan söz açıb və yaradıcı heyəti təbrik edib, Şövqü Hüseynova teatr rəh­bərliyi adından gül dəstəsi verib. Sonra tamaşa nümayiş olunub.

Bu səhnə əsəri dünyanın bir çox ölkələrində nüfuzlu festivallarda iştirak edib. Şövqü Hüseynov dəfələrlə "Ən yaxşı kişi rolu"na görə mükafatlara layiq görülüb.

Tamaşada xırda dəftərxana məmu­ru Poprişşin öz müdirinin qızına vurulur. Lakin o, getdikcə ağlını itirməyə başlayır. Gah itlə danışır, gah özünü İspaniyanın kralı zənn edir, gah da gündəliyə “43 aprel 2000-ci il” kimi absurd tarix qoyur. Qey­ri-adi qeydlərin sonunda Poprişşin dəli olur. Tamaşaçı xırda bir məmurun dəli olma prosesinin canlı şahidinə çevrilir.

XQ

Mədəniyyət