“Əlamətdar və tarixi günlər təqvimi”

post-img

Ölkəmizdə “Əlamətdar və tarixi günlər təqvimi” 1961-ci ildən nəşr edilir. Gərəkli vəsaitin nəşri 1992-ci ildə dayandırılsa da, 2005-ci ildən bərpa olunub. Ötən illərdə təqvim daha da təkmilləşdirilib, mövzu üzrə bölmələrin sayı artırılmaqla nəşr daha əhatəli məlumat mənbəyi kimi formalaşıb. 

Mədəniyyət Nazirliyi aparatı struktur bölmələri və bütün mədəniyyət müəs­sisələri üçün tövsiyə olunan təqvimdən, eyni zamanda, müəllimlər, ziyalılar və me­dia nümayəndələri həvəslə istifadə edirlər. 

Azərbaycan Milli Kitabxanasının direk­toru, nəşrin baş redaktoru, Əməkdar mə­dəniyyət işçisi, professor Kərim Tahirov XQ-yə müsahibəsində bildirdi ki, kitabxa­nalarda, mədəniyyət müəssisələrində, te­atrlarda, kütləvi informasiya vasitələrində və digər qurumlarda bu kitaba böyük tələ­bat var: “Böyük zəhmət bahasına başa gələn təqvimin nəşrindən əsas məqsəd geniş oxucu kütləsi və mütəxəssislərə respublikanın ictimai-siyasi, iqtisadi, mə­dəni, elmi həyatında baş verən ən mü­hüm hadisələri, kitabxana işi haqqında və başqa dəqiqləşdirilmiş məlumatları çatdır­maqdır. Builki təqvimə də milli və dünya ədəbiyyatının, incəsənətin, müxtəlif elm sahələrinin ən görkəmli nümayəndələri haqqında, milli və beynəlxalq günlər, peşə bayramları barədə mühüm məlumatlar daxil edilib”.

Kitabın baş redaktoru qeyd etdi ki, təqvimdə istifadə edilmiş məlumatların mütləq mənada mənbələri də göstəri­lib. O, 2024-cü il üçün nəzərdə tutulmuş təqvimin spesifik xüsusiyyətlərindən də danışdı: “2024-cü il üçün hazırladığımız təqvimə Vətən müharibəsi zamanı həlak olmuş şəhidlərimizin hamısı barəsində məlumatlar dərc olunub. Bu kitab sanki şəhidlər barəsində salnamədir. Əvvəlki il­lərlə müqayisədə builki təqvimin səhifələri çoxaldılmış, məlumatlar daha da konkret­ləşdirilmişdir”.

Kərim Tahirov kitabın cildinin yaşıl rəngdə olmasını Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” olması ilə əlaqələndirdi. 

Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR (foto)
XQ

Mədəniyyət